Ölkə

Kirayə qiymətləri kəskin ARTDI – Günlük 300 manata...

30 Oktyabr 2024 13:03
Baxış: 1 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər yenidən artmağa başlayıb. Buna səbəb COP29-a sayılı günlər qalmasıdır. Əmlakçılar şəhərə minlərlə qonağın gələcəyindən istifadə edərək günlük kirayə verilən evlərin qiymətlərini qaldırıblar. Kirayə mənzil qiymətlərinin noyabr ayında daha da artması gözlənilir.

Milli.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda Bakıda turistlərin kirayə qalması üçün yetərli sayda mənzil var: 

"Hansısa bir dövlət tədbiri olanda siyahıda nəzərdə tutulan qonaqların hər biri dövlət tərəfindən otel və yerləşdirmə ilə təmin olunur. Yəqin ki, dövlət qurumları COP29-la bağlı da aidiyyəti tədbirləri görüb. Başqa tərəfdən, qonaqlar otel və mənzillərlə təmin olunacaqlar. Çünki Bakı şəhərində təxminən 2300-ə yaxın yeni tikili binalar var ki, həmin binların müəyyən bir qismi kirayə üçün nəzərdə tutulub. Onların əksər hissəsi boş vəziyyətdədir, çünki bu mənzillərin aylıq kirayə qiymətləri yerli vətəndaşların maddi gücünə uyğun gəlmir. Yəni onların satış qiymətləri baha olduğu üçün, kirayə qiymətləri də bahadır". 

Ekspertin fikrincə, COP29-un keçiriləcəyi noyabr ayında qiymətlər daha da yüksələcək:

"Düşünürəm ki, gələn əlavə qonaqlara həmin evləri gündəlik kirayə verməklə, onları həmin mənzillərə yerləşdirmək olar. Gələn qonaqların hər birinin 2 həftəyə qədər Bakıda qalacağını düşünmürəm. Yəqin ki, bəlli bir zaman çərçivəsində bir hissəsi gəlib qayıdacaq və daha sonra digər hissəsi gələcək. Eyni zamanda, gələn bütün qonaqların tədbirdə iştirak etməsi üçün o həcmdə konfrans zalı və stadion yoxdur. Amma ümumən baxsaq, mənzil bazarında gündəlik kirayələrin qiymətləri bahadır. Bu turistik zonalarda daha yüksəkdir. Mövsümi aylarda minimum 50 manatdan başlayan günlük qiymətlər 300-500 manat arası dəyişir. Bakı şəhərində də eyni tendensiya müşahidə olunur. Paytaxtda gündəlik evlər 70 manatdan başlayır və 250-300 manata qədər gedib çıxır. Qiymətlər illərdir bu formada özünü saxlayıb. Yəqin ki, tədbir ərəfəsində tələbatdan asılı olaraq qiymətlər az da olsa, artacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.