Mingəçevir şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni İstilik Elektrik Stansiyasının (İES) 2025-ci ilin 1-ci yarısında istismara veriləcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Hesabata əsasən, ümumi gücü 1880 meqavat təşkil edən İES-in tikinti işləri başa çatıb, avadanlıqlar (4 ədəd util qazan, 4 ədəd qaz turbini, 4 ədəd elektrik generatoru, 4 ədəd güc transformatoru) quraşdırılıb və ilkin olaraq 1 saylı qaz turbini ve 7 saylı buxar turbini test rejimində işə salınaraq enerji sistemə qoşulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki "Azərbaycan" İES-in ərazisində "Azərenerji" tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Bu stansiya "Azərbaycan" İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək.
Paralel olaraq, ümumi səmərəliliyi artırmaq üçün "Azərbaycan" İES-in 7-ci və 8-ci enerji bloklarının mövcud buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilərək, 1280 meqavatlıq yeni stansiya ilə əlaqələndiriləcək. Belə ki, 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7-ci və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ümumi güc 1880 meqavat təşkil edəcək və beləliklə ildə 0,8-1,2 mlrd. kubmetr qaza qənaət olunacaq. Bu isə o deməkdir ki, yeni stansiyaya qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq. Eyni zamanda, yüksək səmərəliliyə malik generasiya kompleksinin formalaşdırılması ilə faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq və illik istehsal 12,5 mlrd. kilovat-saat təşkil edəcək.
Milli.Az