Hadisə

“Fasilədə tualetə gedib və daha sonra məktəbi tərk edib” - YENİLƏNİB - FOTO

7 May 2024 16:32
Baxış: 6 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:32

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb.

Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib: "Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə edib və sinif otağına qayıtmadan məktəb ərazisini tərk edib. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, ötən gün Tərtər şəhər 2 saylı orta məktəbin şagirdinin başqa məktəbin şagirdi olan həmyaşıdı arasında dava-dalaş baş verib. Yeniyetmələr arasındakı əlbəyaxa dava zamanı onlardan biri ağır xəsarət alıb. Xəsarət alan 15 yaşlı məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəfat edib.

--------

13:21

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin 10-cu sinif şagirdi 6 may 2024-cü il tarixində vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.

"Şagirdimizin vəfat etmə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək" - açıqlamada bildirilib.

--------
11:30

Milli.Az xəbər verir ki, Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova APA-ya bildirib ki, hadisə tənəffüs zamanı, şagirdlər su içməyə gedəndə baş verib. Onun sözlərinə görə, məktəbin 10-cu sinif şagirdi A.Ə. bu gün 2 saat dərsdə iştirak edib, tənəffüsə çıxıb və geri qayıtmayıb: "Şagird tənəffüs zamanı məktəbin divarına bitişik şəhid bulağından su içməyə gedib. Zəng vurulub, şagird sinfə qayıtmayıb. Belə olanda şagirdin harada olması ilə maraqlandıq. Xəbər verdilər ki, şagirdimizi xəstəxanaya çatdırıblar və vəfat edib".

Direktor baş verən davadan məlumatlarının olmadığını deyib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Tərtər şəhər 5 saylı məktəbin şagirdi olduğu bildirilir.

----------
11:19



Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib. Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

-------
10:21


Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.