İqtisadiyyat

Bakını aldatmaq istəyən öldü

8 Fevral 2016 07:10
2 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Financial Times" qəzetinin icmalçısı Stiv Conson: Braziliya, Rusiya, Hindistan və Çinin qarşısıalınmaz iqtisadi inkişaf törətdiklərinə dair inanca əsaslanan BRIC məfhumu 2001-ci ildə təqdim olunub və 10 ildən artıq bir müddət ərzində şüurlara təsir göstərib. Daha sonra bu ölkələrin siyahısına Cənubi Afrika da əlavə olundu və BRICS adı yarandı. 

Lakin hazırda Braziliya və Rusiyada baş qaldıran böhran BRIC fərziyyəsinə inamı o dərəcədə sarsıtdı ki, hətta ötən ilin sonlarında Goldman BRIC-dəki investisiya fondunu bağlatdı.

The Financial Times-da dərc olunmuş "The Brics are dead. Long live the Ticks" ("BRICS öldü. Yaşasın TICKS") məqaləsində bildirilir ki, dünyanın ən böyük investisiya banklarından biri "Goldman Sachs"ın Rusiya, Braziliya, Hindistan və Çin iqtisadiyyatlarına  investisiyalar yatıran BRİC (Brazil, Russia, India and China, BRİC) fondu qapadılıb.

Daha doğrusu, fond fəaliyyətini dayandırıb.

ABŞ-ın Birjalar və Qiymətli Kağızlar Komissiyasının (U.S. Securities and Exchange Commission) sənədlərinə görə, BRİC fondu bundan belə "Goldman Sachs"ın inkişaf etməkdə olan bazarlara dəstək Fondunun tərkibində kiçik istiqamət olacaq.
Qərarın səbəbi fondun son illərdə məruz qaldığı ağır itkilərdir. Belə ki, 2010-cu ildən etibarən fondun gəlirləri 21 faiz azalıb, aktivlərinin ümumi həcmi isə 5 il əvvəlki pik göstəricilərlə müqayisədə 88 faiz aşağı düşüb.
Analitiklərin fikrincə, fondun təsisçiləri Çin iqtisadiyyatına sərmayələrin yüksək gəlir səviyyəsinə bel bağlamaqla yanaşı, Rusiya, Braziliya və Hindistanda sürətli iqtisadi inkişafın davam edəcəyini düşünürdülər. 
Hələ 2011-ci ildə "Goldman Sachs"ın belə nikbinliyinin heç bir səbəbi olmadığı deyilmiş, BRİC-ə daxil olan ölkələrdə işsizlik səviyyəsinin artacağı, sənaye istehsalı və ümumdaxili məhsulun (ÜDM) aşağı düşəcəyi təxmin edilmişdi.
Situasiya proqnozlaşdırılandan da pis oldu.
Krım və Ukraynadakı olaylara görə Rusiya Qərbin sanksiyalarına məruz qaldı, Hindistanda iqtisadi istalahatların tempi zəiflədi, Çində iqtisadi inkişafın intensivliyi azaldı.

"Goldman Sachs" bankı durumun o qədər də pis olmadığı görüntüsünü yaratmaq üçün bəyan edib: "Fondların birləşdirilməsi yeni investorları cəlb edəcək, çünki ölkələrin sayı və sərmayə variantlarının sayı artır.
BRİC fondunun qapanması, fəaliyyətini dayandırması bu ideyaya hətta onun banilərinin və müəlliflərinin də inanmadıqlarını göstərir.
İngilis dilində "brick", yəni "kərpic" kəlməsinə bənzəyən BRİC amerikalı iqtisadçı, 2000-ci illərdə "Goldman Sachs"da çalışmış Cim O`Nillin tapıntısıdır.
2001-ci ildə o, "Build better BRİCs" adlı məqalə ilə çıxış edərək dünya iqtisadiyyatının gələcəyinin böyük, amma inkişaf etməkdə olan və əhalisi çox ölkələrlə bağlı olduğunu bildirmişdi. O`Nill bu ölkələr qismində Braziliya, Çin, Rusiya və Hindistanı gördüyünü vurğulamışdı.
Bu ölkələrin iqtisadiyyatlarının strukturları, siyasi modelləri və dünya birliyi ilə münasibətləri fərqli olduqlarından həmin dövlətləri birləşdirəcək dəyərləri düşünmək çətindi.
O`Nill belə iddia ilə çıxış etdi və çox qısa zamanda məşhurlaşdı.
BRİC ideyası yaranan kimi mübahisələr başladı. İqtisadiyyatı stabil olmayan Rusiyanı bu birliyə şamil etmək nə dərəcədə doğrudur? Birliyə başqa ölkələri, məsələn, Cənubi Afrika Respublikasını da daxil etmək olarmı? Bəlkə, BRİC elə Braziliya olmadan da normal fəaliyyət göstərə bilər?
Suallar çox, mübahisələr qızğındı.
Amma hər şeyə rəğmən, BRİC ideyası inkişaf etməkdə olan dövlətlərlə yanaşı, Qərbdə bir sıra iqtisadçılar və strukturlar tərəfindən pis qarşılanmadı. BRİC-lə bağlı fondlara pul yatıran investorlar isə böyük gəlirlər əldə edirdilər.
2000-ci illərin ortalarında Braziliya iqtisadiyyatı ildə 5-6 faiz, Rusiya - 7 faiz, Hindistan - 9-10 faiz, Çin isə 12-14 faizlik illik inkişaf sərgiləyirdi.
BRİC termini ilə siyasətçilər də maraqlanmağa başladılar. 2009-cu ildə Rusiyada BRİC-in ilk zirvə toplantısı keçirildi, tədbirə Braziliya, Rusiya, Hindistan və Çinin dövlət başçıları qatıldılar. İki il sonra isə artıq iqtisadi yox, siyasi birliyə çevrilmiş BRİC sıralarına Cənubi Afrika Respublikası da qatıldı.
2012-ci ildə BRİC ölkələri birgə inkişaf bankının yaradılmasına qərar verdilər.
Bir sözlə, qurum yalnız formal qaydada investisiyalarla bağlı olan fəaliyyətdə idi.


Çünki strukturdakı ölkələrin liderlərinin fikrincə, sırf iqtisadi baxımdan BRİC ilkin mənasını və mahiyyətini itirmişdi.

2008-ci ildə başlanan qlobal maliyyə-iqtisadi böhransa BRİC ölkələrində, yumşaq desək, hər şeyin normal olmadığını, iqtisadi inkişaf göstəricilərinin sabun köpüyünə bənzədiyini göstərdi. Xam neft və təbii qazın satış qiymətləri ucuzlaşan kimi Rusiyada resessiya başladı.

Daha sonra qlobal bazarlarda metalların qiymətləri ucuzlaşdı və Braziliya iqtisadiyyatında ağır problemlər baş qaldırdı.
Çində iqtisadi inkişaf əvvəlki illərlə müqayisədə 70 faiz gerilədi.
O`Nill və başqa iqtisadçılar inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına marağın səngiməsinə yol verməmək üçün yeni terminlər "istehsal"ına başladılar.
Həmin terminlər arasında "Next-11" (Banqladeş, Misir, İndoneziya, İran, Meksika, Nigeriya, Pakistan, Filippin, Türkiyə, Cənubi Koreya və Vyetnam), MİNT (Meksika, İndoneziya, Nigeriyya, Türkiyə), CİVETS (Kolumbiya, İndoneziya, Vyetnam, Misir, Türkiyə və Cənubi Afrika Respublikası), hətta "Chindia" (Çin və Hindistan) da vardı.


İqtisadçılar və media sadalanan terminlərlə maraqlansalar da, onların heç biri BRİC qədər cazibədar olmadı.
Üstəlik, "Next-11", CİVETS və ya MİNT adlı siyasi birlik də yaradılmadı.
"Goldman Sachs"ın yaratdığı və BRİC ölkələrinin iqtisadiyyatlarına investisiyaları nəzərdə tutan fondun aktivləri 2010-cu ildə 842 milyon dollara endisə, ötən ay cəmi 98 milyon dollar təşkil edib.
Halbuki 2000-2010-cu illərdə BRİC ölkələrinin İSCİ indeksi üzrə gəlirlilik səviyyəsi 308 faizə bərabər olmuşdu.
Baş verənlərin səbəbi sadədir.
BRİC-in gündəmə gətirildiyi gündən keçən 14 il ərzində müəyyən formal nişanələr və təzahürlər əsasında "birlik" formatında təqdim olunan müəyyən ölkələrin iqtisadiyyatlarına investisiyalar ideyası özünü doğrultmadı. Həmin ölkələrin ayrılıqda davranışı, onların iqtisadiyyatlarındakı vəziyyət daha önəmlidir.

İnkişaf edən bazarlara investisiya qoyan fond rəhbərləri BRICS-in artıq potensial əvəzini tapdılar. Bu ölkələrin qrupu TICKS adlandırıldı: Tayvan, Hindistan, Çin, Koreya, Cənubi Afrika. Məqalədə bildirilir ki, "texnologiya sahəsində güclü olan Tayvan və Koreya xammalın mühüm əhəmiyyət kəsb etdiyi Braziliya və Rusiyanı aradan çıxardılar".

Bu dəyişiklik "inkişaf edən bazarların və bütövlükdə dünyanın dəyişkən xüsusiyyətə malik olmasından çox şey bəhs edir: xüsusilə yüksək texnologiyalı xidmətlər ön plana keçir, əsasən xammalın yer aldığı məhsulların ticarəti isə ikinci plana keçir".

"BRIC inkişaf edən bazarların artıq əvvəlki kimi artım mühərriki deyil. Əşyalar yeni nizama salınmışdır. Texnologiya sahələri sürətlə inkişaf edir və hazırda inkişaf edən bazarlarda istehlakçıya investisiya qoymaq lazımdır", - deyə "Copley Fund Research"ün təsisçisi Stiven Holden bildirdi.

Riçard Sneller (Baillie Gifford) qeyd edir ki, "bir çox inkişaf edən bazarlarda gənc istehlakçılar elektron ticarət və internet alış-veriş sahələrində baş verən dəyişikliklərə ABŞ-dan daha tez uyğunlaşırlar. "Copley"-in məlumatlarına əsasən inkişaf edən bazarlara qoyulan birbaşa investisiyaların orta statistik fondu hazırda TICKS-də təxminən 54%, BRICS-də isə 40 faizdən bir az çox aktiv saxlayır.

JPMorgan, Nordea və Swedbank Tayvan və Koreyada 35 faizdən çox investisiya yatırıblar. Qəzetin yazdıqlarına əsasən, "Carmignac, Fidelity və Baillie Gifford tərəfindən idarə olunan investisiya şirkətləri Braziliya və Rusiyaya 3% və ya daha az investisiya qoyurlar".

Bəhs etdiyiimz təmayülləri anlamaq çətindir. Ola bilsin, bu tendensiya dərin struktur dəyişikliklərini əks etdirir, lakin ehtimal olunur ki, bu, dövri dəyişiklikdir. Consonun sözlərinə əsasən, "xammal şirkətlərinin mövqelərinin zəiflədiyi bir vaxtda İT və pərakəndə istehlak kimi sahələrin səhmlərinin daha çox yer alması tamamilə təbii haldır".
İnkişaf etməkdə olan dövlətlərin belə süni birliyinin perspektivsiz olduğunu analitiklər illər əvvəl desələr də, Çin və Rusiya əksini iddia edir, BRİC-in inkişafının labüd olduğunu, hətta struktura yeni dövlətlərin üzv qismində qatılacağını deyirdilər.
Belə bəyanatlar indi də davam edir və rəsmi Moskva artıq məhvə doğru gedən idefiksi gündəmdə saxlamağa, xəyallarını imkanların reanimasiyası kimi təqdim etməyə çalışır.


Bakını şirnikləndirmək istəyən fondun faktiki "ölü" sayıldığını nəzərə alsaq, Azərbaycan indi iqtisadiyyatının qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirmək üçün MDB və Avropa Birliiyi təki əks qütblü istiqamətlərdə əlaqələrini intensivləşdirməklə yanaşı, Asiya bazarlarına çıxışlarını da gücləndirməlidir.
İqtisadiyyat çoxsaylı istiqamətləri, gəlirlər isə fərqli situasiyalardan bəhrələnməyi sevir və bu, danılmaz faktdır. Azərbaycanın postneft erasında iqtisadiyyatının qeyri-neft sektorlarının inkişafına təkan verdiyi bir zamanda şübhəli birliklərə qatılmaqla bağlı alınan dəvətlərin mənasızlığı, rəsmi Bakının belə strukturlara qatılmaq istəyində olmamasının məntiqi daha aşkar görünür.
Azərbaycan perspektivə hesablanmış inkişafı seçib. Bakını "ölü kərpic" maraqlandırmır.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.