Ölkə

Taksilərlə bağlı yeni tələblər metroda qatarların artıra bilər

2 İyul 2024 16:55
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq iyulun 1-dən etibarən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilməyəcək. Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də qeyd edilir ki, , buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Həmçinin bu gündən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

Cari ayın əvvəlindən qüvvəyə minən bu tələbələr səbəbindən taksi qiymətlərində artım müşahidə edilir. Sözügedən artım səbəbindən ictimai nəqliyyatda əhali sıxlıq olması qaçılmazdır.

Bəs, ictimai nəqliyyatda əhali sıxlığının qarşısının alınması üçün hansı tədbir atılacaq?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in sualını cavablayarkən bildirib ki, əgər sərnişin sayında hər hansı bir artım müşahidə olunarsa, ehtiyat qatarların dərhal xəttə verilməsində hər hansı bir problem yaşanmayacaq.

"Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq qərar imzalandıqdan sonra Bakı Metropoliteni müxtəlif dövrlərdə monitorinq tədbirlər planına bu məsələ xüsusi olaraq salınıb. Hazırda yay dövrü olduğu üçün sərnişinlərin sayında azalma olur. Hər gün sərnişin axınının tənzimlənməsi üzrə müvafiq tədbirlər görülməsi üçün hazırlıq vəziyyəti var. Əgər sərnişin sayında hər hansı bir artım müşahidə olunarsa, ehtiyat qatarların dərhal xəttə verilməsində hər hansı bir problem yaşanmayacaq. Ümumiyyətlə bu proses davamlı olarsa, qatarların hərəkət qrafikinə baxılması və müvafiq düzəlişlərin edilməsi istisna edilmir", - deyə o əlavə edib.

Milli.Az bildirir ki,  məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, taksilərlə bağlı qüvvəyə minən tələblər ictimi nəqliyyatda müəyyən mənada balans yaradacaq.

"Müvafiq qurumlan elan ediblər ki, taksilərin sayının azalması avtobus və metroda qatarların sayının artması ilə müşahidə olunacaq və balans yaranacaq. İctimai nəqliyyatda qatar və avtobus sayının artması intervalı azalda bilər.

Elan olunub ki, payızda ölkəmizə 150 yeni elektrik mühərrikli avtobuslar gətiriləcək. Bu sayda avtobus gətirilsə, düşünürəm ki, ictimai nəqliyyatda problemlər aradan qaldırıla bilər", - deyə ekspert vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Trend-in suallarını cavablandırarkən bildirib ki, ictimai nəqliyyatda xidmət keyfiyyəti taksi sahəsindəki islahatlarla paralel aparılmalıdır.

"Ötən ilin iyul ayından bəri qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Əsas hədəf odur ki, taksi fəaliyyətində xaos aradan qaldırılsın, xidmət yaxşılaşdırılsın. Hər kəs istəyər ki, istənilən xidmət sahəsində nizam-intizam olsun. Həm də yollarda təhlükəsizlik təmin olunur. Taksi fəaliyyətinin belə geniş yayılmasının iki səbəbi var. Birincisi odur ki, ictimai nəqliyyat qaydasında deyil. Taksilər ictimai nəqliyyat rolunu yerinə yetirirdilər. Onlara belə çox tələbatın olmasının səbəbi avtobusların ya az olması, ya da qane etməməsidir.

İkinci səbəb isə, bəzi insanlara taksi fəaliyyəti daha rahat gəlir, qazanv mənbəyi olaraq görürdülər. İndi bu islahatlar o vaxt özünü doğruladacaq ki, ictimai nəqliyyat inkişaf etsin. Məsələn, Abşeron yarımadasında elə yerlər var ki, orada marşrutlar yoxdur və ya zamanında işləmir. İctimai nəqliyyatda xidmət keyfiyyəti taksi sahəsindəki islahatlarla paralel aparılmalıdır. Avtobuslara əlçatanlıq təmin edilməlidir, dəqiq qrafiklə işləməlidirlər, sürücülər mədəni, avtobuslar təmiz olmalıdır. Bu istiqamətdə işlər görülsə, problemlər aradan qaldırılacaq", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.