Dünya

Tailand "CoronaVac" peyvəndi ilə vaksinasiyaya başlayıb

28 Fevral 2021 19:59
Baxış: 409

Tailandda fevralın 28-də əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vaksinasiyada Çinin "Sinovac Biotech" şirkətinin "CoronaVac" peyvəndindən istifadə olunur. İlk peyvənd olunanlar isə Baş nazirin müavini, səhiyyə naziri, habelə kənd təsərrüfatı və mədəniyyət nazirləri, digər rəsmilər olub.

Tailandın Baş naziri Prayut Çan-o-ça vaksinasiyanın başlamasını pandemiya ilə mübarizədə tarixi hadisə kimi dəyərləndirib.

Vaksinasiyanın ilk günü Tailandda COVID-19 infeksiyasının yeni ocağı olan Samut Sahkon vilayətində xüsusi risk qrupundan olan 159 nəfərə peyvəndin ilk dozası vurulub.

Qeyd edək ki, fevralın 24-də Tailand hökuməti Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 əleyhinə "CoronaVac" adlı peyvəndinin təcili istifadəsini təsdiqləyib. Elə həmin gün vaksinlərin 200 min doza həcmində ilk partiyası Tailanda gətirilib. Martda və apreldə daha 1,8 milyon doza peyvənd gətiriləcək. Tailandın xəstəliklərə nəzarət departamentinin direktoru Opas Kankavinponq ilk olaraq tibb işçilərinə, COVID-19 xəstələri ilə yaxın təmasda olanlara, 60-dan yuxarı yaşı olanlara peyvənd vurulacağını bildirib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.