Siyasət

Azərbaycan qadını cəmiyyətdə uca tutulur

8 Mart 2014 11:52
Baxış: 18 023

Mehriban xanım Əliyevanın təltif olunduğu beynəlxalq mükafatlar Azərbaycan qadınının dünyadakı böyük nüfuzunun daha bir təsdiqidir

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin material verib. Orta əsrlər Azərbaycan qadını ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində sözünü deyib.

XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını XX əsrdə - istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.

Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmini istiqamətində mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilmiş, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun olaraq öz təşkilatlarını yaratdılar.

Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Dövlət başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: "Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir".

2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qadın-kişi bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.

2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbulu qadın məsələlərinin hər zaman Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olduğunun təzahürüdür. Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də deyilənləri bir daha təsdiq edir.

Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Fondun prezidenti Mehriban Əliyeva öz intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmışdır. UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Mehriban Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar guşələrinə belə çatdıra bilmişdir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.

Mehriban xanım Əliyeva indiyə qədər çoxsaylı mükafatlara, təltiflərə layiq görülüb. UNESCO və İSESCO-nun "Xoşməramlı səfiri" olan Mehriban Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif edilib. Mehriban Əliyeva 2005-ci ildə ölkəmizdə "İlin qadını" adına, xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.

Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Mehriban xanım Əliyeva 2009-cu ildə Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Fransanın "Şərəf Legionu" ordeni və UNESCO-nun "Qızıl Motsart" medalı ilə təltif olunub.

Ermənistanın işğal etdiyi ərazilərimizdən qaçqın və məcburi köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına və 2011-ci il iyunun 24-də isə Krans Montana Forumunun qızıl medalına layiq görülüb. 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən "Birlik Ulduzları" dövlətlərarası mükafatına və Krans Montana Forumunun "Prix de la Fondation" mükafatına layiq görülüb. Pakistanın nüfuzlu "Daily Times" qəzeti və Qadın Könüllülər Təşkilatı isə Mehriban Əliyevanı "Humanizm simvolu - 2012-ci ilin adamı" elan edib.

Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülüb. Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçılarının, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib. Mehriban Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfələrə görə layiq görülüb. Bütün bunlar ölkəmizin birinci xanımının nəcib əməllərinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə verilən yüksək qiymətlərdir.

Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

"Azərbaycan"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.