Cəmiyyət

Bakıda Milli Qəhrəmana məxsus tarixi bina söküləcək - FOTO

7 Fevral 2014 17:20
0 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının köhnə yaşayış sahələrindən olan Sovetskinin bir hissəsinin söküləcəyi ilə bağlı yerli sakinlərə xəbərdarlıq edilib

Lent.az-ın əldə etdiyi məlumata görə, sökülməsi planlaşdırılan ərazidə bir çox tarixi binalar da var. Bu binalardan biri də Azərbaycanın Milli Qəhrəmanı, görkəmli jurnalist Osman Mirzəyevə məxsus olan və 1916-cı ildə tikilmiş 3 mərtəbəli evdir. 1991-ci ildə Qarakənd faciəsi zamanı həlak olan Osman Mirzəyevin evi onun kiçik qızı, tanınmış telejurnalist Sevinc Osmanqızının mülkiyyətindədir. S.Osmanqızı hazırda ABŞ-da yaşayır.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Osman Mirzəyevin böyük qızı, Bakı Dövlət Universitetinin baş müəllimi, filologiya elmlər namizədi Lalə Osmanqızı bildirib ki, həmin binanı onun babası İkinci Dünya Müharibəsindən sonra alıb və ailə Keşlədən Sovetskiyə köçüb: "Bina zahirən çox gözəldir. Amma memarlıq baxımından elə də qiymətli deyil. Biz bununla bağlı tanınmış memar Şamil Fətullayevlə də söhbət etmişik. O da bildirib ki, bina o qədər də memarlıq və tarixi əhəmiyyətə malik deyil və kataloqlara salınmayıb".

L.Osmanqızı onu da bildirib ki, mülk Sevinc Osmanqızına məxsus olsa da, evdə hazırda əmisi oğlu yaşayır: "Bizim orada çoxlu xoş xatirələrimiz var. Amma yadımdadı, mən uşaq ikən atam söhbət edərdi ki, bu ərazilər söküləcək".

Qeyd edək ki, Sovetski ərazisində, konkret olaraq Akademik Milli Dram Teatrının arxasındakı 4 küçənin sakinlərə evlərini aprel ayına kimi boşaltmaları bildirilib. Mülk sahiblərinin hər birinə 1 kvadrat metri 1500 manatdan olmaqla kompensasiya verilir.

Onu da qeyd edək ki, Qış Bulvarının tikintisi zamanı Füzuli küçəsindəki bir tarixi bina texnoloji üsullarla sürüşdürülərək yerini dəyişmişdi və bu üsulla qorunmuşdu. Növbəti söküntülər zamanı bu praktikanın tətbiq edilib-edilməyəcəyi hələlik məlum deyil.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.