Ölkə

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 950-dən çox daimi iş yeri yaradılacaq

5 Oktyabr 2024 13:42
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət başçısının 3 oktyabr tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna tarixi səfəri çərçivəsində bir sıra əlamətdar hadisələrin reallaşmasına şahidlik etdik. Səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında da bir sıra sənaye müəssisələrin təməlqoyma mərasimi keçirildi. Belə ki, 3 müəssisənin təməli qoyuldu.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.

O qeyd edib ki, təməli qoyulan müəssisələr tərəfindən Sənaye Parkının ərazisində tamet daşlarının, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı, həmçinin mebel klasterinin yaradılması layihələri həyata keçiriləcək.

"Bu sözügedən müəssisələrin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektoru məhsullarının istehsalının artırılmasına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin işlə təmin edilməsinə mühüm töhfə verəcək, ən əsası isə Qarabağın sənaye potensialının bərpasına köməklik göstərəcək.

3 müəssisə tərəfindən Sənaye Parkına ümumilikdə 60 milyon manatdan artıq investisiyanın yatırılması, 950-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisələrdə istehsal ediləcək məhsullar ilk növbədə daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə xarici bazara satılması planlaşdırılır.

Qeyd edim ki, 200 hektar ərazini əhatə edən Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Sənaye Parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkında görülmüş işlərə 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb. Sənaye Parkında işəgötürmə prosesində Cəbrayıl və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir.

Hazırda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 1 müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.

Sonda onu diqqətə çatdırım ki, ölkəmizdə fəaliyyətə göstərən sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.