Altımetrlik limuzin-krossover "Aurus Komendant" təqdim olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun istehsalçısı olan Rusiyanın RIDA şirkətinin rəsmi saytında avtomobilin fotoşəkilləri və xüsusiyyətləri açıqlanıb.
Bu modifikasiyanın təqdimatı 2023-cü ilin avqustunda baş tutsa da, hazır məhsul yalnız indi ortaya çıxıb.
Limuzin orijinal krossoverdən fərqli qapıları və daha uzun gövdəyə malik olması ilə seçilir.
Onun əsas xüsusiyyətləri dəbdəbəli salonla yanaşı, VR7+/VR8 səviyyəsində ballistik qorunma, təkər deşildikdən sonra belə 50 kilometrdən çox məsafə qət etmək imkanıdır.
Stroboskoplar və damdakı antenlər göstərir ki, bu limuzin xüsusi təyinatlı qarajlar üçün hazırlanıb. Belə maşınların kütləvi istehsalı şübhə altındadır, çünki adi sedan əsaslı limuzinlərdən fərqli olaraq, burada daha çox orijinal hissələr istifadə olunur.
RIDA-nın məhsullarının qiymətləri açıq şəkildə elan edilmir, lakin adi Komendant krossoveri təxminən 1 milyon manata başa gəlir. Zirehli versiya adətən iki dəfə bahadır, xüsusi limuzin isə daha da əlçatmazdır.
Milli.Az