2024-cü il noyabrın 11-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Eco Hub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi "Ekoloji məsələlərinin həllində əməkdaşlıq: şirkətlərin ətraf mühit fəaliyyətlərində QHT-lərin rolu" mövzusunda yan tədbir keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, ETSN yanında İctimai Şuranın katibi, sözügedən İctimai Birliyin sədri Tükəzban Ağababayeva bildirib ki, məqsəd ekoloji problemlərin həllində QHT-lərin vacib rolunu geniş auditoriyaya çatdırmaq və şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığın əhəmiyyətini önə çıxarmaqdır.
Yan tədbirdə "Azərbaycanın ekoloji məsələlərinin həllində dövlət-özəl sektor tərəfdaşlığı", "Dairəvi iqtisadiyyat: Azərbaycanda tullantıların effektiv idarəedilməsinə birgə yanaşmalar", "Su resurslarının təhlükəsizliyi - suyun dayanıqlı idarəedilməsi üçün tərəfdaşlıqlar" adlı panel müzakirələr təşkil olunub, ətraflı fikir mübadilələri aparılıb.
Tədbirdə korporativ sosial məsuliyyət (KSM) proqramları çərçivəsində ətraf mühit fəaliyyətlərini gücləndirmək üçün praktiki həll yolları təklif olunub və bu əməkdaşlığın uzunmüddətli sosial-iqtisadi təsirləri vurğulanıb.
Milli.Az