Ölkə

Yeni vergi güzəştləri bu sahələri əhatə edəcək

25 Dekabr 2023 17:51
Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində mühüm dəyişikliklərdən biri 2024-cü ildə müddəti bitən vergi güzəştlərinin vaxtının uzadılması ilə bağlıdır.

Bu barədə Dövlət Vergi Xidmətindən (DVX) bildirilib.

Belə ki, Vergi Məcəlləsində nəzərdə tutulan bir sıra vergi güzəştlərinin tətbiqi müddəti 2024-cü il yanvarın 1-də başa çatır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə tətbiq olunan güzəştlərin də bu siyahıya daxil olduğunu, kənd təsərrüfatı sektorunun ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində mühüm rolunu nəzərə alaraq, bu sahə üzrə güzəştlər daha 3 il müddətinə uzadılır.

Bununla yanaşı, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunan yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Belə ki, qanunvericiliyin tələbinə görə siyahı üzrə təsdiq edilən yem və yem əlavələrinin birbaşa heyvandarlıq və quşçuluq təsərrüfatlarına satışı zamanı ƏDV-dən azadolma tətbiq olunurdu. Vergi qanunvericiliyində yeni dəyişikliyə əsasən, həmin məhsulların idxalçıları və ya istehsalçıları tərəfindən belə məhsulların topdansatış qaydasında istənilən mərhələsində satışı ƏDV-dən azad edilir. Beləliklə, güzəşt üzrə ƏDV azadolmasının tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, bir sıra digər istiqamətlər üzrə də müddəti bitən güzəştlər daha 3 il uzadılıb. Belə ki, Bakı Şəhər Halqası ilə "Formula 1"  Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin artırılmasına dair yeni müqavilənin imzalanması ilə əlaqədar bu sahə üzrə mənfəət və ƏDV güzəştlərinin müddəti uzadılıb. Həmçinin təsdiq edilən siyahı üzrə dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddəti uzadılıb.

Eləcə də, "Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddətləri də artırılıb. Əlavə olaraq bu güzəştin təsdiq edilən siyahı üzrə ictimai və sosial məqsədlər üçün yaradılmış fondların, o cümlədən "Qarabağ Dirçəliş Fondu", "Yaşat Fondu", "Heydər Əliyev Fondu"nun vəsaitləri hesabına tibbi xidmətlərin göstərilməsinə də şamil edilməsi nəzərdə tutulur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.