2023-cü ilin avqust ayından etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi sürücüləri üçün təlimlər təşkil edilir. Ötən il qanunvericiliyə edilmiş dəyişikliklərə qədər Bakıda 67-70 min taksi fəaliyyət göstərirdisə, bu say 35 minə düşmüşdü.
Lakin son bir ildə vəziyyət əvvəlkinə doğru qayıdır. Şəhərdə yenidən taksilərin sayı sürətlə artır. Bu sahə bir çoxları üçün gəlir mənbəsinə çevrilib.
"Uber", "Bolt" və s. taksi şirkətləri ilk əvvəldə qiymətləri artırsalar da bu il artıq onların da qiymət strategiyası dəyişdi. Qiymətlərdə ciddi azalmalar özünü göstərir, minimal ödəniş 2 manat 60 qəpikdən başlasa da, taksi qiymətlərini hazırda yüksək hesab etmək olmaz. 10-12 km məsafələrdə 3,5 - 4 manat tarif hesablanır.
Bu vəziyyətdən ən çox əziyyət çəkənlər isə sürücülər olur. Bugün taksi sürücüləri ən az 12-14 saat işləmək məcburiyyətindədir.
AYNA tərəfindən irəli sürülən dəyişikliklərdən sonra Bakıda taksi parkı yeniləndi, yeni avtomobillər gətirildi, sürücülərə də təlimlər keçirilib, lisenziyalar verildi. Ancaq əsas məsələ dəyişmədi, həmin sürücülər yeni avtomobilləri yenə 12-14 saat idarə edirlər, bu hal da keyfiyyəti aşağı salan əsas amildir. Sürücüləri 12-14 saat işləməyə məvbur etməklə onların işindən keyfiyyət gözləmək olmaz.
Dünən Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza əslində bütün bu çatışmazlıqların siqnallarındandır. "Bolt" şirkəti tələsik açıqlama yayaraq bildirdi qəzanı törədən avtomobilin buraxılış kartı 8 Aprel tarixində ləğv olunub: "Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir".
Bir sözlə şirkət məsuliyyəti boynundan atdı sürücünün üstünə, həmişəki kimi ölən (bu dəfə yaralanan) günahkardır.
Sırf qəzada günahkar olsa da, sistemdə olan ciddi çatışmazlıqlar bu tip qəzaları, qanun pozuntularını qaçınılmaz edir.
Asif Mehman
Milli.Az