Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə ARVK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, ardınca Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə açıq elan edilib.
Mərasimdə ARVK-nın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək namizədləri səmimi-qəlbdən təbrik edib, onların gələcək peşə fəaliyyətində uğurlar qazanacağına inandığını söyləyib.
Vəkillik peşəsinin yüksək etik dəyərlərə və məsuliyyətə əsaslanan bir fəaliyyət sahəsi olduğunu deyən əməkdar hüquqşünas gənc vəkillərə daim insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, hüquqi biliklərini davamlı olaraq təkmilləşdirməyi, habelə vəkillik nüfuzunun qorunması istiqamətində əzmlə çalışmağı tövsiyə edib.
Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək ARVK üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər. Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim edilib.
Mərasimdə çıxış edən yeni qəbul olunmuş vəkillər peşəyə yiyələndikləri üçün böyük qürur hissi keçirdiklərini ifadə edib, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının ardıcıl və sistemli şəkildə təşkilinə görə ARVK Rəyasət Heyətinə təşəkkürlərini bildiriblər.
Tədbirin ikinci hissəsində isə fəaliyyəti dövründə fərqlənmiş və yubiley yaşı tamam olmuş Kollegiyanın bir qrup üzvü təltif olunub.
Eyni zamanda mərasim çərçivəsində ARVK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Milli.Az