Mədəniyyət

Qrup sərgisi - “Hər şey yaxşı olacaq: Sabah və ya nə vaxtsa”

4 İyul 2024 18:33
Baxış: 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YAY Qalereyası böyük məmnuniyyətlə yenidən açılışını elan edir! YAY bu dəfə Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Aida Mahmudova, Qafar Rzayev, Zamir Süleymanov və CHINGIZ-in əsərlərindən ibarət "Hər şey yaxşı olacaq: Sabah və ya nə vaxtsa" adlı qrup sərgisini təqdim edir.

Sərginin kuratoru: Zəhra Məmmədova

"İncəsənət ümidin ən yüksək formasıdır"

Gerhard Rixter

Bu sərgi, tamaşaçını incəsənətin dəyişikliklərə səbəb olmaq kimi əzmini və qüdrətini nəzərdən keçirməyə məcbur etməklə, "incəsənət - eyni zamanda həm güzgü, həm də bir vasitədir" düşüncəsi ilə üz-üzə qoyur. Müxtəlif medialarda çalışan və fərqli təcrübələri olan səkkiz rəssam, bu sərgidə bir araya gəlib və onlardan hər biri, bu dəyişiklik gücünə - üst-üstə düşən və bir-birinə bağlı olan paralel həqiqətlərə bənzərsiz baxış təqdim edir. 

Bizə burada müasir dilemmalardan tutmuş introspektiv səyahətlərə qədər geniş mövzuları araşdırmaq təklif olunur. Rəssamlar zaman və məkan anlayışının mürəkkəblikləri arasında məna axtarmaqla liminal məkanları araşdırırlar. Onlar bizim kim olduğumuzu və əqidəmizi götür-qoy etməyə məcbur edərək, identiklik və kimlik məsələsini araşdırırlar. Ekspozisiya özündə rəssam "gündəliyini" ehtiva edir. Bu gündəlik, bəlkə də, rəssamın şəxsən özü üçün məna kəsb edir, amma eyni zamanda tamaşaçı üçün rezonans doğurur və kollektiv təcrübəni əks etdirir.

Əsərlərdə bizim ictimai-siyasi reallığımız ilə dialoq, ruhumuza ünvanlanan və onunla danışan səmimi, açıq bir söhbət var. Axı suallar qarşısında tam çılpaqlıqla dayanmaqdan daha gözəl nə ola bilər? Suallar baş qaldırır, onlar bizi konflikt və xaosu nəzərdən keçirməyə, eyni zamanda daxili aləmdə gözəllik və məqsəd tapmağa məcbur edir... Hər bir rəssam, özünəməxsus şəkildə öz dövrünün həqiqət carçısı sayıla bilər və bizi öz hekayələrində məna tapmağa dəvət edir. Sərginin başlıca məqsədi, müəyyən "düşüncə toxumlarının" cücərməsinə sövq etmək, insanları çətin dövrlərdə incəsənətin gücünə inanmağa vadar etməkdir. Hələ ki, sənətçilər öz hekayələri və baxış bucaqları ilə bölüşür, biz təsəlli tapa və daha gözəl gələcəyə ümid bəsləyə bilərik.

YAY haqqında:

2012-ci ildə yaradılmış YAY Qalereyası UNESCO-nun dünya irsi siyahısına daxil olan Bakının qədim İçərişəhərində yerləşir.

Qalereya, Azərbaycanda incəsənət infrastrukturunu dəstəkləmək öhdəliyi çərçivəsində qeyri-kommersiya təşkilatı olan YARAT Müasir İncəsənət Məkanı tərəfindən təsis edilib.

YAY Qalereyasının əsas fəaliyyəti Azərbaycan və digər ölkələrdən olan istedadlı və perspektivli gənc rəssamların, habelə tanınmış və təcrübəli sənətçilərin əsərlərindən ibarət sərgi-satış tədbirlərin keçirilməsinə yönəlib. Qalereya incəsənət nümunələrinin satışından əldə edilən gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür.

YAY Qalereyasının digər prioritetlərdən biri də fikir və təcrübə mübadiləsi platforması olaraq rəssamlar, həmçinin incəsənət sahəsində çalışan mütəxəssislər tərəfindən aparılan mühazirələr, seminarlar, habelə film nümayişləri və s. təşkil etməkdir.

Sərginin müddəti:

6 iyul - 8 dekabr, 2024

Sərginin iş rejimi:

Çərşənbə axşamı - bazar, 12:00 - 20:00

Ünvan: Kiçik Qala küç., 5

Giriş ödənişsizdir, nümayiş olunan

bütün sənət əsərləri satışdadır.

Media məlumatları və təsvirlər üçün əlaqə:

Hökümə Kərimova

Tel.: +994 50 207 8007

E-poçt: [email protected]

www.yaygallery.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.