Dünya

ÜST: Payızda tam karantinə məruz qalmamaq üçün...

16 Oktyabr 2020 22:35
Baxış: 546

Avropada COVID-19 infeksiyasının yeni halları sürətlə artır, lakin bugünkü vəziyyət baharda olduğundan çox fərqlidir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Kluge epidemioloji vəziyyəti təhlil edərək, bölgənin bir çox ölkəsində məhdudiyyətlərin tətbiq edilməsini bəyənib, vəziyyətin pisləşməməsi və daha sərt addımların atılmaması məqsədilə onlara ciddi riayət edilməsinə çağırıb.

ÜST-nin Avropa bölgəsində COVID-19-un yeni hadisələri təkcə 10 gündə 6 milyondan 7 milyona qədər artıb. Hər həftə bölgədə 700.000 insan koronavirusa yoluxur ki, bu da pandemiya başlayandan bəri ən yüksək göstəricidir. Oktyabrın 9-u və 10 -u günlərinin hər birində COVID-19 diaqnozu rekord sayda - 120.000-dən çox insana qoyulub.

"Bu mart vəziyyətinə qayıtdığımızı göstərirmi? - Yox. Bu gün, gündəlik infeksiya hadisələrinin aprel ayında pandemiyanın pik dövrünə nisbətən 2-3 dəfə çox olmasına baxmayaraq, ölüm halları beş dəfə azalıb", - deyə Kluge qeyd edib.

Onun sözlərinə görə, xəstəliyin artması qismən test səviyyəsinin, xüsusilə də gənclərin testlərinin əhəmiyyətli dərəcədə artması ilə izah edilə bilər. Eyni zamanda gənclərin mobilliyinə və ehtiyat tədbirlərinə riayət edilməməsinə görə onlar arasında virusun xüsusilə sürətlə yayılmasına baxmayaraq, gənclərdə, bir qayda olaraq, ağır simptomlar olmur və infeksiya ölümə gətirib çıxarmır. Lakin indi insanlar, o cümlədən müxtəlif nəsillərin nümayəndələri qapalı yerlərdə bir-biri ilə getdikcə daha çox vaxt keçirəcək və yenə də yaşlı insanlar yoluxmağa başlayacaq, bu isə vəziyyətin kəskin şəkildə pisləşməsi ilə nəticələnə bilər.

Hans Kluge epidemioloji modellərə əsaslanan proqnozların nikbinlik üçün əsas vermədiyini söyləyib. 2021-ci ilin yanvarında məhdudiyyətlər uzun müddətə yumşaldılarsa gündəlik ölüm sayı aprel ayı ilə müqayisədə 4-5 dəfə çox olacaq.

Lakin eyni modellər göstərir ki, maskanın taxılması, həm ictimai, həm də özəl məkanlarda insanların sıxlığına ciddi nəzarət kimi sadə tədbirlər bölgənin 53 ölkəsində yanvar ayının sonunadək 281.000 insanın həyatını xilas edə bilər. Yalnız nəzərə almaq lazımdır ki, maskalardan indi olduğu kimi 60 faizdən az deyil, əhalinin 95 faizi istifadə etməlidir. "Bu proqnozlar yalnız bütün bu müddət ərzində haqqında danışdığımızı təsdiqləyir: pandemiya özü-özlüyündə geri çəkilməyəcək, amma biz buna nail ola bilərik", - deyə ÜST Avropa bürosunun rəhbəri tamamlayıb.

O, bir çox Avropa ölkəsində getdikcə daha sərt məhdudiyyətlərin tətbiq edilməsini "tamamilə zəruri" adlandırıb, çünki onlar elmi məlumatlara əsaslanır: virus evlərdə və digər qapalı yerlərdə və ehtiyat qaydalarına riayət edilmədiyi yerlərdə yayılır.

Doktor Kluge yerli vəziyyətə uyğun tədbirləri tətbiq edərək, möhkəm olmağa - onlara ciddi riayət edilməsini tələb etməyə və böyük izdihamı məhdudlaşdırmağa çağırıb. "Bu tədbirlər, insanları digər xəstəliklər və ya iqtisadi çökmə riski altına qoymadan COVID-19-dan qurtarmaq məqsədilə hazırlanıb", - deyə doktor Kluge vurğulayıb. İnsanlar onlara əməl etməzlərsə, baharda olduğu kimi getdikcə daha sərt tədbirlər görmək zərurəti yaranacaq.

"Mən dəfələrlə demişəm ki, "bugünkü" pandemiya təkcə virusun ötürülmə dinamikasına görə deyil, həm də bu gün onunla mübarizə aparmaq üçün nə qədər silahlı olduğumuza görə də "dünənkindən" fərqlənir, - deyə Kluge qeyd edib. - Buna uyğun olaraq, son altı ay ərzində "karantin" anlayışı da dəyişib".

O xatırladıb ki, mart ayında virusun hamımızı təəccübləndirdiyindən, demək olar ki, hər şey dayandı: insanlar hərəkət edə və bir-birləri ilə əlaqə qura bilmirdilər, müəssisələr, məktəblər və sərhədlər bağlanmışdı.

Bu gün isə söhbət "hər bir konkret vəziyyətə uyğun hədəflənmiş müvəqqəti tədbirlərin mərhələli tətbiqindən gedir". ÜST Regional Direktorunun vurğuladığı kimi, bu gün bütün cəmiyyətin və hər bir fərdin bu mübarizədə iştirakı tələb olunur - o zaman bu tədbirlərin cəmiyyət və iqtisadiyyat üçün mənfi "yan təsirlərindən" qaça bilərik.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.