Dünya

Qanunsuz böyrək köçürmələri ilə bağlı cinayət işi qaldırıldı - Şok təfərrüat

25 İyun 2021 17:30
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstan daxili işlər nazirinin səlahiyyətlərini icra edən Boyko Raşkov deyib ki, ölkədə xarici vətəndaşlara böyrək transplantlarının verilməsinin 14 epizodu araşdırılır. Nazir bildirib ki, ilkin istintaq qanunun və tibb etikasının pozulduğunu göstərib. Onun sözlərinə görə, cavabdehlərin tapılmasına və mühakimə olunmasına ehtiyac var. İstintaq bu ayın əvvəllərində, səhiyyə naziri Stoyko Katsarov müvafiq bəyanatlarla çıxış etdikdən sonra başlanıb. Katsarov iyunun 3-də demişdi ki, 2019-cu ildən bu ilin aprelinədək Sofiyadakı Lozonets dövlət xəstəxanasında böyrəyi köçürülmüş bəzi donorlar saxta kimlik və sənədlərlə qeydiyyatdan keçirilib.

Bundan məqsəd donorların guya pasientlərə qohum olduqlarını göstərmək idi. Barəsində cinayət işi qaldırılmış 14 epizodda saxta kimliklə qeydiyyata alınmış gənc moldovan və ukraynalıların böyrəklərinin İsrail, Almaniya, Oman və başqa ölkələrdən olan pasientlərə köçürüldüyü düşünülür.

Bolqarıstan qanunlarına görə donorlar pasientin qohumları olmalıdır. Qanunsuz transplantlarla bağlı Interpoldan verilmiş bildirişdən sonra Bolqarıstan hakimiyyət orqanları xəstəxanada qeydiyyatdan keçirilmiş sənədlərin saxta olduğunu müəyyənləşdirib. Raşkov deyib ki, Bolqarıstan müstəntiqləri cinayət işi ilə bağlı Moldova hökumətinə müraciət ediblər. Səhiyyə naziri Katsarov sözü gedən xəstəxananın direktorunu vəzifəsindən azad edib.

Lozonets xəstəxanası özünə qarşı ittihamları inkar edir. Avropa İttifaqının ən yoxsul ölkəsi sayılan Bolqarıstan mütəşəkkil cinayətkarlığa və kök salmış korrupsiyaya görə Brüssel tərəfindən tənqid edilir.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.