Ölkə

ABŞ Konqresində Qubad İbadoğlu ilə bağlı hazırlanan qətnamə layihələri barədə sensassiya doğuracaq faktlar!

31 Mart 2024 12:22
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adı türkçülüklə bağlı olsa da, Amerika və Qərb maraqlarının Azərbaycanda təmsilçisi rolunu oynamağı özünə borc bilən "Turan" İnformasiya Agentliyi (İA) "Vaşinqton müxbiri" "Aleks" ləqəbli Ələkbər Raufoğluya istinad edərək məlumat yayıb ki, ötən həftəsonu bir qrup ABŞ senatoru Qubad İbadoğlunun həbsxanadan dərhal azad olunması çağırışı ilə bağlı yeni qətnamə təqdim edib.

Məlumatda bildirilir ki, Senatın "Qətnamə 616" adlanan versiyası martın 22-də senator Tom Tillis tərəfindən və Dik Durbin, Bill Kessidi, Tim Keyn və Con Fetterman kimi senatorların adından təqdim edilib.

Qətnamə Senatın Xarici Əlaqələr Komitəsinə təqdim edilib və orada baxılması gözlənilir.

Məqalədə qeyd olunur ki, "bu addım fevralın 14-də Konqresin (Nümayəndələr Palatasının-red.) bu günə qədər 26 üzvü tərəfindən dəstəklənmiş "İbadoğlu qətnaməsi" versiyasını yaymasından sonra atılıb".

Həmin məqalədə qeyd olunur: "Fevralın 14-də ABŞ-ın Şimali Karolinadan olan konqresmeni Devid Rouzer həmkarları ilə birlikdə ikipartiyalı qətnaməni təqdim edib. Sənəddə Qubad İbadoğlunun Azərbaycan həbsxanasından qeyd-şərtsiz azad edilməsinə çağırılır. İkipartiyalı qətnamənin (H.RES.1012) hazırda 24 həmmüəllifi var, bu yaxınlarda ona demokrat konqresmen Anna Eşu (Kaliforniya) və respublikaçıların digər iki nümayəndəsi qoşulub: Brayan Fitspatrik (Pensilvaniya) və Çak  Fleyşman (Tennessi)."

Bəlli olur ki, Qubad İbadoğlu ilə bağlı 2 sənəd layihəsi nəzərdən keçirilir.

Faktyoxla Lab. hər iki qətnamə layihəsininin Konqresə təqdim olunma proseduru, müəllifləri və gələcəkdə hansısa təsirinin olub-olmayacağı haqda araşdırma aparıb. 

Öncə, ABŞ Konqresinin (Nümayəndələr Palatası (aşağı orqan) və Senat (yuxarı orqan) birlikdə ABŞ Konqresini təşkil edir-red.) müxtəlif komitələri tərəfindən təqdim olunan qətnamələrin hazırlanması, qəbulu və təsiri barədə arayış verək.

Qətnamələrin növləri

Qəbul edilən sənədlər dörd formada olur: "bill" (qanun layihəsi), "birgə qətnamə", "paralel qətnamə" və "sadə qətnamə".

Adətən Nümayəndələr Palatasında qətnamə qəbul edildikdən sonra baxılmaq üçün Senata göndərilir. Senatda isə Nümayəndələr Palatasında olduğu kimi komitə və ya alt komitələr tərəfindən nəzərdən keçirilir. Qanun layihəsi təsdiq üçün ABŞ prezidentinə təqdim edilməzdən əvvəl hər iki orqandan eyni prosedurla keçməlidir.

Məqsədinə görə isə qətnamələr iki yerə bölünür:

1. Qanunvericilərin ölkədaxili və xarici məsələr, o cümlədən bu və ya digər məsələrlə (sosial, hüquq, məhkəmə rəyləri və s.) bağlı tənqidini və dəstəyini əks etdirən qətnamələr.

2. Ölkədaxili və inzibati məqsədlər üçün qəbul edilən, icrası məcburi sənədlər

Q.İbadoğlu ilə bağlı hazırlanan qətnamə layihəsinə gəldikdə isə yuxarıda qeyd etdiyimiz "sadə qətnamə" kateqoriyasına aid olduğunu müəyyən edirik. 

Nümayəndələr Palatasına aid "sadə qətnamə"lər (addan sonra qeydiyyat nömrəsi yazılır) "H.Res" (House Resolution) kodu ilə işarə olunur və bu cür qətnamələr bir qayda olaraq dövlət başçısına təqdim edilmirlər. 

2024-cü il fevralın 14-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə təqdim olunmuş "H.Res.1012" saylı qətnamə layihəsi Nümayəndələr Palatasının digər "sadə qətnamə"ləri kimi məcburi icra tədbirlərinin tətbiq olunduğu sənəd deyil, qəbul olunacağı təqdirdə (müəyyən prosedurdan keçməlidir-red.) daha çox Nümayəndələr Palatasının bu məsələ ilə bağlı fikrini ifadə edəcəkdir.

Eləcə də 2024-cü il martın 22-də Senatın Xarici Əlaqələr Komitəsinə təqdim edilmiş "S.Res.616" saylı qətnamə də "sadə qətnamə" kateqoriyasındandır.

S.Res. (Senat Resolution) ABŞ Senatının "sadə qətnamə"sinin adıdır. Bunlar da məcburi icra tədbirlərinin tətbiq olunduğu sənəd deyil, hansısa məsələ, şəxs və ya hadisə ilə bağlı Senatın ümumi fikrini ifadə edir.

Qubad İbadoğlu ilə bağlı hazırlanan qətnamə layihələrinin əsl mahiyyəti Azərbaycanın məhkəmə-hüquq sisteminə təzyiq, sadə vətəndaşlarımıza yönəlik psixoloji təsir və müxalif kəsimə boş ümidlər verən növbəti ələtlərdən biridir.

Bu araşdırma nəticəsində aşkar etdiyimiz 2-ci vacib detal.

Fevralın 14-də konqresmen Devid Rouzerin həmkarları ilə birlikdə təqdim etdiyi qətnamə layihəsinə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin" "Silahlı qüvvələr və milli təhlükəsizlik" bəndi altında baxılıb. Azərbaycan Respublikasının CM-nin bir sıra maddələri ilə ittiham edilən, barəsində istintaq hərəkətləri aparılan Qubad İbadoğlu Amerika qanunvericiləri üçün bu qədərmi önəmlidirmi ki, "onun məsələsi" "Silahlı qüvvələr və milli təhlükəsizlik" bəndi altında müzakirə olunur?! Hər kəsə aydındır ki, Qubad İbadoğlu və onun kimilərin fəaliyyəti ABŞ-nin milli təhlükəsizlik məsələsi sayıla bilməz.

Araşdırma nəticəsində məlum olan digər vacib detal. Q.İbadoğluya dəstək verən konqresmen və senatorların demək olar ki hamısının "erməni işçi qrupu"nun üzvləri olduğu müəyən edildi. Bu şəxslərin Qubad İbadoğlunun azadlığı üçün "çalışması" həm də bəzi Amerika siyasətçilərinin ona olan olduqca aşağı səviyyəli münasibətinin göstəricisidir. Ona dəstək üçün ermənipərəst şəxslərin seçilməsi bir daha sübut edir ki, Q.İbadoğlu heç bir əhəmiyyəti olmayan vasitə, Amerika xarici siyasətində prioritetlər siyahısında nəinki ən sonuncu pillədə olan, ümumiyyətlə müzakirə olunmayacaq bir mövzudur.

Geosiyasi maraqlar uğrunda gedən oyunları "balıq tutmaq prossesi"nə bənzətsək, yəni bir az bədiiləşdirsək, Q.İbadoğluna verilən rol təəssüf ki, tilovdakı "soxulcan" roludur. Onun sonrakı taleyi, aqibəti heç kimi maraqlandırmır. Q.İbadoğlu anlamalıdır ki, ermənipərəst konqresmenlər tərəfindən onun "müdafiəsi" üçün atılan bu addımlar Azərbaycan dövlətinə qarşı növbəti tələblər üçün təzyiq formasıdır. Q.İbadoğluna ehtiyac qalmayanda, təəssüf ki, onun yerinə (və ya əvəzinə) başqa bir "soxulcan" tapıb istifadə edəcəklər.

Digər tərəfdən, Qubad İbadoğlunun doğma qardaşı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Vuqar Bayramov qardaşının həbsi ilə bağlı məhkəmənin qərarına qədər heç bir fikir söyləməyəcini bildirdiyi halda, xarici ölkə qanunvericilərinin belə tələblə çıxış etməsi həm gülməlidir, həm də başqa ölkənin daxili işlərinə qarışmaqdır. 

İndi isə təqdim olunma ardıcıllığı ilə qətnamələrin müəllifləri və həmmüəllifləri, dəstəkləyənlər haqda araşdırmamızı təqdim edirik.

Bu araşdırma aparılarkən adıçəkilən hər bir təmsilçinin kimlikləri ilə tanış olduqda bizim üçün inanılmaz fakt və sözün əsl mənasında sensasiyalı uyğunluq aşkar etdik. Nədir bu uyğunluq?

Bildiyimiz kimi, erməni diasporunun ən güclü və Azərbaycan əleyhinə fasiləsiz fəaliyyət göstərən, durmadan lobbiçilik edən ən böyük təşkilatı "Amerika Erməni Milli Komitəsi"dir (ANCA - The Armenian National Committee of America). "ANCA"nın uzun illərdən bəri tətbiq etdiyi "lobbiçlik üçün cəlbetmə" taktikası mövcuddur. Bu təşkilat Amerikanın hər iki qanunverici palatasında (Nümayəndələr Palatası və Senatda) "erməni məsələsi"ni daha çox gündəmə gətirəcək, Ermənistan və qondarma "Dağlıq Qarabağ"la bağlı daha çox çıxış edəcək, status yazacaq, tvit atacaq, habelə Azərbaycan və Türkiyəyə qarşı daha sərt mövqe tutaraq müxtəlif sanksiyalara, qısnamaların tətbiqi üçün təklif verə biləcək şəxsləri seçkidə dəstəkləyəcəyini öncədən bəlli edir. Vədlərinin üstündə dayanan namizədləri seçildikdən sonra xidmətlərinə görə ildə bir dəfə mükafatlandırır. mənbə

Bunu da açıq bəyan edirlər: "ANCA" hər bir vəzifəli senatorun və "nümayəndə"nin fəaliyyətini geniş spektrli ermənistanpərəst qanunvericilik göstəriciləri üzərindən diqqətlə izləyir. Təkrar seçilmək istəyən hər bir qanunvericinin fəaliyyətini incəliklərə qədər dəyərləndirir və qiymətləndirir. Seçkiqabağı mərhələdə seçicilərə müxtəlif meyarlar üzrə fikrini qərəzsiz, fakta əsaslanan və loyallıq əsasında hazırlanmış hesabatlar formasında təqdim edir. "ANCA" 2022-ci il federal seçkilərdə namizədliyini tam dəstəklədiyi şəxslərin siyahısını təqdim edir".

"ANCA" bu qiymətləndirməni qanunvericilərin 2022-2023-cü illər ərzində Ermənistan, "Dağlıq Qarabağ" (onlar "Artsax" kimi yazırlar-red.) və "erməni soyqırımı" üçün gördüyü işlərə uyğun hazırladığı şablon suallar əsasında aparır.

Bizim aşkar etdiyimiz fakt da elə bu haqdadır: Qubad İbadoğlu ilə bağlı 14 fevral 2024-cü ildə təqdim olunmuş "H.Res.1012" saylı qətnamə layihəsini imzalayan 26 konqresmendən 24-ü ABŞ Konqresinin "Erməni işçi qrupu"nun (Armenian Caucus) üzvləridilər.

Əvvəlcə, 24 konqresmenin Azərbaycana qarşı qəbul etdikləri qanun layihələri, qətnamə və imzaladıqları, dəstəklədikləri müraciət və məktublarını cədvəl formasında təqdim edirik. 

Burada isə təqdim olunan cədvəldə qeyd edilmiş qanun, qətnamə, müraciət və məktubların tam izahı verilib:

Qeyd edilən qətnamə layihəsinə imza atan nümayəndə və senatorların erməni diasporu qarşısında xidmətlərini, Ermənistan və "Dağlıq Qarabağ"la bağlı "fədakarlıqlarını" əks etdirən dosyeləri ayrı-ayrılıqda təqdim edirik.

Frank Pallone, 1993-cü ildən Nyu-Cersi ştatını Nümayəndələr Palatasında (NP) təmsil edən, demokrat, ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun həmsədri.

O, "Ermənilərin müdafiəsi haqqında" Qanunun (HR7288), "Azərbaycana qarşı sanksiyaların/Artsaxa yardım göstərilməsi/Ermənistana kömək haqqında" Qanunun (HR5683), "erməni hərbiçilərinin, siyasi dustaqlarının və girovların azad olunmasına" çağırış edən birgə qətnamənin (861-ci Qətnamə), Ermənistanı dəstəkləyən "Kosta-Pallone-Şerman məktubu"nun, "Artsaxın blokadası haqqında qətnamənin (108-ci qətnamə), "ABŞ tərəfindən Artsaxın müstəqilliyinin tanınması" Qətnaməsinin, (320-ci Qətnamə), "erməni soyıqırımı haqda təhsil qanununun (HR2803) müəllifi; "Azərbaycana qarşı ABŞ tərəfindən sanksiyaların tətbiq olunmasını tələb edən "Senator Şiffin müraciətini", "Azərbayana təhlükəsizlik məsələri ilə bağlı yardım edilməsinin qadağan olunmasını tələb edən "Barbara Li müraciətini", "Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən Ağ evin ikipalatalı məktubunu", "Azərbaycana qarşı sanksiya tətbiq olunmasını istəyən "Eşu-Pelosi məktubunu" dəstəkləyənlərdən, BMT-də "erməni yığıncağında (konqres) Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edənlərdən biri olub. F.Pallone "2023-2024-cü illər üçün ermənilərə yönəlik xarici yardımın artırılması haqqında" göndərilən məktuba imza atan 5 senatordan, F.Pallone "Kapitoli Hil"də (Konqresin binası) təşkil olunan "Artsaxla həmrəylik" adlı mətbuat konfransına (2023, sentyabr) və "erməni soyqırımının" ildönümünün qeyd olunması üçün təşkil edilmiş mərasimdə iştirak edənlərdən biri olub.

F.Pallone sosial mediada da aktiv olub. Təkcə 2023-cü ildə bu mövzuda 61 tvit paylaşıb. Həmin tvitlərdən bəzilərini təqdim edirik:

Frank Pallone: "Azərbaycanın Ermənistana qarşı təcavüzünü dayandırmaq və Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün Amerikanın dəstəyinin böyük əhəmiyyəti var". 5 dek 2023.

FrankPallone: "Mən çox şadam ki, @SecBlinken Ermənistanın Baş naziri @NikolPashinyan ilə əlaqə saxlayır. Mən narahatam ki, Əliyev davam edən sülh danışıqlarından yeni hücumlara hazırlaşmaq üçün istifadə edir. ABŞ Azərbaycanın təcavüzünə qarşı dayanmaq üçün Ermənistana resurslar verməlidir".

FrankPallone: "Mən çox şadam ki, USAID Azərbaycanın hərbi təcavüzü nəticəsində zərər görmüş Artsax sakinlərinə 4 mln. dollar yardım ayırıb. Dövlət Departamenti Əliyevin yaratdığı humanitar böhrandan çıxmaq üçün çox iş görməlidir". mənbə

FrankPallone: "Uzun illər ərzində Azərbaycan Artsaxın erməni əhalisinə qarşı soyqırım kampaniyası həyata keçirib. Əliyevin hərbi təcavüzü regionda izaholunmaz ağrı, dağıntı və ölüm yaradıb";

FrankPallone: "Mən Senatı "Ermənilərin müdafiəsi haqqında" qanun layihəsini qəbul etdiyi üçün alqışlayıram. İndi Nümayəndələr Palatası mənim 907-ci düzəlişin ləğvini və ABŞ Azərbaycana yardımını qadağan edən ikipartiyalı qanun layihəmi (HR 5683) təcili qəbul etməlidir";

FrankPallone: "Azərbaycanın Artsaxa hərbi təcavüzündən sonra Ermənistanın təhlükəsizliyi və humanitar dəstək təmin olunmalıdır. Əliyevin Ermənistanın cənubuna hücumu ABŞ-dan yeni və qəti addımlar atmağı tələb edir";

FrankPallone: "Əliyevin Artsaxda dəhşətli əməlləri və Ermənistana qarşı təcavüzkar siyasəti onun sülhə can atan olmadığını bir daha göstərir";

FrankPallone: "Mən Dövlət Departamentini Azərbaycana qarşı konkret addımlar atmağa, o cümlədən sanksiyalar tətbiq etməyə çağırmışam";

FrankPallone: "Artsax ermənilərini öz vətənlərində sıxışdırılmasını görmək ürəkparçalayıcıdır. Bu, Əliyevin etnik təmizləmə apardığı kampaniyanın əyani göstəricisidir. Konqres mənim Azərbaycanın hərbi təcavüzünü dayandırmaq üçün təqdim etdiyim qanun layihəsini təcili qəbul etməlidir";

FrankPallone "Mən "Nümayəndələr Palatasında ermənilərin Azərbaycan təcavüzünə qarşı dəstəklənməsi haqqında" Qanunu təqdim etmişəm. Bu qanunla Artsax ermənilərinə qarşı törətdiyi cinayətlərə görə Azərbaycan məsuliyyətə cəlb olunmalıdır";

FrankPallone: "Artıq bir neçə aydır ki, Azərbaycanın Artsaxda erməni xalqına qarşı soyqırımı kampaniyası apardığını bilirik. Bu gün Azərbaycan ordusunun genişmiqyaslı təxribatı bu kampaniyanı və Əliyevin yaratdığı humanitar böhranı daha da kəskinləşdirir";

FrankPallone: "Artsaxda bu həftəsonu, hətta Azərbaycanın blokadası nəticəsində yaranan bu çətin günlərdə belə demokratik seçkilər keçiriləcək. Onlar irəlilədikcə Dövlət Departamentini @StateDept və başqalarını çağırıram ki, Əliyevin hədələdiyi hər hansı zorakı ritorikanı və ya hərəkətləri qınasınlar"

FrankPallone: "32-ci Müstəqillik Günü münasibəti ilə Artsax xalqını təbrik edirik. ABŞ Konqresinin erməni fraksiyası və mən Azərbaycanın "Laçın koridoru"nu qanunsuz blokadaya salmasına qarşı sizinlə birlikdə dayanmağa davam edəcəyik və Artsax xalqının sülh və təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcəyik"

Gus M. Bilirakis 2013-cü ildən Floridanı NP-da təmsil edən respublikaçı, ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun digər həmsədri.

O, da həmkarı Pallone kimi "ANCA"nın təqdim etdiyi şablon sualların böyük əksəriyyətinə müsbət cavab verən, təklif olunan əksər sənədlərin müəlliflərindən biridir. 

David Valadao 2023-cü ildən Kaliforniyanı təmsil edən, respublikaçı, ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun vitse-prezidenti. "ANCA" D.Valadaonun 2018 və 2022-ci illərdəki fəaliyyətini "A+"la (çox yüksək) qiymətləndirib.

Christopher Smith - 1981-ci ildən Nyu-Cersini NP-da təmsil edən respublikaçı. ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. O, F.Pallone ilə birgə Konqresin binasında təşkil olunan "Artsaxla həmrəylik" adlı mətbuat konfransında (2023, sentyabr) iştirak edib. "ANCA" Christopher Smithin 2018 və 2020-ci illərdəki fəaliyyətini "A+" (çox yüksək), 2022-ci il fəaliyyətini "A" (əla) ilə qiymətləndirib.

Dina Titus "ANCA"nın təqdim etdiyi şablonunun əksər suallarına "müsbət" cavab vermiş təmsilçilərdən biridir. Nevadanı NP-da təmsil edən demokratdır. O, ANCA qiymətləndirməsində hər 3 il üçün "A+" (çox yüksək) qiyməti alan tək-tük "nümayəndə"dir.

O, sosial mediada "erməni məsələsi"nin aktiv lobbiçisi olduğunu da sübut edib:

19.09.23 - "Azərbaycanın Artsaxda etnik ermənilərə qarşı apardığı kampaniya dinc əhalinin həyatını təhlükə altına atır. Onların aqressiyasını hamılıqla qınamaq lazımdır. Mən Administrasiyanı mümkün olan ən pis nəticənin qarşısını almaq üçün tədbirlər görməyə çağırıram" mənbə;

30.08.23 "Mən Administrasiyanı (ABŞ-red.) Artsaxda davam edən vəziyyəti və Azərbaycanın "Laçın koridoru"nun qanunsuz blokadasını aradan qaldırmağa təsir etməyə çağırıram. Başqa bir soyqırımın baş verdiyini nəzərə alsaq, hamı üçün sülhü qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etmək mütləqdir". mənbə;

19.04.23 "Bir neçə il əvvəl bu vəhşilik qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə Konqresin katibliyinə erməni soyqırımını tanımağa çağırdım. Bu gecə @ANCA_DC ilə birgə yadetmə mərasimində Azərbaycanın təcavüzünü pislədim və erməni xalqına daim dəstək verdiyimi bildirdim" mənbə;

14.12.22 "Mən Azərbaycanın erməni xalqına qarşı davam edən təcavüzünü qətiyyətlə pisləyir və bütün düşmənçiliyə son qoyulmasını tələb edirəm. Birləşmiş Ştatlar kritik humanitar yardım göstərmək əzmində qalır. Mən Azərbaycanı bütün blokadaları aradan qaldırmağa çağırıram ki, həyat xilasedici ehtiyatların çatdırılması mümkün olsun" mənbə;

"ANCA"-nın təqdim etdiyi şablonunun əksər bəndlərinə "müsbət" cavab vermiş təmsilçilərdən biri də Anna G. Eshoodur. O, Kaliforniyadan NP-da təmsil olunan demokratdır. ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. O, Kilikiyanın Müqəddəs Taxt-Tacının erməni apostol katolikosu I Aramla görüşüb. ("ANCA"nın sual şablonunda bu bənd var-red.)

Anna G. Eshoo sosial mediada da aktiv olub. Həmin tvitlərdən bəzilərini təqdim edirik:

07.12.23 - "Mən @SenAlexPadilla birlikdə qarşıdan gələn Milli Təhlükəsizlik Haqqında Qanun layihəsində Ermənistana hərbi və humanitar yardım göstərilməsini xahiş edən 60 üzvə rəhbərlik edirəm. Ermənistan öz demokratiyasını müdafiə etmək və Azərbaycanın törətdiyi humanitar böhranı, aqressivlik və etnik təmizləməni yüngülləşdirmək üçün təcili olaraq ABŞ-ın köməyinə ehtiyac duyur" mənbə;

02.10.23 "Bu gün @SpeakerPelosi və mən Artsaxda cərəyan edən humanitar fəlakəti azaltmaq və Azərbaycanı etnik təmizləməyə cəlb etdiyinə görə məsuliyyətə cəlb etmək üçün ABŞ-ın qəti tədbirlərinə dəstək məqsədilə @POTUS-a yazan Nümayəndələr Palatasının 75 üzvünə rəhbərlik edirik" mənbə;

20.09.23 "Azərbaycanın Artsaxa qarşı amansız hərbi təxribatını pisləyirəm. Dövlət Departamentinin əlində olan hər bir alətdən, o cümlədən sanksiyalardan istifadə edərək Əliyevi etnik təmizləmə törətdiyi üçün məsuliyyətə cəlb etmək vaxtıdır" mənbə;

02.08.23 - "Azərbaycanın "Laçın koridoru"nun 7 aylıq blokadasını intensivləşdirməsi, Artsaxa 400 ton ərzaq və dərman gətirilməsini qadağan etməsi dəhşətlidir. Mən, Azərbaycanın Artsaxda məqsədli humanitar böhran yaratmaq cəhdlərini qətiyyətlə pisləyirəm. Dövlət Departamentini öz ixtiyarında olan bütün alətlərdən istifadə edərək Əliyev rejimini öz qəddar əməllərinə görə məsuliyyətə cəlb etməyə çağırıram" mənbə;

13.02.23 "Mən fəxr edirəm ki, "H.Res.108"-in ilk həmməruzəçilərindən biriyəm. Bu ikili qətnamə qeyri-insani blokadanı pisləyən və Bayden administrasiyasını Azərbaycan məmurlarına sanksiya tətbiq etməklə və ABŞ-nin Azərbaycana hərbi yardımını kəsməklə Əliyev rejimini məsuliyyətə cəlb etməyə çağırır"

17.12.22 "Mən minlərlə dinc sakini ərzaq, dərman və enerjidən məhrum edən Azərbaycanın Artsaxın amansız blokadasını qış dondurması kimi qəti şəkildə qınayıram" mənbə;

Jim Costa Kaliforniyanı NP-da təmsil edən demokrat. O, "ANCA"-nın təqdim etdiyi şablonunun 1 bənd istisna olmaqla bütün suallarına "müsbət" cavab vermiş azsaylı təmsilçidən biridir. Təsəvvür edin ki, Costa F.Pallonedən də artıq fəaliyyətləri ilə seçilib.

O, sosial mediada ən aktiv "erməni məsələsi" lobbiçisi olduğunu da sübut edib. Paylaşdığı status/tvitlərdən cüzi bir hissəsini təqdim edirik:

03.10.23 "Azərbaycanın hücumu və Artsaxı tabeçiliyinə məcbur etməsi nəticəsində bu bölgənin erməni əhalisini qaçmaqdan başqa çarəsi qalmadı. Mən də Azərbaycanın etnik təmizləmədə iştirakına görə məsuliyyətə cəlb edilməsini tələb edən müraciətə qoşulmuşam" mənbə;

19.09.23 "Azərbaycanın Artsaxda ermənilərə qarşı davam edən təxribatları qəbuledilməzdir. Bu təxribatlar Laçın koridorunun blokadası ilə yanaşı, aydın şəkildə göstərir ki, ABŞ Azərbaycana hərbi yardımı elə indidən dayandırmalıdır" mənbə;

29.07.23 - "Artıq 7 aydan çoxdur ki, Azərbaycan "Laçın koridoru"nun qarşısını alır, ərzaq, yanacaq və dərman kimi zəruri malların axınının Artsax ərazisinə çatmasına mane olur. Azərbaycan blokadaya son qoymalı və dərhal həyati əhəmiyyət kəsb edən humanitar yardım yolunu açmalıdır" mənbə;

24.04.23 - "Bu gün erməni icmasının "erməni soyqırımı"nın 108-ci ildönümü ilə bağlı anım tədbirlərinə qoşuldum. Gəlin bu məqamdan faciədə həyatını itirmiş 1,5 milyondan çox insanın xatirəsini şərəflə yad etmək üçün istifadə edək. Heç vaxt unutmamalıyıq: "Bir daha heç vaxt" "bir daha heç vaxt" deməkdir" mənbə;

09.01.23 - "Erməni icmasına Milad Bayramı münasibətilə təbrik edirəm. Bu çətin anlarda bir çoxları ciddi çətinliklərlə qarşılaşsa da, qoy bu yeni il bütün Ermənistan və Artsaxa xoş xəbər, sülh və firavanlıq gətirsin" mənbə

Eleanor Holmes demokratlardan Şimali Kolumbiya rayonundan NP-nın və ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. 

Nicole Malliotakis Nyu Yorku təmsil edən, respublikaçı. ABŞ Konqresinin "Ermənistan üzrə İşçi Qrupu"nun üzvüdür. 2023-cü ilin yanvar ayında Konqresdə təşkil olunan "Artsaxı xilas et" ("Save Artsakh") mətbuat konfransının iştirakçısı olub. ("ANCA"-nın sual şablonunda bu bənd var-red.)

Mike Lawler-Nümayəndələr Palatasında Nyu-Yorku təmsil edən respublikaçı. ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. Lawler Konqresin binasında təşkil olunan "erməni soyrımı"nın ildönümünün qeyd olunması mərasimində iştirak edib.

Mike Lawler sosial şəbəkədə göstərdiyi aktivliyə görə mükafatlandırılan nümayəndələrdəndir. Təkcə 2023-cü ildə yazdığı bəzi statusları təqdim edirik:

"Bu gün erməni soyqırımı anım günündə həmin mənasız vəhşiliklərin 1,5 milyon qurbanını yad edirik. Ermənilər təqiblərlə üzləşməyə davam etdikcə, biz onlarla həmrəylikdə dayanırıq" 25 Aprel 2023;

Ötən gecə Erməni soyqırımının 108-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində Erməni Milli Komitəsində çıxış etdim. Biz nəinki keçmişi xatırlamalı, həm də erməni xalqının bu gün və gələcəyini dəstəkləməliyik. Azərbaycan Artsax blokadasında yaşayan erməni xalqına böyük əzablar verir və bu, onların insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Biz, bu blokadaya son qoymaq və Artsaxın qida və dərman kimi zəruri resurslara malik olmasını təmin etmək üçün çalışmalıyıq" 21 Aprel 2023;

"Bu həftənin əvvəlində Amerikanın Erməni Assambleyası ilə görüşdüm. Azərbaycanın Artsaxa qarşı davam edən təcavüzündən danışdıq. Bu, soyqırımdan başqa bir şey deyil. Bu məqsədlə mən Azərbaycanın erməni xalqına qarşı blokada və insan hüquqlarının davamlı pozulmasını pisləyən "108 saylı Qətnaməni" məruzə etdim" 31 Mart 2023;

@RepMikeLawler "@ANCA_DC-da Azərbaycanın Artsax blokadası ilə bağlı apardığım müzakirələr nəticəsində bildirdim ki, bütün qış boyu 120 min erməni qazsız, işıqsız qalıb. Bütün dünyada insan hüquqlarına təcavüz edənlərə qarşı dayanmaq həmkarlarım və mənim NP xarici işlər üzrə komitəsinin ən başlıca vəzifəsidir".

Demokrat Grace Meng NP-da Nyu-Yorku təmsil edir. ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. "Erməni soyqırımı"-nın 2023/2024-cü illər üçün müşahidəçilərindən biri olub. ("ANCA"nın sual şablonunda bu bənd var-red.)

Young Kim Kaliforniyanı təmsil edən respublikaçı, ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. Kilikiyanın Müqəddəs Taxt-Tacının erməni apostol katolikosu I Aramla görüşənlərdən, "Erməni soyqırımı" məsələsini 2023/2024-cü illər ərzində diqqətdə qalması üçün fəaliyyət göstərənlərdən biri olub.

Young Kim sosial şəbəkədə göstərdiyi aktivliyə görə mükafatlandırılan şəxslərdəndir. Təkcə 2023-cü ildə yazdığı bəzi statusları təqdim edirik:

"#CA40 və Kaliforniyadan olan erməni amerikalılarla bu gün DC-də Amerikanın Erməni Assambleyası ilə görüşüb, Dağlıq Qarabağda humanitar böhranı müzakirə etmək çox xoş oldu. Mən Amerika ermənilərini təmsil etməkdən & Konqresdə regionda davamlı sülhün bərqərar olması üçün çalışmaqdan qürur duyuram", 27 Sentyabr 2023;

"Bölgəyə yardıma icazə veriləcəyi elan edildikdən cəmi bir neçə saat sonra Azərbaycanın Dağlıq Qarabağa hücum etməsini qətiyyətlə pisləyirəm. Bu, regionda yaşayan ermənilərin sülh və təhlükəsizliyinin təmin edilməsi üçün aparılan müzakirələr zamanı pis aktdır", 19 Sentyabr 2023;

"Bu gün biz, 1915-ci ildə erməni soyqırımı zamanı həyatlarını itirənləri xatırlayırıq. Mən sağ qalan Amerika erməniləri icmasını təmsil etdiyim üçün fəxr edirəm. Mən və həmkarlarım blokadanı aradan qaldırmaq və insan hüquqlarını dəstəkləmək üçün işləyəcəyik", 24 Aprel 2023;

Young Kim 20 aprel 2023-cü ildə Nümayəndələr Palatasında çıxışında deyib: "Mən 117-ci Konqresdə "Erməni soyqırımı təhsili haqqında" qanunun həmməruzəçisi olduğum üçün qürur duyuram. Soyqırımın tanınması və ya blokadanın qaldırılması və ya yerli icma tədbirlərində iştirak etmək üçün həmkarlarımla birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Erməni Amerika cəmiyyətində çoxlu dostlarım var. Mən, bundan sonra da sizin üçün müdafiəçi olmağımdan qürur duyuram. Xahiş edirəm, məni ən güclü dostlarınızdan biri hesab edin və burada sizin adınızdan çalışmaq, sizin səsiniz olmaqdan qürur duyuram". 

Young Kim 2022-ci ildə Konqresdə fəaliyyətinə görə "ANCA" tərəfindən ən yüksək qiymətə layiq görülən 88 namizəddən biri olub. 

James McGovern Massaçusetsdən demokrat, ABŞ Konqresinin "Ermənistan üzrə İşçi Qrupu"nun üzvüdür. 2018, 2020 və 2022-ci illərdə fəaliyyətinə görə "ANCA" tərəfindən "A+" (ən yüksək) qiymət alan təmsilçilərdəndir.

Jim McGovern sosial mediada 23 Aprel 2023  tarixində paylaşdığı bu statusla da yadda qalıb: "Erməni soyqırımının 108-ci ildönümündə Vorsesterdəki "Xilaskarımızın Kilsəsi"ndə kilsə xadimləri ilə bir araya gəlib, nifrətin dəhşətli əməllərində həyatını itirənlərin xatirəsini ehtiramla yad etmək və sabah daha güclü, daha sülhsevər bir sabah üçün ayağa qalxmaq üçün dualar etdim".

Josh Gottheimer Nyu-Cersinin NP-da təmsilçisi, demokrat. ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. 2018 və 2020-ci illərdə ANCA tərəfindən "A+", 2022-ci ildə isə "A" ilə mükafatlandırılıb. Kapitoli Hildə 2023-cü il sentyabr ayında təşkil olunan "Arsaxla həmrəylik" mətbuat konfransının iştirakçısı, "Erməni soyqırımı" məsələsini 2023/2024-cü illər ərzində diqqətdə qalması üçün fəaliyyət göstərənlərdən biri olub.

Josh Gottheimer sosial mediada aktivliyi ilə seçilib. Paylaşdığı tvit və statuslardan bəzilərini təqdim edirik:

02.10.23 tarixində "@ArmenianCaucus-un üzvü kimi Azərbaycanın Artsax ermənilərinə qarşı ölümcül və məqsədli hücumunu sərt şəkildə qınayıram!" məzmunlu tvit paylaşıb. mənbə
Maraqlıdır ki, həmin tviti 08.12.23 və 10.12.23 tarixlərində bəzi cümlələrə dəyişiklik etməklə təkrar yayıb. mənbə1 mənbə 2

21.09.23 "Azərbaycan mənasız zorakılıqlar törətməyə davam etdikcə, biz Ermənistanın təhlükəsizliyini dəstəkləməkdə davam etməliyik". Eyni fikirləri daha geniş formada facebook profilində də paylaşıb.

19.09.23 "Bu gün Azərbaycanın Artsaxda (Dağlıq Qarabağ) mülki əhaliyə səbəbsiz hücumu zamanı günahsız ermənilər, o cümlədən uşaqlar yaralanıb və öldürülüb. Azərbaycan soyuqqanlı qətllərini dayandırmalıdır. Biz, erməni xalqının yanında dayanmalı və bu humanitar fəlakət və Prezident Əliyevin təcavüzü barədə bundan sonra da danışmalıyıq. Mən, Konqresdə işləməyə və Administrasiyanı Azərbaycana yardımın azaldılması və Artsaxa yardımın artırılması üçün cəhdlərimi davam etdirəcəm." Eyni fikirləri facebook profilində də təkrar yazıb.  
10.02.23 - "Azərbaycan Artsaxdakı erməni vətəndaşlar üçün ərzaq, dərman və humanitar yardım aparılan yeganə torpaq yolunu bağladı. Erməni xalqının həyatını təhlükə altına atması məni dərindən narahat edir" mənbə. 

Bradley Scott Schneider İllinoysdan demokrat, ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. "Erməni soyqırımı" məsələsini 2023/2024-cü illər ərzində diqqətdə qalması üçün fəaliyyət göstərənlərdən biri olub.

Schneider 19 Sentyabr 2023-cü ildə yazdığı bu statusla xatırlanır: "Azərbaycanın Dağlıq Qarabağda ermənilərə təcavüzünü qətiyyətlə pisləyirəm ki, çünki bu hərəkət bölgədəki humanitar vəziyyəti daha da pisləşdirəcək".

Jamie Raskin Merilanddən, demokrat. ABŞ Konqresinin "Erməni İşçi Qrup"un üzvüdür. Jamie Raskin sosial şəbəkədə aktivliyi ilə seçilib.

Paylaşdığı tvit və statuslardan bəzilərini təqdim edirik

21.09.23 "Mən Azərbaycan ordusunun Dağlıq Qarabağa aramsız hücumlarını pisləyirəm və konqresmenlər Konqresin "Erməni İşlərinə dair" iclasında çıxış edən həmkarlarıma qoşularaq, dinc erməni sakinlərin bu təcavüzdən canlarını qurtarmaq üçün Bayden administrasiyasından və BMT-dən dərhal cavab tələb edirəm. mənbə;

24.04.23 "Bu gün erməni soyqırımının anım günündə ümid edirəm ki, sistemli şəkildə qətlə yetirilmiş 1,5 milyon ermənini xatırlamaq üçün hamımız bir anlıq vaxt ayıraq. Biz soyqırımı ilə bağlı geniş yayılmış zorakılığı dayandırmaq öhdəliyimizi bir daha təsdiq etməliyik. Erməni xalqının sarsıdıcı itkilərini birlikdə xatırlayırıq". mənbə;

Barbara Lee Kaliforniyadan, demokrat. ABŞ Konqresinin "Ermənistan üzrə İşçi Qrupu"nun üzvüdür. "ANCA"nın təqdim etdiyi siyahıda Barbara Leenin müraciəti əsas suallardan biri kimi təqdim olunur. 

Bundan başqa Barbara Lee Konqresdə təşkil olunan "Artsaxla həmrəylik" adlı mətbuat konfransında (2023, sentyabr) və "erməni soyqırımının" ildönümünün qeyd olunması üçün təşkil edilmiş mərasimdə iştirak edib.

B.Lee 20.09.23-cü il tarixdə yazdığı "Azərbaycanın Artsaxda mülki əhaliyə hücumları qəbuledilməzdir. Bu ilin əvvəlində @SecBlinken-ə yazmışdım ki, ABŞ-dan Azərbaycan hərbçilərinə dəstəyi dayandırmağı xahiş edirəm. Regionda azərbaycanlıların zorakılığına son qoymaq üçün dərhal tədbirlər, konkret tədbirlər həyata keçirmək lazımdır" facebook statusu ilə xatırlanır.

Demokrat Tom Kean Nyu-Cersidən NP-da təmsil olunur. ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür.

Sosial mediada aktivliyi ilə seçilib. Qarabağda saxta blokada və qondarma erməni soyqırımı mövzularından dəfələrlə çağırışlar edib.  

Adriano Espaillat Nyu-Yrokdan təmsilçi, demokrat. O, "erməni soyqırımı" haqqında Təhsil Qanununun (H.R.2803) həmmüəllifi, "Azərbaycana təhlükəsizlik məsələləri ilə bağlı yardım edilməsinin qadağan olunmasını tələb edən Barbara Li müraciətini", "Azərbaycana qarşı sanksiya tətbiq olunmasını istəyən Eşu-Pelosi məktubu"nu imzalayanlardan biri olub.

Andy Kim Nyu-Cersidən, demokrat. "ANCA" Andy Kimin fəaliyyətini 2020-ci ildə "C+" (məqbul), 2022-ci ildə fəaliyyətini "B" (yaxşı) qiymətləndirib. Onun adı 2 fraqmentdə çəkilir. "Artsaxın blokadası haqqında qətnaməni (108-ci qətnamə) dəstəkləyib, "Ermənistana təhlükəsizlik məsələri ilə bağlı dəstək və qaçqınlara yardım məqsədilə hazırlanmış "Padilya/Eşu məktubu"nu imzalayanlardan biri olub. 

Demokrat Alma S. Adams Şimali Karolinanı təmsil edir. O, "Azərbaycana qarşı sanksiyaların/Artsaxa yardım göstərilməsi/Ermənistana kömək haqqında Qanun"un (H.R.5683), "Artsaxın blokadası haqqında qətnamənin (108-ci qətnamə) dəstəkləyicisi, "Ermənistana təhlükəsizlik məsələri ilə bağlı dəstək və qaçqınlara yardım məqsədilə hazırlanmış "Padilya/Eşu məktubu"nu imzalayanlardan biri olub.

Demokrat Seth Moulton Massaçusets ştatını NP-da təmsil edir. ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür, "erməni soyıqırımı" haqqında Təhsil Qanununun (H.R.2803) həmmüəllifdir.

Charles Fleischmann Tennesini təmsil edən respublikaçıdır. İndiyə qədər yalnız "Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən "Vaythausun ikipalatalı məktubu"nu imzalayıb. Yəni, araşdırdığımız qətnamə layihəsi onun qoşulduğu sayca 2-ci aksiyadır.

Marc Veaseyin fəaliyyəti "ANCA" tərəfindən 2020-ci ildə "C-" ilə qiymətləndirilib. 

2-ci qətnamə layihəsi haqqında

"Qətnamə 616" adlanan "sadə qətnamə"yə imza atan senatorlar:

Layihənin müəllifi Şimali Karolinadan respublikaçı Tom Tillis 2017-2018-ci illərdə fəaliyyəti ANCA tərəfindən "A-" (məqbul), 2019-2020-ci və 2022-ci illərdə "C+" (kafi) ilə qiymətləndirilib.

Tom Tillis 2017-2018-ci illərdə Türkiyəyə F-35-lərin satılmasını qadağan edən "S.2781" qətnaməsinin, Türkiyəyə maliyyə yardımını dayandırılmasını ehtiva edən "S.3248" qətnaməsinin, "Avrasiyada dini etiqad azadlığı haqqında  "S.Res.539" qətnaməsinin həmmüəllifi olub. Bundan başqa o, 2017-ci ildə R.T.Erdoğana pastor Bransonu azad etməyi tələb edən "Korkr-Kardin məktubu"nu imzalayanlardan olub. Həmin illərdə sosial mediada Türkiyəyə qarşı aparılan kampaniyanın əsas iştirakçılarından biri sayılır.

Richard J. Durbin 1997-ci ildən Senatda İllinoisi təmsil edir, demokratdır. Axtarışlarda R.Durbinin daha çox 1997-2001-ci illərdə aktiv olduğu görünür. Son illərdə isə 2-3 dəfə anti-Azərbaycan mövqeyi ilə diqqət cəlb edib. O, "Qarabağda yürütdüyü "blokada"ya və "Artsax"a hücumuna görə Azərbaycana qarşı sanksiya tətbiq olunması" məqsədilə Baydenə müraciət edən 96 senator və nümayəndədən biri olub. 

Bundan başqa, R.Durbinin 2018-ci ilin xarici yardım layihəsi müzakirə olunarkən Qarabağdakı qondarma quruma maliyyəni artırmağı, Azərbaycan və Türkiyəyə insan haqlarını pozduqlarına görə maliyyəni kəsməyi əks etdirən "H.R.3354" qanun layihəsini dəstəkləyib. 

Qətnamənin dəstəkləyənlərdən Bill Cassidy Luisiannanı təmsil edir, demokratdır. Fəaliyyəti "ANCA" tərəfindən "C" (kafi) ilə qiymətləndirilib. 2022-2023-cü illər ərzində "Azərbaycanın təzavüzünə qarşı ermənilərə dəstək haqqında qanunun (S.2900)", "ermənilərin müdafiəsi haqqında qanunun (S.3000), ABŞ-nin Azərbaycana hərbi yardımına Konqres tərəfindən nəzarət edilməsini təsdiqləyən "S.Res.540" saylı qətnamənin, Artsax blokadası haqda "S.Res.244" saylı qətnamənin həmmüəllifi olub. 

Bill Cassidy sosial mediada aktiv olub. Onun paylaşdığı bəzi statuslardan seçmələri təqdim edirik:

19.09.23 "Azərbaycan hücumu dayandırmalıdır" mənbə;

25.08.23 "Dağlıq Qarabağda humanitar vəziyyət hər gün getdikcə daha da ağırlaşır. Azərbaycan blokadanı qaldırmasa, insanlar aclıq çəkəcək. Ərzaq məhsullarının silah kimi istifadə edilməsi İnsanlığa qarşı cinayətlər" Roma Statutunun Normativlərinin 7-ci maddəsinin pozulması deməkdir". mənbə;

18.08.23 "Azərbaycanda xristian ermənilərin soyqırımı. Pakistanda anti-xristian iğtişaşları. Nikaraquada kilsəyə total hücum. Heç kim dini inancına görə qorxu içində yaşamalı deyil!" mənbə;

24.04.23 "Bu gün 1915-ci il soyqırımında həlak olmuş bütün erməniləri xatırlayır və öz öhdəliklərimizi yeniləyirik; #NeverAgain" mənbə

Respublikaçı Tim Kaine Nyu-Cersini NP-də təmsil edir. ABŞ Konqresinin "Erməni İşçi Qrupu"nun üzvüdür. "Artsaxın blokadası haqqında qətnamənin (108-ci qətnamə), "erməni soyıqırımı" haqqında Təhsil Qanununun (H.R.2803) həmmüəllifidir. Bir çox anti-Azərbaycan status və tvitləri ilə yadda qalıb.

Senator John Fetterman 2023-cü ildən Pensilvaniyanı təmsil edir, demokratdır. ABŞ-nin Azərbaycana hərbi yardımına Konqres tərəfindən nəzarət edilməsini təsdiqləyən "S.Res.540" saylı qətnaməni dəstəkləyən, "Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən "Vaythausun ikipalatalı məktubu"nu imzalayanlardan biridir.

Nəticə:

• Amerika Konqresinin Nümayəndələr Palatası və Senatının Q.İbadoğlunun qeyd-şərtsiz azad olunmasını tələb edən hər iki "sadə qətnamə" layihələri məsələ ilə bağlı qanunvericilərin münasibətini əks etdirən, qəbul ediləcəkləri təqdirdə isə heç bir hüquqi qüvvəsi və təsiredici gücü olmayan sıradan bir sənədlər olacaqdır;

• Qətnamə layihələrini imzalayan 31 nəfərdən (26+5 senator və nümayəndə) 27 nəfəri Konqresdəki "Erməni İşçi Qrupu"nun üzvü, hamısı anti-Azərbaycan və anti-Türkiyə şəbəkənin təmsilçiləri və qondarma "erməni soyqırımı"nın yalançı təbliğatçılarıdılar;

• Azərbaycana qarşı düşmən mövqeli bu cür şəxslərin Qubad İbadoğlunun "müdafiəsi"nə qalxması, onu bu "yardımdan" imtina etməsi üçün ciddi bir əsas və düşündürücü amil olmalıdır. Əks halda, o həmin şəbəkənin üzvü olduğunu dolayı yolla təsdiq etmiş olacaqdır;

• "Turançılıq"la heç bir əlaqəsi olmayan Turan" İA-nın Alekslərlə əlaqəsi olan Ələkbər adlı müxbirinin yaydığı bu xəbər informasiya manipulyasiyasından başqa bir şey deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.