Ölkə

“Seçkilər ədalətli və şəffaf olub”

2 Sentyabr 2024 17:51
Baxış: 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənim səsim" Seçki Monitorinq Koalisiyası 1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Parlament seçkilərinin səsvermə gününün müşahidəsi ilə bağlı bəyanat yayıb.

Milli.Az bəyanatın tam mətnin təqdim edir:

3 qeyri-hökumət təşkilatının - "Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti", "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi", "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin təsis etdiyi "Mənim səsim" Seçki Monitorinq Koalisiyası Azərbaycanda növbədənkənar parlament seçkilərinin elan edildiyi gündən seçki proseslərini fasiləsiz monitorinq edir. Koalisiyamızın işində tanınmış professor, sosioloq Əhməd Qəşəmoğlu və siyasi ekspert Adəm İsmayıl Bakuvi də yaxından iştirak edir.

Koalisiya seçki prosesinə güclü ictimai nəzarəti təmin etməklə, prosesin gedişatı barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandırır. Seçki gününə qədər Koalisiya seçki dairələri və məntəqələri üzrə seçki müşahidəçilərini müəyyən edib, onlara peşəkar təlimlər keçib. Koalisiya seçki gününə qədər namizədlərlə, xarici müşahidəçilərlə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası ilə görüşlər keçirib, davamlı məlumat mübadiləsi aparıb, zəruri qeydlər götürüb, izləmələr, müşahidələr və təhlillər əsasında aralıq hesabat hazırlayıb, ictimaiyyətə açıqlayıb.

Aralıq hesabatında qeyd olunduğu kimi, respublikanın heç bir yerində imzatoplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən, amma MSK tərəfindən qeydə alınmayan şəxslər tərəfindən bildirilən məlumatlara görə, iradlar əsasən sənədləşmədəki qüsurlarla bağlı olub.

1 sentyabr 2024-cü il - seçki günü "Mənim səsim" Seçki Monitorinq Koalisiyası beynəlxalq standartlara uyğun seçki müşahidəçiliyi aparıb. Koalisiyanın 533 nəfər seçki müşahidəçisi tərəfindən Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, respublikanın bütün ərazisində, seçki dairələrinin ümumi sayının 56%-ni təşkil edən 70 Seçki Dairəsində müşahidə aparılıb. Müşahidəçilərimizin içərisində qadınlar və gənclər üstünlük təşkil edib.

Dünən seçki günü - peşəkar müşahidəçilərimizdən toplanmış bütün məlumatlar, qeydlər Koalisiyaya cəlb edilmiş ekspertlərin də iştirakı ilə ətraflı təhlil olunur.

İlkin olaraq qeyd edirik ki, seçkiöncəsi namizədlər arasında mediada debatların olmaması, parlament seçkiləri mövzusunda diskussiyaların azlığı qeydə alınıb və buna görə də seçicilərin namizədlər barədə müqayisəli seçim imkanı geniş olmayıb. Bir sıra namizədlər seçicilərlə ünsiyyət qurmaq üçün sosial mediadan geniş istifadə etsələr də, bu ənənəvi KİV-lərdə təşviqat kampaniyasının aparılmasını əvəz edə bilməyib. Beləliklə, müşahidə apardığımız 70 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz aşağıdakı nəticələrə gəlməyə imkan verir:

- Səsvermədə seçici fəallığı 30 faizdən artıq olub;

- Seçkilər ölkənin 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir;

- Qadınlar arasında 26 namizəd ilkin nəticələrin açıqlamalarına görə qalib gəlib, onun 14-ü YAP, 10 nəfəri bitərəf, 1 nəfəri VHP, 1 nəfəri də "Ana Vətən" Partiyasının təmsilçiləridir. İlkin nəticələrə görə, qadınların parlamentdə sayının artması müşahidə edilir;

- Seçki məntəqələrində Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn məsələlər - səsvermə kabinələri, səsvermə qutuları, texniki təchizat əsasən tələblərə uyğun olub;

- Seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olması, kabinələrdən istifadə edərək gizli səsvermələri üçün lazımi şərait yaradılıb;

- "Mənim səsim" Seçki Monitorinq Koalisiyasının müşahidəçilərinə prosesi sərbəst izləməyə maneə törədilməsi halı qeydə alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb;

- Seçki məntəqələrində foto və video çəkiliş aparmaq, internet resurslarından istifadə ilə bağlı, media nümayəndələrinin işinə müdaxilə faktı və ya bu barədə məntəqələrdəki jurnalistlərdən Koalisiyaya hər hansı şikayət edilməsi halı qeydə alınmayıb;

- məntəqələrdə çağırış olmadan rəsmi dövlət qurumlarından, polis nümayəndələrindən heç kimin seçki məntəqələrinə daxil olması halı müşahidə edilməyib;

- səsvermə prosesi seçki məntəqələrində vaxtında başlayıb və dayandırılıb, səslərin sayılması əsasən qanunauyğun təşkil edilib.

Müşahidəçilərimiz tərəfindən prosedurların aparılması ilə əlaqədar bəzi texniki məzmunlu nöqsanlar da qeydə alınıb ki, onlar seçkinin ümumi nəticəsinə təsir gücündə deyildir.

Mərkəzi Seçki Komissiyasını bu cür texniki məsələlərə, eləcə də hər bir müraciətə diqqətlə yanaşmağa, məsələləri ətraflı, şəffaf şəkildə araşdırılmağa və müvafiq qərarlar qəbul etməyə çağırırıq.

Ötən parlament seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. Bizim koalisiyadan başqa, müxtəlif QHT-lərin yaratdığı koalisiyalar da mövcud olub, həmkarlarımız da ictimai nəzarəti təmin edib. Bundan başqa, çoxlu sayda ayrı-ayrı QHT-lər də respublika üzrə seçki müşahidəçiliyi aparıb.

Qeyd etdiyimiz kimi, müşahidəçilərimiz Qarabağ və Şərqi Zəngəzurda da seçkiləri müşahidə edib, Xankəndi, Şuşa, Xocalı, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçında seçki məntəqələrində olublar. Həmin bölgələrdə seçicilərin ilk dəfə azad edilmiş ərazilərdə keçirilən parlament seçkilərə daha həvəslə gəlməsi müşahidə olunub.

Seçki günü müşahidə apardığımız 70 seçki dairəsi üzrə məntəqələrdə gördüklərimiz əsasında deyə bilərik ki, 1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkiləri şəffaf və ədalətli olub.

"Mənim səsim" Seçki Monitorinq Koalisiyası səsvermə günündən sonra da monitorinq prosesini davam etdirəcək. İndi biz monitorinqimizin yekun fazasına daxil olmuşuq. Hazırda seçkilərlə bağlı yekun hesabat üzərində işləyirik, seçki prosesi tam başa çatandan sonra yekun hesabat da ictimaiyyətə açıqlanacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.