Azərbaycanda məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
"Böyük maliyyə vəsaitlərini cəlb etmək imkanına malik qurumlarda korporativ idarəetmə standartları tətbiq olunmalıdır. Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da ölkə prezidentinin apardığı siyasətdir. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə ictimai nəzarətin tətbiqinə gətirib çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər", - nazir qeyd edib.
S.Şərifov bildirib ki, musiqi məktəblərinin müştərək maliyyələşmə prinsiplərinə də baxıla bilər: "Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələrə başlamışıq. Musiqi məktəblərində də müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər. Bir hissəsi dövlət və bir hissəsi maraqlı valideynlər tərəfindən ola bilər. Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun, yəqin ki, cüzi də olsa bu prosesdə iştirak etməlidir".
Milli.Az