Cəmiyyət

Müdrikləşən, kamilləşən 80 illik ömür

24 Yanvar 2017 19:12
10 Şərh     Baxış: 2 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konfutsi deyib ki, alicənab insan özündən çox şey, başqalarından isə az şey gözləyər. Qədim Çin mütəfəkkirinin bu deyimini sübut etmək üçün, məncə, onun "Lun yuy" əsərini oxumağa heç bir gərək yoxdur. Yetər ki ətrafımıza baxaq və belə bir insanları canlı olaraq axtarıb görək. Xoş o insanların halına ki, ətrafında belə bir qiymətli insanlar var. Mən də həmin o xoşbəxt insanlardan biriyəm ki, daima ətrafımda belə insanlar çox olub. Elə bu dəfə də o insanların birinin haqqında yazacağam.

2002-ci ilin noyabr ayı idi. Bakı Dövlət Universitetinin magistraturasını bitirib Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutuna işə qəbul olunmaq üçün gəlmişdim. Bu gün qaynar qazan kimi qaynayan Fizika İnstitutunda o vaxt çox az sayda insan gözə dəyirdi. 1990-cı illərin ağır iqtisadi və siyasi böhranları elmin də pərənini pozmuşdur. Alimlərin bir çoxu xaricə işləməyə, bir çoxu isə elm yolunu ataraq müxtəlif işlərin arxasınca gedib bir tikə çörək pulu qazanmala məşğul idi. Maaş azlığına görə də elmə gəlmək istəyənlərin sayı çox az idi. Bu səbəbdən də Fizika İnstitutunda laboratoriya seçimim sərbəst idi. İxtisasım da bərk cisimlər fizikası elektronikası olduğundan Bakı Dövlət Universitetində magistr dissertasiya işimdə elmi rəhbərim olmuş professor Əhməd Abdinov məşhur Azərbaycan alimi Xudu Məmmədovun elmi məktəbi - kristalloqrafiya istiqaməti üzrə fəaliyyət göstərən laboratoriyanı seçməyimi məsləhət bilmişdi. Digər müəllimim, dostum Maarif Cəfərov isə daha konkret istiqamət verərərək həmyerlim, "Quruluş və quruluş çevrilmələri" laboratoriyasının müdiri professor Yusif Əsədovun yanında işləməyi məsləhət gördü.

Deyilənləri və öz istəyimi də nəzərə alaraq "Quruluş və quruluş çevrilmələri" laboratoriyasına gəldim. Professor Yusif Əsədovun otağını soruşub tapdım. Onunla xeyli söhbət etdikdən sonra dedi ki, "oğul, düş aşağı, Qəhrəman müəllim rentgen otağında olacaq, 113-cü otaqda. Onunla da görüş, laboratoriyamızla tanış ol". Dördüncü mərtəbədən enib birinci mərtəbədəki həmin məşhur "rentgen otağı"nın qapısını döydüm. İçəridən səs verən olmadı. Bir az da bərk döyəclədim qapının ortasından. Yenə də içəridən səs gəlmədi. Özümdən qeyri-ixtiyarı qapının dəstəyindən tutub aşağı əyib, özümə tərəf çəkdim. Qapı açıq idi. İçəri girdim. İçəridə dörd ədəd böyük cihaz vardı. ДРОН-3, ДРОН-4M, ИРИС cihazlarının sovet istehsalı, "SINTEX" cihazınn isə xaricdə istehsal olunduğunu  baxan kimi bilmək olurdu. Otağın ortasında böyük bir stol vardı. Stolun baş tərəfində yan-yörəsində kitablar olan əyləşib əlindəki loqarifmik xətkeşdə hesablama aparıb, tapdığı qiymətləri də qarşısındakı kağıza yazan eynəkli bir kişinin əyləşdiyini gördüm. İrəli gəlib salam verdim. Astaca eynəyini çıxardıb stolun üstündəki digər eynəyini gözünə taxıb gülümsəyərək: "Bıy! Əleykümə salam! Sən haçan gəldin?", - dedi. Düzü içəri icazəsiz girdiyimdən utandım. Dedim yəqin acığı tutub, özü bilərəkdən belə deyir. Elə bu məqamda müəllimin "əşşi, otur görək, kimsən, nəçisən, hardan gəlib, hara gedirsən?" sualı məndəki bütün şübhələrə son qoydu...

Bax elə o andan da həyatımdakı bütün şübhələrə son qoyuldu. Gedəcəyim yoldakı bütün tərəddüdləri, narahatçılıqları, gərginlikləri aşmaqda yardımçım olmuş o nurlu insan, əvəzsiz şəxsiyyət, böyük alim, sözün həqiqi mənasında əsl ziyalı Qəhrəman Hüseyn oğlu Hüseynov haqqında yazacağam.

1937-ci ilin qarlı, çovğunlu bir qış axşamında - 25 yanvarda gözəl Ağdamımızın Gülablı kəndində kolxozçu Hüseyn kişinin və Zərixanım ananın ailəsində 7-ci uşaqları doğulur. Bilmirəm bu oğlan uşağına ad qoymaq kimə həvalə olunur, kim qoyur onun adını. 37-ci ilin tuthatutunda, vurhavurunda, güllələnmənin, sürgünün adi hal aldığı illərdə doğulan oğlan uşağına Qəhrəman adının verilməsi sözün həqiqi mənasında ən düzgün seçim idi. Balaca Qəhrəmanın zəif çiyinlərinə həyat özündən dəfələrlə ağır yük qoydu. Böyük Vətən müharibəsinin başlanması ilə ailənin başçısı Hüseyn kişi müharibəyə gedir və ailənin dolanışıq qayğıları daha da artır. Oxumağa böyük həvəsi olan Qəhramanı heç bir problem öz yolundan döndərə bilmir. Bütün çətinliklərə baxmayaraq o oxuyur. Bir sözlə o, üzərinə düşən yükləri ömrü boyu şərəflə çəkdi. Qəhrəman Hüseynov yaşa dolduqca həyat onu daha da mətinləşdirirdi.

Gülablı kənd orta məktəbdə təhsilini başa vurduqdan sonra, Ağdam şəhər 1 sayı orta məktəbinə gedib. Böyük türk oğlu, kristalloqraf alim Xudu Məmmədovla olan qohumluq əlaqəsi isə onun həyat yolunu təhsilə, elmə bənd etdi. Gənc yaşlarından dağlarda, çay yataqlarında tapdığı sxurlara olan marağı onu 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsinə mühəndis-geoloq ixtisasına apardı. 1960-cı ildə Universiteti bitirdikdən sonra əmək və eyni zamanda, elmi fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvü və Fiziki Kimya İnstitutunda böyük alim Xudu Məmmədovun rəhbərlik etdiyi "Kristallokimya" laboratoriyasına kiçik elmi işçi vəzifəsində başlamışdır. Elmə olan böyük həvəsi onu 1961-ci ildə Moskvaya apardı. Həmin illərdə SSRİ Elmlər Akademiyasının bütün institutları dünyanın ən güclü elmi mərkəzlərindən idi. Məhz buna görə də gənc, qətiyyətli, cəsarətli Qəhrəman Hüseynov SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiraturasına daxil olur. O, 1962-1965-ci illərdə dünyanın ən məşhur kristalloqraflarndan biri olan akademik Nikolay Vasilyeviç Belovun rəhbərliyi altında elmi tədqiqat işləri aparmışdır.

Qəhrəman Hüseynovun aldığı mötəbər elmi nəticələr dövrünün ən nüfuzlu elmi dərgilərində çap olunmuşdur. Qısa bir müddətdə onun savadı, biliyi öz həmkarları arasında geniş rezonans doğuraraq onu kristalloqrafiya mütəxəssisi kimi etriaf etməyə başladılar. O, dissertasiya işini zamanında tam yekunlaşdırıb müdafiəyə çıxarmağa hazırlaşdığı bir vaxtda hansısa rus alimin öz ünvanına işlətdiyi "əyalət aspirantı" ifadəsinə etirazını bildirərək müdafiə etməkdən imtina etmişdir. Uzun müddət bütün səy və xahişlərə baxmayaraq, dediyi sözdən dönməmişdir. Nəhayət akademik Belovun şəxsən özü bu israra qarşı çıxır və ona: "Roman, əgər sən bu yolda gedəcəksənsə, müdafiə etməsən səndən savadsızlar bu sahədə danışanda sənin elmi dərəcən olmadığından sakitcə durmağa məcbur olacaqsan. Çünki o alim olduğundan ona inanacaqlar" deyir. Bu sözlərdən və akademik Belovun təkidindən sonra onu fikrindən döndərmək mümkün olmuşdur. Nəhayət ki, Qəhrəman Hüseynov 1968-ci ildə qondarma erməni genosidi günündə - 24 apreldə namizədlik dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 

1972-ci ildən taleyini Fizika İnstitutu ilə bağlayan Qəhraman Hüseynov hazırda həmin İsntitutda aparıcı elmi işçi kimi fəaliyyət göstərir. Onun tədqiqat sahəsi olduqca şaxəli və genişdir. Onun əsas elmi tədqiat istiqaməti mürəkkəb yarımkeçirici birləşmələrin alınması, onların kristal quruluşlarının açılması, mövcud quruluş-faza keçidlərinin araşdırılması və digər fiziki xassələrinin öyrənilməsinə həsr olunub. Əhəmiyyətli elmi nəticələri kimi bir sıra mürəkkəb tərkibli orijinal kristal quruluşların açılmasını göstərmək olar. Onun kristallokimyəvi qanunauyğunluqlar əsasında məqsədyönlü əvəzləmələrdə müxtəlif valentli kationların quruluş əmələgəlməsində və bəzi fiziki xassələrin idarə olunmasında rolu, "quruluş yaddaşı" və sair kimi tədqiqat işləri elmi ictimaiyyət tərəfindən birmənalı qəbul edilərək, onun beynəlxalq elmi nüfuzunun artmasına gətirmişdir.

Qəhrəman Hüseynovun tədqiqat işləri dünyanın - Rusiyanın, Ukraynanın, Fransanın, İngiltərənin, Amerikanın, Çinin, Polşanın nüfuzlu elmi jurnallarında 120-dən çox elmi məqalə halında çap olunmuşdur. O, mürəkkəb yarımkeçiricilərin məqsədyönlü tenxnologiyası, onların rentgen-quruluş analizi və kristallokimyası sahəsində beynəlxalq müstəvidə tanınan, istinad edilən bir alim kimi Beynəlxalq Kristaloqrafiya Cəmiyyətinin üzvü seçilmişdir. O həmçinin Rusiya Elmlər Akademiyasının Kristalllokimya bölməsinin həqiqi üzvüdür.

Qəhraman müəllimin elmi işlərindən, onun apardığı tədqiatlarından saatlarca danışmaq bəhs etmək olar ki, insan yoruldum deməz. Amma bu insanın ən böyük xüsusiyyəti - onun alimliyinin də, ziyalılığının da, dostluğunun da, yoldaşlığının da onun dərin insani keyfiyyətinə bağlı olmasındadır. Onun bütün keyfiyyətləri və xüsusiyyətləri vahid mərkəzdən, insanlıq nöqtəsindən idarə olunur. Tanrı Qəhrəman müəllimə çox şey verib. Daha doğrusu Qəhrəman müəllim Tanrının ona bəxş etdiyi hər şeylə kifayətlənən, razılaşan, artığına iddia etməyən, əlindəkini hər kəslə bölən, zəifin yanında, güclünün qarşısında duran bir insandır. Həyatı boyu öz keçmişində çəkdiyi əziyyəti heç kimin çəkməməsini istəyən bir insan kimi hamıya əl tutmuş, geridə qalanı ən pis halda özü ilə bərabər aparmışdır. Ona ehtiyacı olanın yanında olmuşdur. Şöhrətə, ali ada, vəzifəyə marağı, meyli və iddiası olmayan bir insan kimi daim öz orbitində olmuşdur. "Daş düşdüyü yerdə daha ağır olar" deyib öz işləri ilə məşğul olmuşdur həmişə.

Öz işində məsuliyyətli, qətiyyətli olan Qəhrəman Hüseynov onlarca aspirant və dissertantın yetişdirilməsində böyük xidmətləri olan insan və alimdir. Bu gün də onun rəhbərliyi altında üç nəfər aspirantı və onlarca elmi məsləhətə gələn alim yetişir. Mən də bir alim kimi yetişməyimdə, püxtələşməyimdə Qəhrəman Hüseynova borcluyam.

Şeyx Nizaminin, Füsulinin, Sabirin, Üzeyr bəyin, Cəfər Cabbarlının, Cavidin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin yaradıcılığından, onların külliyyatından dərin məlumatı olan Qəhraman müəllim 80 illik ömür yolunda kimyaçı, fizik kimi yetişdiyinə görə ədəbiyyata minnətdar olduğunu deyir hər zaman.

Onun qələmindən çıxan bütün yazılar, istər elmi olsun, istər də bədii, publisitik yazı olsun onun ruhunun mayasında yoğrulub çıxmış olur. Qəhrəman müəllim müdrikliyə yaşı ilə çatan ağsaqqallardan deyil. O, daim kamillik yolunun səyyahı olmuşdur. Uca Tanrı da onun bəxtinə bu yolu yazmışdır. Tale-qismət elə gətirib ki, mən bu böyük insanı bir çox cəhətlərdən tanıya bilmişəm, öyrənə bilmişəm. Onu bir qardaş kimi bacı-qardaşlarının necə sevdiyinin, bir ata kimi övladlarının ona bağlılığının, bir baba kimi nəvələrinin pərvanə kimi onun başında dolaşmasını, bir qohum kimi qohumlarının onu necə arzuladığının, iş yoldaşlarının ona olan məhəbbətinin şahidi olduqca bir qənaətə gəlirəm, əsl MÜKƏMMƏL İNSAN elə belə olur, əsl MÜDRİKLİK belə olur.

Əziz Qəhraman müəllim, əziz ata, əziz əmi, əziz dost, əziz qardaş, əziz sirdaş, bəli, özün də dediyin kimi müdrik Səmədimiz deyb ki, "Bir yandan boşalıb, bir yandan dolan dünyadır" dünyamız. Nə yaxşı ki, sirrini sirdaşa verməyən bü dünyamızda Sizin kimi insanlar da var. Yaxşının pisə, xeyrin şərə, qüdrətin çöküşə qalib gəlməsi Sizin kimi insanların sayəsində mümkün oldu. Nə yaxşı ki varsınız. Nə yaxşı ki, bizimləsiz. Nə yaxşı ki, Azərbaycan elmindəsiz. Nə yaxşı ki dünyamızdasız!!!

80 yaşlı kişi, doğum günün mübarək!

80 yaşlı alim, ad günün mübarək!

80 yaşlı müdrik, müdrikliyin mübarək!!!

Yusif Alı Afşar

Fizika üzrə fəlsəfə doktoru, dosent

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.