"Eltv" və "Nova Gorica" kino mərkəzi yeni sənədli filmin çəkilişlərinə başlayıblar. "Vətənim Qarsdır" adlı sənədli film kimya elmləri doktoru, professor Hacalı Nəcəfoğluya həsr olunur. Filmin qəhrəmanı Türkiyənin Qars Universitetinin kimya kafedrasının müdiridir. 60 yaşlı professor 40 ildir ki, elmi fəaliyyətlə məşğuldur. 20 ildir Türkiyədə müəllim kimi fəaliyyət göstərir.
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Hacalı Nəcəfoğlu 1955-ci ildə Hacıqabul rayonunda doğulub, 1972-də Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. Həmin dövrdə elmi fəaliyyətə başlayıb. Xudu Məmmədovun aspirantı olub, onun rəhbərliyi ilə elmi müdafiəsini edib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində müəllimlik edib. 1992-ci ildən Türkiyədə çalışır. 1992-1995-ci illərdə Ərzurum Universitetində, 1995-ci ildən sonra Qars Universitetində dosent, sonradan isə professor kimi fəaliyyətdədir. Qərb dilləri və ədəbiyyatları, Slavyan dilləri və ədəbiyyatları, Çağdaş Türk Ləhcələri və ədəbiyyatları bölmələrində qurucu bölmə rəhbərliyini edib. Qafqaz Universitetinin Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin müdiridir. Hazırda universitetin xarici ǝlaqǝlǝr şöbǝsindǝ Qafqaz vǝ Orta Asiya ölkǝlǝri üzrə koordinatordur. Türkiyə Kimya Dərnəyi, Türkiyə Kristalloqrafiya Dərnəyi, Avropa Kristalloqrafiya Birliyi və Atatürk Kültur Mərkəzinin müxbir üzvüdür. 3 kitabın müǝllifi, 4 kitabın redaktoru, 2 kitabın tǝrcümǝçisi. 230-dan çox elmi mǝqalǝnin müǝllifidir. İngiltǝrǝ, Fransa, Slovakiya, İordaniya, Gürcüstan, Əlcəzair, Misir, Cǝnubi Afrika, İran, Qazaxıstan, Türkmǝnistanda keçirilǝn elmi konfraslarda mǝruzǝlǝrlǝ çıxış edib, 27 beynǝlxalq konfransın kitablarında tezislǝri çap olunub. Türkiyǝdǝ keçirilən kimya toplantılarında etdiyi 44 mǝruzǝnin tezislǝri dǝ yayımlanıb.
"Vətənim Qarsdır" adlı film Bakı, Ağdam, Bərdə, Hacıqabul və Qarsda çəkilir. Filmin prodüseri İqbal Məmmədəliyev, ssenari müəllifi Tahir Əliyev, rejissor Pərviz Səlimov, operator Faiq Kərimovdur.
Milli.Az