19:35
Bir gündə üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub.
Milli.Az TƏBİB-ə istinadən xəbər verir ki, doğuşlardan ikisi Bakıda, biri isə Quba rayonunda gerçəkləşib.
Məlumata görə, 25.08.2025-ci il tarixində saat 23:50 radələrində Bakı şəhərinin Sabunçu rayonundan, 26.08.2025-ci il tarixində saat 02:50 radələrində Xəzər rayonundan, 26.08.2025-ci il tarixində saat 06:00 radələrində isə Quba rayonunun Qalayxudat kəndi ərazisindən doğuş prosesi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub və tibb müəssisələrinə hospitalizasiya zamanı hamilələrin doğuş prosesi başlayıb.
Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə, doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində qüsursuz şəkildə idarə olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 2 zahı qadın və yenidoğulmuşları Sabunçu Tibb Mərkəzinin Doğum şöbəsinə, 1 zahı qadın və yenidoğulmuşu isə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Perinatal Mərkəzə hospitalizasiya olunublar.
Hazırda müvafiq şöbələrdə anaların və körpələrin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
-------------
13:37
Quba rayonunun Qalayxudat kəndi ərazisində 40 həftəlik hamilənin doğuş prosesi tibbi yardım briqadası tərəfindən evdə icra olunub.
Milli.Az xəbər verir ki, doğuşun başlaması ilə bağlı avqustun 26-sı, saat 06:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış ünvanına Xınalıq təcili tibbi yardım briqadası cəlb edilib. Çəkisi 2 kq. 800 qram olan (qız) körpə doğulub.
Daha sonra təcili tibbi yardım briqadası tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb.
Hazırda ananın və körpənin müalicəsi xəstəxana şəraitində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Milli.Az





