İsrailin Baş naziri Benyamin Netanyahu Livan hökuməti ilə birbaşa danışıqların başlanması üçün rəsmi göstəriş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, danışıqlar prosesinə İsrailin Vaşinqtondakı səfiri Yeşiel Leiter rəhbərlik edəcək.
İsrail rəsmilərinin məlumatına görə, görüşlər yaxın günlərdə başlasa da, hərbi əməliyyatlar dayandırılmayacaq və danışıqlar "atəş altında" aparılacaq. Netanyahu bildirib ki, danışıqların əsas hədəfi "Hizbullah"ın tam tərksilah edilməsi və iki ölkə arasında dinc münasibətlərin qurulmasıdır.
Portal yazır ki, İsrail tərəfi Livanın Baş nazirinin Beyrutu tərksilah etmək barədə bu gün verdiyi çağırışı yüksək qiymətləndirdiyini qeyd edib. Bildirilib ki, birbaşa danışıqlar təklifi ötən ay Livan Prezidenti Cozef Aun tərəfindən irəli sürülüb. Aun hətta İsraillə münasibətlərin tam normallaşmasına, hətta rəsmi diplomatik əlaqələrin qurulmasına hazır olduğunu ifadə edib.
Diplomatik mənbələr isə qeyd ediblər ki, Livanın bu təşəbbüsü ölkə daxilində "Hizbullah"a qarşı artan kəskin narazılıqdan qaynaqlanır. Livan hökuməti qruplaşmanın 2 martda İsrailə hücum edərək ölkəni yenidən müharibəyə sürükləməsinə qarşı sərt mövqe nümayiş etdirib.
Xatırladaq ki, Almaniya, Fransa, İtaliya və İspaniya kimi Avropa ölkələri də Livanda dağıntıların miqyasının artması səbəbindən hərbi əməliyyatların dayandırılmasını tələb ediblər.
Milli.Az





