Hazırda bütün dünyada maraq doğuran turizm yerləri əsasən arxeoloji qazıntılar zamanı üzə çıxan qədim mədəniyyət abidələridir. Çünki qədim tarixi məlumatlar və arxeoloji tədqiqatlar həmişə cəlbedici olub. Azərbaycanın da qədim zəngin tarixi imkan verir ki, onu tədqiq edərək turistləri ölkəmizə cəlb edək. Hazırda bu sahədə bir sıra işlər aparılır. Bu baxımdan Ağsu şəhərində yerləşən "Orta əsr Ağsu şəhəri" Arxeoloji Turizm Kompleksi" layihəsi xüsusi diqqət çəkir.Qafar Cəbiyev: "21-ci əsrdə yalnız elmi nəticələrə hesablanmış qazıntılarla qənaətlənmək olmaz, məsələnin turizm tərəfi mütləq nəzərə alınmalıdır"
Oktyabrın 19-da "Miras" Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və "Heritage" Travel Turizm Şirkətinin təşkilatçılığı ilə KİV nümayəndələri və turizm şirkətlərinin 40-a yaxın təmsilçisi Orta əsr Ağsu şəhərinə yollandı. Hər il təşkil olunan ənənəvi infoturun keçirilməsində əsas məqsəd Orta əsr Ağsu şəhərində aparılmış konservasiya və bərpa işlərinin son durumu, arxeoloji turizmin inkişaf perspektivləri, Bəyimli kəndi ərazisindəki Torpaqqala-Mehrəvan abidəsində aparılan arxeoloji kəşfiyyat işlərinin nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarət idi. Bizim də iştirakçısı olduğumuz səfər zamanı Orta əsr Ağsu şəhəri ərazisindəki III, IV və V qazıntı sahələrində konservasiya və bərpa işlərinin yekunları, habelə VII sahədə anbar-buzxanada aparılan konservasiya və bərpa işlərinin gedişi ilə tanış olduq.
"Qazıb, çıxıb getməklə iş bitmir"
Kompleksə daxil olduqda, bizi ilk olaraq Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev qarşıladı və Ağsuda hazırlanan arxeoloji turizm kompleksinin tarixindən, turistləri bu məkana hansı şəkildə cəlb edə biləcəklərindən danışdı. Onun sözlərinə görə, bir neçə il bundan öncə Azərbaycanın müxtəlif məkanlarında aparılmış tədqiqatlar hazırda turizm üçün yararsız şəkildədir: "Tarixə boylansaq görəcəyik ki, 100 il ərzində aparılmış arxeoloji tədqiqatların çoxunun yeri bəlli deyil. Misal üçün, uzun müddət Qəbələdə arxeoloji tədqiqatlar aparıldı. Daha sonra Davud bəy Şərifov 1926-cı ildə bir çox ərazilərdə qazıntı işləri apardı, müəyyən bilgilər əldə etdi. Ancaq bu gün gedib o yerə baxsaq, həmin tapıntıları görə bilməyəcəyik. 1970-ci illərdə Qara Əhmədovla birlikdə qazıntı apardığımız yerlərə gedib baxsaq, görəcəyik ki, həmin əraziləri kol-kos basıb, bərbad gündədir. Orada aparılan tədqiqatlardan heç bir əsər-əlamət qalmayıb.
Söhbət ondan gedir ki, uzun illər ərzində tədqiqatlar sırf elmi nəticələrə istiqamətlənib. Alimlər gedib hansısa ərazidə tədqiqat aparıb, oradan elmi nəticələr əldə ediblər. Əldə olunan nəticələr isə hesabatlara daxil edilib, ancaq təəssüflər olsun ki, onların bir çoxları çap olunmayıb. Ən yaxşı halda isə həmin nəticələr akademiya jurnallarında, illik nəşrlərdə qısa məqalələr formasında çap olunmaqla bitib. Artıq 21-ci əsrdir. İndi yalnız elmi nəticələrə hesablanmış qazıntılarla qənaətlənmək olmaz. Qazıntılar həm də konservasiya yönümlü işlərlə tamamlanmalıdır. Yəni qazıb çıxıb getməklə iş bitmir. Tapılan hər bir tarixi abidə mütləq şəkildə konservasiya olunmalıdır. Azərbaycanda turizm inkişaf etməyə başlayıb.
Adətən turistlər səyahətə iki şeydən ötrü gedir. Birincisi, təbiət üçün, ikincisi isə tarixi üçün. Təbiətlə tarix yanaşı olduqda, həmin məkan turistləri maqnit kimi özünə cəlb edir. Bizim niyyətimiz də odur ki, Azərbaycan turizm məmləkətinə çevrilsin. Bunun üçün Azərbaycanda hər cür imkan yaradılıb. Çatmayan tək şey tarixi və arxeoloji abidələrimizi lazımi səviyyədə təqdim etməkdir". Q.Cəbiyevin sözlərinə görə "Ağsu Arxeoloji Turizm Kompleksi" layihəsi bu işdə ilklərdən biri hesab olunur: "Biz bu məkanda təkcə tədqiqat aparmamışıq. Tədqiqat aparılmış ərazilərdə həm də konservasiya işləri aparıb, buranı olduğu kimi turistlərə təqdim edirik. Artıq bu məkanda bizim orta əsrlərə dair tədqiqat işimiz bitib".
Daha sonra 40 hektarlıq sahənin gəzintisinə çıxaraq tapılan tarixi abidə və irili-xırdalı əşyalarla tanış olduq.
"Tilsimi sındırdıq"
Miras İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli kompleksdə görülən işlər haqqında məlumat verərək, bizə nümayiş etdirdiyi kompleksin hazırlanması prosesindən və orada baş verən tarixi hadisələrdən bəhs etdi. Onun sözlərinə görə, arxeoloji qazıntılar nəticəsində 300, hətta 400 il əvvəl olmuş yaşayış prosesini öyrənmək mümkündür: "Bu şəhər 1735-ci ildə Nadir şah tərəfindən salınıb. Nadir şahın qardaşı bu vilayətin rəhbəri olub. Biz burada böyük tikililər aşkar etmişik. Ümumiyyətlə, şəhəri tam öyrənmək üçün hələ 120 il vaxt tələb olunur. Təqdim etdiyimiz ərazi 1,5 hektardır. 3 ilə 1,5 hektar ərazini aşkar edə bilmişik. İnanıram ki, gələcəkdə bundan da əhəmiyyətli tapıntılarımız olacaq".
F.Xəlilli əlavə etdi ki, Azərbaycanda indiyə kimi son orta əsr mədəniyyəti öyrənilməyib: "Ümumiyyətlə, biz arxeoloji baxımdan xanılıqlar dövrünün şəhərləri barədə geniş məlumata sahib deyilik. Arxeoloqlar bunun çox yaxın tarix olduğunu, onu öyrənməyə ehtiyac duymadıqlarını söyləyiblər. Etnoqraflar isə həmin dövrü nə qədər öyrənməyə çalışsalar da, 19-cu əsrdən o tərəfə keçə bilməyiblər.
İlk dəfə olaraq biz bu tilsimi sındırdıq. Bu gün Azərbaycanda son orta əsr şəhər mədəniyyətini öyrənmək üçün ən yaxşı kompleks yaratmışıq. 2012-ci ildə bizim dörd min ziyarətçimiz oldu. Bu bir çox qoruqların və muzeylərin ümumi göstəricisindən artıq rəqəmdir. Bu il isə bu rəqəmi ikiqat artırmaq niyyətindəyik. İnsanlar bu məkana gəlib rahat şəkildə həm istirahət, həm də arxeoloji tapıntıları izləyə bilərlər. Bu şəhər üzü qiblə istiqamətində tikilmiş müsəlman şəhəridir".
Orta əsr Ağsu şəhəri dünyəvi tədqiqat halını alıb
F.Xəlilli gələn il mayın 28-31-də Ağsu Arxeoloji Turizm Kompleksində "Beynəlxalq Yokoku" konfransının keçiriləcəyi barədə mətbuat nümayəndələrinə məlumat verdi: "Yokokunun mənası mədəni irsin konservasiyasında gənclərin fəaliyyətinin qeyd olunması deməkdir. Konfransın dördüncü nümayişi məhz bu kompleksdə həyata keçəcək. Onu da nəzərinə çatdırım ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən alimlərin bu kompleksə marağı xeyli artıb.
Çünki bizim qazıntılar zamanı tapdığımız bir çox tapıntılar elə bir tapıntılardır ki, nəinki Azərbaycanın, Avropanın, eləcə də Şərqin tarixi ilə bağlıdır. Bu, dünyəvi bir tədqiqat halına gəlib". İnfotur iştirakçılarına bələdçilik edən Fariz bəy XVII əsrdə yaşayanların buzxana kimi istifadə etdikləri məkandan ötən il qızıl dəfinəsi aşkar edildiyini və həmin qızıl dəfinəsinin hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunduğunu söylədi. O, qeyd etdi ki, həmin dəfinədə 37 ədəd Holland çervonu aşkar edilib. Bu da onun göstəricisidir ki, şəhər elə də kasıb olmayıb.
Arxeoloji Turizm Kompleksindən çıxaraq şəhərdən bir qədər aralıda XV-XVI əsrlərə aid Növcü Daş Qoç Qəbirləri Xatirə Abidəsinə yollandıq və orada Miras İctimai Birliyinin təşəbbüsü ilə görülmüş konservasiya və abadlıq işləri ilə tanış olduq.
Mətbuat nümayəndələrinə abidə ilə bağlı məlumat verən Qafar Cəbiyev iki qoç abidəsi haqqında danışarkən Ağqoyunlu və Qaraqoyunlu nəsillərinə məxsus Azərbaycan və yaxın Şəqdəki minlərlə daş qoç qəbirlərindən yalnız ikisinin bizə tam şəkildə gəlib çatdığını söylədi: "Burada yatanlar necə mübarək insanlar olub ki, onların xatirəsinə qoyulmuş bu xatirə abidəsi əsrlərlə mühafizə olunub və bu günümüzə çatıb".
Günün sonunda infotur iştirakçıları "AzQranata" Şirə və Şərab Emalı Zavoduna baş çəkdi. Orada məhsulun qəbulu və texnoloji proseslərlə yaxından tanış olaraq meyvə şirələrinin hazırlanma prosesinin canlı şahidi olduq. Zavodun direktor müavini, professor Vüqar Mikayılov dünyanın ən qabaqcıl şirə istehsalı müəssisələrindən biri olan "AzQranata" Zavodu və orada istehsal olunan məhsullar barəsində məlumat verdi. Onun sözlərinə görə, əsrlər boyu Azərbaycan mətbəxində önəmli yer tutan abqora suyunun dünyada ilk dəfə olaraq sənaye üsulu ilə istehsalı məhz Azərbaycanda gerçəkləşib.
İnfoturun sonunda iştirakçılara Mİras İctimai Birliyinin sertifikatları və birliyin nəşrlərindən ibarət hədiyyələr təqdim olundu.
Kaspi.az
Böyütmək üçün şəkillərə klikləyin.