Ölkə

"Azərişıq" ASC-nin iki əməkdaşına cinayət işi başlandı

14 İyun 2022 15:45
0 Şərh     Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərişıq" ASC-nin iki əməkdaşına qarşı cinayət işi başlanıb.

Ağcabədi rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, 06.02.2022-ci il tarixdə Ağcabədi rayon sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Müəyyən edilib ki, "Azərişıq" ASC-nin Aran Regional enerji təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsində işləyən Bəhrəm Quliyev qeyd edilən tarixdə saat 14 radələrində Şənlik kəndində yerləşən transformatorda baş vermiş qəza ilə əlaqədar xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, Ağcabədi Elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində əvvəllər elektrik montyoru işləmiş Ehtiram Əmirova həmin transformatorun qoruyucularını təmir etməsini tapşırıb.

E.Əmirov təmir işlərinə başlamazdan əvvəl "Mingəçevir Regional Elektrik Şəbəkəsi" MMC-nin Ağcabədi yarımstansiyasının xidməti telefonuna zəng edərək növbətçi-dispetçer Dilqəm Məmmədova transformatoru elektrik xəttindən ayırmasını bildirdiyi halda sonuncunun səhvi nəticəsində elektrik cərəyanının ötürülməsi davam etdiyindən Ehtiram Əmirov naqillərə toxunduğu anda elektrik cərəyanının vurması nəticəsində ölüb.

Bəhrəm Quliyevə Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), Dilqəm Məmmədova isə həmin Məcəllənin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.