Mədəniyyət

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: "Görüş"ün özbək gözəli - FOTO

19 Yanvar 2014 13:07
1 Şərh     Baxış: 13 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı "Azərbaycan kinosunun əcnəbi qəhrəmanları" adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.

Bu dəfə də Azərbaycan tamaşaçılarının hər nümayişinə maraqla baxdığı, heç vaxt dəbdən düşməyən məşhur "Görüş" filmindəki əcnəbi aktrisadan bəhs edəcəyik.

"Görüş" filmi yaşlı və orta nəsil azərbaycanlıların böyük maraqla izlədiyi ekran əsərlərindən biridir. 1955-cı ildə rejissor Tofiq Tağızadənin quruluş verdiyi bu film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilib. Filmin mərkəzində iki gəncin - özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.

Yəqin, tamaşaçılar özbək qızı Lala İsmayılovanı oynayan aktrisa barədə bilmək istərdilər. Onun haqqında çox az məlumat var. "Görüş" filmi ilə bağlı qısa məlumatda yalnız onun adı yazılıb: Nelli Ataullayeva. Bu dəfə ondan bəhs edəcəyik.

Yeri gəlmişkən, "Görüş" filmində Nellinin canlandırdığı Lala rolunu azərbaycanlı aktrisa Sofa Bəsirzadə səsləndirib.

Özbəkistanın əməkdar artisti,  SSRİ Kinematoqrafçılar İtifaqının üzvü, sənədli filmlər üzrə rejissor Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə doğulub. 1953-cü ildə Daşkənd Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. 

Bir sıra filmlərə çəkilib. "Görüş", "Əmirliyin devrilməsi", "Sevgililər", "Təzə mənzilə köç" filmlərində yaddaqalan rollar ifa edib. Konferansye kimi hökumət konsertlərinin aparıcısı olub. 1956-cı ildə Ümumittifaq Kinematoqrafiya İnsititutunun rejissorluq fakultəsinə daxil olub. 1962-ci ildən "Uzkinoxronika"da işləyib. 20-yə qədər sənədli film çəkib.

Nelli Moskvada oxuyarkən Vladimir Dyaçenko ilə eşq yaşayır. Amma Vladimirin yüksək vəzifələrdə işləyən valideynləri bu izdivaca qarşı çıxırlar. Vladimirdən bir uşaq dünyaya gətirən Nelli təzyiqlərdən qaçmaq üçün doğma Daşkəndə qayıdır. Əri onun arxasınca gələrək Moskvaya qayıtmağı xahiş etsə də, Nelli imtina edir. Vladimir də israr etmir. Sonradan onların münasibəti tədricən soyuyur. Ailə dağılır.

1970-ci ildə aktrisa Nelli Ataullayeva ikinci dəfə ərə gedir, Slava Yeryomenko adlı şəxslə ailə qurur.

Sənədli filmlər üzrə rejissor Nelli Ataullayevanın çəkdiyi sənədli filmlər maraqlıdır. Onun kamerasından sadə insanlardan tutmuş zavodda işləyənlərə qədər xeyli insan keçib.

1974-cü ilin mayında Nelli Buxara şəhərində növbəti sənədli filmin gərgin və yorucu çəkilişlərdən sonra bərk xəstələnir, yüksək hərarət və öskürəkdən qurtula bilmir. Həkim bacısı Rənanın təkidi ilə həkimə gedən gənc Nellidə ağciyər xərçəngi aşkarlanır.

Ağır xəstəliyə - ağciyət xərçənginə tutulan Nelli Ataullayeva 1974-cü ilin iyulunda vəfat edib. Bir dəfə dostlarından birinə deyibmiş: "Özümü qoca arvad kimi təsəvür edə bilmirəm. Cavan və gənc ölmək istəyirəm".  Belə də olur...
43 yaşında dünyasını dəyişən Nelli Ataullayeva "Görüş" filmində yaratdığı Lala roluna görə Azərbaycanda daim xatırlanır. Özbəkistanda isə ölümündən sonra unudulub. Onun nə yübileyi qeyd edilib, nə də barəsində kitab çxıb.

Nellinin ölümündən sonra oğlu Nikita bir müddət nənəsi Zöhrə ilə yaşayır. Bir müddət sonra atası Vladimir Dyaçenko (Nellinin birinci əri) Nikitanı Moskvaya aparıb. Şəxsiyyət vəsiqəsini alan Nikita öz təkidi ilə anasının soyadını götürüb. İndi Nikita tanınmış biznesmendir. Anasının soyadını daşıyır - Nikita Vladimiroviç Ataullayev...

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.