ABŞ administrasiyasının rəsmiləri bu həftə Prezident Donald Trampa İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni planlar təqdim edəcəklər.
Milli.Az xəbər verir ki, ayın əvvəlində Tramp ölkədəki etirazlara cavab olaraq İran ərazisinə zərbə endirməyə yaxın olub, lakin qərarını təxirə salıb və Tehranla dialoqa açıq olduğunu bildirib. Prezident vurğulayıb ki, ABŞ-nin İrana yaxın bölgələrdə yerləşdirdiyi qüvvələr Venesueladakı mövqelərdən daha çoxdur. Onun sözlərinə görə, İran hakimiyyəti razılaşmaya can atır və əlaqə qurmağa hazırdır.
Ağ Ev rəsmiləri qeyd edirlər ki, İranda etirazlar əsasən sakitləşsə də, vəziyyət diqqətlə izlənilir. Tramp hələlik hərbi zərbələrin endirilməsi ilə bağlı yekun qərar verməyib və bu həftə əlavə məsləhətləşmələr apararaq hərbi variantları nəzərdən keçirəcək.
Bununla yanaşı, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "USS Abraham Lincoln" nüvə aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupunun Hind okeanı sularında fəaliyyət göstərdiyini təsdiqləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə bildirib ki, ölkənin ordusu ABŞ qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini yaxından izləyir və müdafiə imkanlarını gücləndirmək üçün tədbirlər görür.
Asya
Milli.Az





