Ölkə

Minatəmizləməyə indiyədək nə qədər pul xərclənib?

20 Avqust 2024 12:42
Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Azərbaycan hökuməti 2023-cü ildə minalarla mübarizəyə dövlət büdcəsindən 110.2 milyon manat (64.82 milyon ABŞ dolları) sərf edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, Azərbaycan 2024-ci ildə minatəmizləmə fəaliyyəti üçün Səudiyyə Ərəbistanı Krallığından 3 milyon ABŞ dolları məbləğində maliyyə yardımı alıb. 2024-cü ildə Azərbaycanda minalarla mübarizə üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

"Avropa İttifaqı (Aİ) və onun 10 üzv dövlətinin "Team Europe" proqramı çərçivəsində Azərbaycanda minalarla mübarizə üçün ayrılmış 10 milyon Avro maliyyə yardımının son 2 milyon avro məbləğində olan hissəsini verib. Bu yardım texniki yardım, bacarıqların artırılması, mina təhlükəsinə qarşı maarifləndirmə və mina qurbanlarına yardımı əhatə edəcək. Aİ və üzv dövlətlər tərəfindən yardımın 13 milyon avroya çatdırılacağı gözlənilir. Avropa Komandası Təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanda humanitar mina təmizləmə proqramına və mina qurbanlarına dəstəyini davam etdirəcək.

Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro ayırıb.

Bundan başqa, Birləşmiş Krallıq hökuməti Azərbaycanda minalarla mübarizəyə son üç ildə 1,5 milyon funt sterlinq vəsait ayırıb. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon ABŞ dolları ayırıb. 2020-ci ilin noyabr ayından bu günə kimi 4.5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarını həyata keçirtmək üçün ayrılıb, əlavə olaraq 2 milyon ABŞ dollarının ayrılması gözlənilir.

"Azərbaycan Respublikasında həyata keçirilən minatəmizləmə fəaliyyətinə maliyyə yardımlarının yalnız 4-5%-i beynəlxalq donorların payına düşür. UNDP, UNICEF, UNHCR, Avropa Birliyi, ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Yaponiya İnkişaf Agentliyi, Türkiyə Respublikası tərəfindən bu istiqamətdə müxtəlif sahələr üzrə fəaliyyətlərə maliyyə dəstəyi göstərilmişdir. Xüsusən qadın minaaxtaran qrupları, minaaxtaran siçovullarla təmizləmə, Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) tədbirləri, texniki dəstək istiqamətində beynəlxalq maliyyə yardımı göstərilib.

Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır."

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.