Cəmiyyət

Azərbaycanda növbə MƏDƏNİYYƏTsizliyi və biz...

23 İyul 2014 01:30
53 Şərh     Baxış: 9 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Növbəsiz "növbə"lər

Sırada durmaq və həmin sıranın qanununa riayyət etmək özü bir mədəniyyət simvoludur. Ancaq təəssüf ki, növbələr zamanı insanların bir-birinə qarşı kobud rəftarının şahidi oluruq. Səbrsiz davranıb kiminsə sırasına girib, özünü qabağa vermək isə əsl mədəniyyətsizlikdir. Marketlərdə, bankomat qarşılarında, metrolarda, avtobus dayanacaqlarında, banklarda və s, və s yerlərdə belə hallar ilə tez-tez qarşı-qarşıya gəlirik. Öz işini tez həll etmək eqoizmi etik normaları tapdalayır. Çoxusu bir addım irəli keçmək üçün önündəki insanı əzir, tapdalayır, itələyir. Kiminsə harasa tələsməsi və önündəki insana qarşı kobud davranması heç bir əsasla onu haqlı duruma salmır.

Ən çox rast gəlinən "növbəsizlik" əraziləri

Daha çox bankomatların qarşılarında və banklarda bu tip növbəsizlik halları müşahidə olunur. Ayın sonlarında yaxud da əvvəlində maaşlar, təqaüdlər verilərkən qarşısında insan izdiham olan bankomatların qarşısı bu cür "növbə"li növbəsizliyə öyrəşib. Ay boyu maaşlarını gözləyən insanlar pulları karta gələn kimi düşüncəsiz şəkildə növbəsizlik yaradırlar və kim nə cür gəldi o cür hərəkət edir. Bu da, öz növbəsində, hamıya çətinlik yaradır. Daha sonra banklarda da bu cür hadisələrə tez-tez rast gəlmək olar. Belə ki, bank sistemlərində xüsusi aparatdan öz sıra nömrəsini götürüb gözləməsinə baxmayaraq, yenə sırasını gözləməyib özünü "araya" salmaq istəyənlərin də sayı az deyil. Bu hal, öz növbəsində, xəstəxanalarda və klinikalarda da intensiv baş verir. Xəstəxanalarda bəzən xəstənin vəziyyətinin ağır olması belə ona növbədənkənar giriş etməyinə şərait yaratmır.

Problemin qaynağı

Problemin qaynağı hər birimizik. Ta uşaqlıqdan bizə bu məsələ qabardılsa və ciddi şəkildə aşılansaydı, bəlkə də, gənc nəsil bu situasiyanı dəyişə bilərdi. Bu yazılmamış, amma əməl olunması gərəkən vacib bir qanundur. Daha çox gənc nəslin səbrsiz və soyuqqanlı davranıb çılğın hərəkətləri ilə növbəsiz davranışları əyani sübutdur. Hər birimiz ən azı bir dəfə olsa belə, qarşımızdakı insana haqsızlıq edərək onun növbəsinə girmişik. Buna etiraz isə bəzən əks tərəfdən sərt və ciddi olur. Gündəlik eşitdiyimiz və artıq "növbələr sözü" kimi qəbullandığımız ifadələrdən məşhurları isə bəzən ciddi söz-söhbətə yol açır: "Adə, ay eşşək, növbəni gözləyəndə canın çıxır?", "sənə tərbiyə verənə bərəkallah", "ay qız, yavaş ol da tapdaladın e, məni", "ay bala, üstümüzdə futbol oynamadığın qaldı, gəl onu da elə" və s kimi tipli ifadələr orta və yaşlı nəsil tərəfindən bəzən işlənir. Yuxarıda bildirdiyim kimi, bu və bu tip ifadələr isə çox vaxt söz-söhbətə və dava-davalaşa gətirib çıxarır. Bütün bunlar adi bir şey üçün baş verir və nəticədə kiçik bir od böyüyərək tonqala çevrilir.

Problemin həll yolu (məsləhət)

Bu problemin həll yolu kimi bir neçə üzdə olan alternativ yol göstərilə bilər. Növbə mədəniyyətini təbliğ etmək üçün bu mədəniyyətə tabe olan insanlar aksiyalar və tədbirlər keçirə bilərlər. Seminarları da bu mövzuya ekstra plan kimi əlavə etmək heç də pis fikir olmaz. Bu tip təbliğat üsullarına (süni də olsa) ehtiyac duyulur. Problemin ən ideal həll üsulu isə növbə sayı göstərən cihazların sayının artması və növbələrin intensiv cərəyan etdiyi hissələrə qoyulmasıdır.

Son söz

Növbə zamanı növbəni gözləmək və onun qaydalarına riayət etmək özü böyük bir mədəniyyətdir. Çalışaq ki, tarix boyu qazandığımız mədəniyyətə bu cür düşüncəsiz hərəkətlər ilə xələl gətirməyək.

Niyaməddin Şirinov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.