Ölkə

Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - DETALLAR - FOTO

25 İyun 2024 17:49
Baxış: 3 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirilən Əhməd Əhmədovun bu gün məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Əhmədovun işi üzrə özü, vəkili, qətlə yetirilən şəxslərin hüquqi varisləri iştirak ediblər.

Amma qətlə yetirilən azyaşlı Ülviyyə Niftəliyevanın atası Sərxan Niftəliyevin məhkəmədə iştirak etməməsi diqqət çəkib. Onun iclasa gəlməməsi sosial şəbəkələrdə də müzakirəyə səbəb olub.

Milli.Az xəbər verir ki, Teleqraf.com Sərxan Niftəliyevin məhkəmə iclasında iştirak etməməsinin detallarını əldə edib. Əldə etdiyimiz məlumata görə, o, Rusiya Federasiyasında narkoloji dispanserdə müalicə alır.

Məlumata görə, Əhməd Əhmədovun bacısı Elmira 2019-cu ildə Sərxan Niftəliyevlə ailə həyatı qurub. Onlar daha sonra Rusiya Federasiyasının Xabarovsk şəhərinə köçüblər. Onların 2021-ci ildə Ülviyyə adlı qızları dünyaya gəlib. 2022-ci ildə Elmira ilə Sərxan arasında münasibətlər pozulub.

Elmira azyaşlı qızı ilə həmin il Bakı şəhərinə qayıdıb. Lakin onlar rəsmi qaydada boşanmayıblar.

Elmira ilə Sərxanın münasibətlərinin pozulmasına səbəb isə onun narkotik vasitələrdən istifadə etməsi olub.

Qeyd edək ki, Əhməd Əhmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prosesə hakim Səbinə Məmmədzadə sədrlik edir.

Qeyd edək ki, bu il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.