09:46
İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri İsa Kəlantəri İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyniyə hörmətsizlik etmək ittihamı ilə 4 aylıq həbs edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İslam İnqilabı Məhkəməsinin 26-cı şöbəsi qərar verib.
Qərara əsasən, İranın vitse-prezidenti 2 il müddətinə siyasi partiyalara üzv ola bilməz, həmçinin ictimai təşviş məqsədilə şayiələr yaydığına görə 40 milyon rial (təxminən 952 dollar) cərimə ödəməlidir.
Sözügedən qərarla bağlı İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini Əsğər Daneşian bildirib ki, İranın vitse-prezidentinin həbsi ilə əlaqədar verilən qərar qəti deyil. Bununla əlaqədar apelyasiya məhkəməsinə şikayət olunacaq.
Qeyd edək ki, İranın vitse-prezidentinin İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni və İslam İnqilabının əsasları haqda açıqlaması müəyyən narazılıqlara yol açıb.
Ə.Daneşian qeyd olunan açıqlamanın kontekstdən çıxarılaraq yayımlandığını deyib.
----------
09:22
İranın vitse-prezidenti İsa Kələntəri İran İslam İnqilabının lideri Ayətullah Ruhulla Xomeynini təhqir etdiyinə görə 4 ay müddətinə azadlıqdan məhrum edilib.
"Qafqazinfo" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin Kələntərini iki il müddətinə siyasətdən kənarlaşdırmaq qərarına gəlib.
Bundan başqa, vitse-prezident həqiqəti əks etdirməyən və ictimaiyyəti çaşdıran bəyanatlarına görə 4 milyon tümən (təxminən 164 dollar) məbləğində cərimə ödəməli olacaq.
Qeyd edək ki, 2020-ci ilin noyabrında qəzetlərin birində Kələntərinin müsahibəsi dərc olunmuşdu. "Xomeyni (inqilaba qədər) ABŞ-la görüşlər keçirmişdimi?" sualına vitse-prezident belə cavab vermişdi: "Bilmirəm. Xəbərim yoxdur. Amma deyə bilərəm ki, Xomeyni ABŞ üçün xeyirsiz övladdır. Vaşinqton İranda şah rejimini dəstəkləməkdən imtina etdi və Xomeyni bu vəziyyətdən istifadə etdi".
Milli.Az