12:21
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək".
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 15-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sonda hansı qərarın qəbul ediləcəyi onlardan asılı olan iş deyil.
M.Abbaszadə qeyd edib ki, imtahanların pullu olması iştirakçıların sayının azalmasına heç bir təsir göstərməyəcək: "Çünki bu məsələlərlə bağlı çox düşünülmüş qərarlar qəbul olunacaq. Təbii ki, müəyyən sosial ədalət prinsipləri də nəzərə alınacaq və bəzi təbəqələrin imtahanlarda iştirak etməsi üçün ayrı qiymət müəyyənləşdiriləcək. Burada müxtəlif təkliflər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların qiyməti da fərqlənəcək".
Onun sözlərinə görə, dövlət icra orqanı olaraq əvvəllər dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrılırdı: "Bunun təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Dövlət İmtahan Mərkəzi isə dövlət tərəfindən yeni bir qurum kimi maliyyələşdirilməyəcək. Bizə sifariş verilən işlərin pulunu sifarişçi özü ödəməlidir. Məsələ ondadır ki, indiyə kimi aparılan imtahanda orta hesabla hər bir abituriyentə ən kütləvi imtahanlarda dövlət 25 manat xərcləyirdi. Bu təbii qəbul olunurdu, çünki dövlət bu pulu ödəyirdi. Amma burada məsuliyyətsizlik də var idi. Çünki imtahana yazılıb gəlməyənlərin sayı çox olur. Aparılan araşdırma nəticəsində məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manatdır, Tükiyənin ali məktəblərinə imtahanların qiyməti 50-60 dollardır".
Dövlət tərəfindən TQDK-ya sifariş verilən imtahanların buraxılış imtahanları olduğunu deyən sədr əlavə edib ki, IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq: "Qalan imtahanları dövlət maliyyələşdirəcək, ya yox, biz bunu bilmirik. Biz yalnız hər növ imtahanda hər bir iştirakçıya nə qədər pul xərcləndiyini hesablamışıq. Əgər dövlət həmin imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formada apara bilərik? Bizim apardığımız imtahan dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki proqram təminatı əsasən TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı. Kənardan proqram təminatını sifariş vermirdik. Belə imtahanların qiyməti çox yüksəkdir".
M.Abbaszadə, həmçinin deyib ki, hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırlar: "Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssislərin maaşı olmayacaq. Bu ilin sonuna qədər TQDK-nın dövlət tərəfindən maliyyələşdirilməsi var. Yanvarın 1-dən isə bizim hansısa işimizlə bağlı heç bir maliyyələşmə yoxdur. Bizə sadəcə 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq.
"Dövlət təhsil sahəsində böyük işlər görür və neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib. İndi də yəqin ki, müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq. Hansı ki, o imtahanlar məcburi deyil. Müəyyən adamlar var ki, TQDK-nı günahlandırmaq üçün fürsət gözləyirlər", - deyə o əlavə edib.
----------
11:19
"Dövlət tərəfindən DİM-ə pul ayrılmır". Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarının ödənişli olması barədə məlumata aydınlıq gətirib.
Milli.Az anspress-ə istinadən bildirir ki, qurum rəhbəri bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dövlət qurumu olduğu üçün hər il ona 7 milyon manat vəsait ayrılır. Bunun 5 milyon manatı imtahanlara sərf edilir.
"Biz hesablamışıq ki, xərclər 25 manat edir. Əgər dövlət tərəfindən DİM maliyyələşərsə, qəbul imtahanları pulsuz olacaq. Əks halda - yox".
M. Abbaszadə qəbul imtahanlarının ödənişli olacağı halda belə abituriyentlərin sayına təsir edəcəyinə inanmadığını da deyib.
"Biz hələ demirik ki, 25 manatı mütləq abituriyent ödəsin. Sadəcə deyirk ki, bir abituriyent üçün 25 manat xərcləyirik. Bəlkə, başqa təkliflər də oldu. Bunu deyə bilmərəm".
Milli.Az