İqtisadiyyat

Natiq Əliyev: "OPEC və qeyri-OPEC ölkələri anlaşdılar"

10 Dekabr 2016 22:41
Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin görüşünün yekunları ilə bağlı Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Natiq Əliyev iclasın müsbət keçdiyini, OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannaməni razılaşdırdıqlarını bildirib.
Onun sözlərinə görə, görüşdə OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barrel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.
Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barrel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barrel azaltmağa razılaşıb. Natiq Əliyev bildirib ki, qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib.
OPEC və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Eyni zamanda tədbirdə iştirak etməyən digər qeyri-OPEC ölkələri də bu sazişə qoşulmağa dəvət edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.