Ölkə

Azərbaycanda tut ağaclarında kütləvi xəstəlik yayılıb - FOTO

16 İyul 2024 14:24
Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunda tut ağaclarının yarpaqlarında kütləvi xəstəlik yayılıb.

Milli.Az xəbər veri ki, bu barədə İqtisadiyyat.az-a rayon sakinləri məlumat veriblər.

İndiyədək belə bir halın baş vermədiyini söyləyən yerli sakinlər ilk dəfədir tut yarpaqlarında xəstəlik yayılması faktı ilə rastlaşdıqlarını bildiriblər.

Onlar deyiblər ki, bəzi ağacların yarpaqları xəstəlik səbəbindən, demək olar ki, quruyaraq tökülüb.

Sakinlər bu xəstəliyin yarpaqlardan sonra ağacların budaqlarına və gövdəsinə keçmə ehtimalından narahatlıqlarını ifadə ediblər:

"Biz əsasən ondan narahatıq ki, bu xəstəlik ağacların özünü də qurudar. İlk dəfədir belə bir halla rastlaşırıq. Fikrimcə, bu vəziyyəti isti hava və ya şüa ilə əlaqələndirmək düzgün deyil. Çünki indiyə qədər belə bir hal baş verməmişdi. Belə bir vəziyyətin baş verməsi bizə də qaranlıqdır".

Məsələ ilə bağlı kənd təsərrüfatı və ekoloji məsələlər üzrə mütəxəssis Mirsahib Zəkiyev bildirib ki, tut ağacının yarpaqları və giləmeyvələri mineral maddələrlə, üzvi turşularla, şəkərlə zəngin olduğu üçün daim insanlar və heyvanat aləmi üçün, həmçinin həşəratlar üçün cəlbedici olub.

O xatırladıb ki, dünyanın ən qiymətli və möhkəm ipliyi olan ipəyin istehsalı da məhz tut ipəkqurdunun (barama qurdunun) tut yarpaqları ilə qidalandıqdan ifraz etdiyi ağ rəngli qatranabənzər mayenin barama qurdunun barama sarıması nəticəsində baş verir:

"Odur ki, tut ağacının gövdəsi və budaqları, yarpaqları daim müxtəlif növ polifaq zərərvericilərin hücumuna məruz qalır. Tut ağacına ən böyük zərər verən polifaq yarpaq yastıcası və müxtəlif növ sovkalardır. Bunların arasında pambıq sovkası, meyvə ağaclarına zərər verən qurdlar və s. geniş yayılıb. Əsasən, əkin sahələrinə yaxın yerlərdə əkilmiş tut ağaclarının gövdələrində və yarpaqlarında qeyd olunan parazitlər müşahidə olunub. Zərərvericiləri tut ağacının gövdəsi, cavan budaqları və yarpaqları ilə qidalandıqdan sonra ağacın ümumi inkişafı zəifləyir, uzun illər davam edərsə, ağacın inkişafı dayanır".

Mütəxəssisin sözlərinə görə, zərərvericilərlə mübarizədə əsasən çöl quşları, müxtəlif növ arılar, parabüzənlər və böcəklərin rolu böyükdür. Çünki onlar bu zərərvericilərlə qidalanırlar. Kimyəvi mübarizə aparmaq üçün müxtəlif kimyəvi tərkibli insektisidlərin (fumiqant və kontakt tərkibli pestisidlərin) tətbiq edilməsi məsləhət görülür.

Qeyd edək ki, tut ağaclarının yarpaqlarındakı xəstəlik faktı rayonun əksər ərazisində müşahidə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.