Azərbaycanın ən böyük müstəqil informasiya agentliyi olan Trend Beynəlxalq İnformasiya Agentliyi dünya miqyasında yüksək etimad səviyyəsinə malikdir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Giboi Şuşada keçirilən III Qlobal Media Forumu çərçivəsində bildirib.
"Biz Trend agentliyi ilə çox səmərəli tərəfdaşlıq formalaşdırmışıq. Trend BİA beynəlxalq arenada yüksək etimada sahibdir, müstəsna beynəlxalq əlaqələr qurub və etibarlı, peşəkar jurnalistikanın nümunəsi kimi çıxış edir", - deyə Giboi qeyd edib.
Onun sözlərinə görə, məhz Trend kimi agentliklər sayəsində bu gün artmaqda olan informasiya xaosu, dezinformasiya və manipulyasiyalar fonunda etibarlı beynəlxalq informasiya mühitinin inkişafı mümkündür.
"Məsələn, biz Balkan regionu və Mərkəzi Avropadan olan agentlikləri birləşdirən bir layihə həyata keçiririk ki, keyfiyyətli kontent yaradaq. Bunu isə ona görə edirik ki, etibarlı mənbələrin dəyərini bilirik. Trend məhz belə mənbələrdən biridir", - deyə Giboi əlavə edib.
EANA baş katibi vurğulayıb ki, Azərbaycan Trend BİA vasitəsilə Avropanın ən böyük xəbər agentlikləri alyansının tamhüquqlu üzvüdür.
"Biz 33 ölkədən olan 33 agentliyi birləşdiririk - həm özəl, həm də dövlət agentliklərini. Əminik ki, bu əməkdaşlıq hər iki tərəfə fayda verir", - deyə Giboi bildirib.
O həmçinin xəbər agentliklərinin ictimai etimadın formalaşmasındakı xüsusi roluna diqqət çəkib.
"Bizim vəzifəmiz faktları olduğu kimi təqdim etməkdir ki, insanlar düzgün nəticələr çıxara bilsinlər", - deyə EANA baş katibi əlavə edib.
Milli.Az