Ölkə

150 min turist Azərbaycandan narazı qayıdıb?

13 Dekabr 2023 09:28
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narazılıq daha çox restoranların xidmətindən və nəqliyyatdandır

Yanvar-oktyabr aylarında turizm məqsədilə Azərbaycana gələn 1,2 milyon nəfər turistin 150 mini və ya hər 8 turistdən biri ona göstərilən xidmətlərin hansındansa narazı qalıb.  "Yeni Müsavat"  bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir. Xatırladaq ki, ilk 10 ayda xaricdən ölkəyə 1 milyon 169 min nəfər səfər edib.

Narazı turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 27 min nəfər və ya 21,9% çoxdur. 2022-ci ilin 10 ayında ölkəyə gələn turistlərin 123 mini xidmətdən narazı qalmışdı.

Rəsmi məlumatlara görə, turistlərin narazı qaldığı sahələrin siyahısına restoran və avtobus daşımaları başçılıq edir.

Belə ki, turistlərin 32,5 min nəfəri restoranların xidmətindən, 32,1 min nəfəri avtobusla sərnişin daşımadan, 18,4 min nəfəri taksi xidmətindən, 17,4 min nəfəri bələdçi xidmətindən məmnun olmayanlardır.

Bundan başqa, 13,6 min nəfər hotellərin xidmətindən, 8,9 min nəfər metrodan, 5,3 min nəfər turagentlərin  xidmətindən razı qalmayıb.

Bəs səbəb nədir?

Vüqar Bayramov:

Vüqar Bayramov

Deputat, iqtisadçı alim Vüqar Bayramov mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Bütövlükdə turizm sektorunun keyfiyyətinin artırılması kifayət qədər vacib məsələdir. Nəzərə alsaq ki, son illər bu sahədə müəyyən addımlar atılsa da yenə də turizm xidmətində keyfiyyət yüksək deyil. Qeyd olunan sorğu da onu göstərir ki, bu istiqamətdə işlərin genişləndirilməsi və xüsusən də keyfiyyətin artırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var.

Təbii ki, burada turistlərin rəyi fərqli səbəblərə söykənir. Amma həm ictimai nəqliyyatda keyfiyyətin artırılması, həm metro və avtobusların vaxtının tənzimlənməsi və qrafikə uyğun həyata keçirilməsi çox vacibdir. Turistlər üçün ictimai nəqliyyatda qrafik çox önəmlidir. Bunun reallaşması həm də paytaxtda turistlərin ictimai nəqliyyatdan sıx istifadə etməsinə gətirib çıxara bilər.

Restoranlarda keyfiyyət məsələsi çox önəmlidir və bu istiqamətdə həm paytaxtda, həm də bölgələrdə daha real işlərin görülməsinə, keyfiyyətə nəzarət mexanizminin formalaşmasına ehtiyac var. Çünki turistlər üçün keyfiyyət çox önəmlidir və  bu baxımdan növbəti mərhələdə keyfiyyətin artırılması ilə bağlı işlərin daha sistemli və eyni zamanda ünvanlı şəkildə həyata keçirilməsinə ehtiyac var".

Quru sərhədləri açılmasa, turizm dirçəlməyəcək...

 Ceyhun Aşurov

Turizm eksperti Ceyhun Aşurov qeyd edib ki, gediş-gəlişin, turistlərin olduğu yerlərdə mütləq hansısa narazılıqlar, şikayətlər ola bilər: "Amma sənayenin, hansısa turizm müəssisəsinin, eləcə də ölkəmizin hədəfi gələn turistlərin məmnunluğunu artırmaq, mövcud narazılıqları mümkün qədər azaltmaqdır.

Bəs bunun üçün daha nələr etmək olar? Bu sorğudan da görünür ki, daha çox insan, yəni təxminən 8 turistdən biri hansısa xidmətdən narazı qalıb və burada daha çox restoran, ictimai  nəqliyyat xidmətindən narazılıq var. Bu həm də onu göstərir ki, turizm kompleks şəklində bir çox sahələri əhatə edir. Turizm təkcə turizm sahəsində çalışanların işi deyil, burada həm də cəmiyyətin, ölkənin, iqtisadiyyatın digər sahələrinin də payı var.

Ona görə də keyfiyyətin yüksəldilməsi, məmnuniyyətin artırılması üçün daim işlər aparılmalıdır. Hesab edirəm ki, bununla bağlı işlər gedir, lakin bu faisələsiz şəkildə davam etməli, müxtəlif təlimlər, seminarlar təşkil olunmalıdır. Medianın da bu sahədə ciddi təsirləri var. Cəmiyyət də buna hazır olmalıdır. Beləliklə, həm infrastruktur, həm də loqistik cəhətdən restoranlar, hotellər təkmilləşdirilməlidir, qonaq məmnuniyyətini yüksək saxlaya bilək".

Natiq Cəfərli:

Natiq Cəfərli

Ekspert Natiq Cəfərli isə qeyd edib ki, turizm sektoruna münasibət dəyişməlidir: "Yəni bu cür münasibətlə ölkədə turizmi aparıcı sahəyə çevirmək mümkün deyil, halbuki Azərbaycanın çox ciddi turizm potensialı var. Məsələn, ölkədə quru sərhədləri bağlı saxlamaqla və yaxud rəqabətsizlik mühitində turizmi inkişaf etdirmək mümkün deyil. Əgər kafe və restoranlardan şikayətlər varsa, demək ki, rəqabət zəifdir. Əgər rəqabət zəifdirsə, hökumət müvafiq işlər görməlidir.

Beləliklə, turizm məmnuniyyətini qazanmaq üçün ölkədə quru sərhədləri açmaq və daha rəqabətlilik mühiti yaratmaq lazımdır. Pandemiyadan əvvəl, 2019-cu ildə ölkəmiz 3 milyon turist qəbul etmişdisə, indi heç onun yarısı qədər ölkəyə turist gəlmir".


Yeni Müsavat

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.