Əfqanıstanda hakimiyyətə ələ keçirmiş "Taliban" hərəkatı bu gün paytaxt Kabildə mətbuat konfransı təşkil edib.
Milli.Az bildirir ki, konfransda "Taliban"ın ictimaiyyət və media ilə iş departamamentinin rəhbəri Molla Zəbiulla Məcid hərəkatın ölkənin idarəetməsi ilə bağlı siyasətini açıqlayıb.
"Taliban"ın bu gün Kabildə keçirdiyi mətbuat konfransında səslənən proqram bəyanatından:
1. Əfqanıstanda qadınlar orta və ali təhsil alacaqlar. Orta məktəblərdə oğlanlar və qızlar ayrılıqda oxuyacaqlar.
2. Qadınların iş hüququ olacaq.
3. "Taliban" qadınlardan çadra və burka geyməyi tələb etmir. Sadəcə, başlarında yaylıq olsa, yetər.
4. Əfqanıstan İlsam Əmirliyi kimsənin təhdid etmir, kimsə ilə düşmənçilik etmək niyyətində deyil. Qisas "Taliban"ın yolu deyil.
5. İslam Əmirliyinin liderləri ümummilli əfv göstərişi veriblər. "Taliban" Əfqanıstanda ona qarşı çıxan hər kəslə düşmənçiliyə son qoyur.
6. "Taliban" fəxr edir ki, 20 illik mübarizədən sonra Əfqanıstanı əcnəbi işğalından azad edən qüvvəyə çevrilib.
7. Əfqanıstandakı səfirliklərin və beynəlxalq təşkilatların təhlükəsizliyinin təminatı "Taliban" üçün prioritet məsələdir.
8. Əfqanıstanda güclü inklüziv İslam hökuməti formalaşdırılacaq.
9. Əfqanıstanda narkotik maddələrin istehsalına son qoyulacaq.
10. "Taliban" Rusiya, Pakistan və Çinlə əlaqələrə xüsusi önəm verir.
Beləliklə, "Taliban" bol vədlər verib. Yəni çox yumşaq, az qala liberal bir islamçı rejim.
Bu rejim kimsədən qisas almaq niyyətində deyil, qonşularla əlaqələri inkişaf etdirmək istəyir, terrorizmə və narkotiklərə qarşıdır, hakimiyyətin inklüzivliyini istəyir, qadın hüquqlarının təminatına çalışacaq və s.
Di gəl, sözdə "Taliban"la əməldə "Taliban" arasında çox böyük fərqlər var.
"Taliban"ın əməlləri isə kimsəyə sirr deyil. Bu səbəbdən taliblərə tam inanmaq olmaz. İnamın olmsı üçün onlar sözlərini əməllərlə söbut etməlidirlər.
Ən başlıcası isə bu bəyanatlar "Taliban"ın Siyasi Bürosu tərəfindən verilir. Hərəkatın daxilində isə fraksiyaların və düşərgələrin heç də hamısı belə mövqeləri bölüşmür.
Mətbuat konfransında yaxşı danışmaq olar. Konkret əməlləri gözləyək.
Təbii ki, "Taliban" vədlərinin heç olmasa kiçik qismini gerçəkləşdirərsə, ona münasibət dəyişə bilər.
Milli.Az