Dünya

Özünü 16-cı mərtəbədən atan müdafiə naziri - “Rusiya təhlükəsi” Forrestolda psixi xəstəlik yaradıbmış - FOTO

23 May 2020 16:27
0 Şərh     Baxış: 999

Amerika Birləşmiş Ştatlarında Müdafiə Nazirliyi 1947-ci ildə yaradılıb. Quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri birləşdirilərək yeni yaradılmış qurumun tabeliyinə verilib. Bununla da ABŞ Silahlı Qüvvələrinə vahid rəhbərlik müdafiə nazirinə həvalə olunub. 

Bu qurumun ilk rəhbəri, ABŞ-ın ilk müdafiə naziri Ceyms Forrestol olub. Müəmmalı ölümü uzun illər müzakirə mövzusuna çevrilən Forrestolun sıravi müxbirlikdən müdafiə naziri vəzifəsinə gedən həyat yolu, 57 illik ömrü maraqlı hadisələrlə keçib.

Ceyms Forrestol 1892-ci ildə Nyu-Yorkda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Prinston Universitetində ali təhsil alıb. Tələbəlik illərindən yaradıcılığa meyl göstərən Forrestol əvvəlcə universitet qəzetində müxbir kimi fəaliyyət göstərib, daha sonra qəzetin baş redaktoru vəzifəsini daşıyıb. Forrestol elə ilk əmək fəaliyyətinə də yerli qəzetlərdə sıravi müxbir kimi başlayıb.

Birinci dünya müharibəsində Ceyms Forrestol hərbi xidmətə yollanıb, hərbi dəniz qüvvələrində xidmət edib. Müharibədən sonra o, ABŞ-ın Demokratlar partiyasının Nyu-York şəhəri üzrə qərargahında çalışıb. İşgüzarlığı və çevikliyi ilə fərqlənən Forrestol partiyanın fəaliyyətində tanınmış simalardan birinə çevrilib. 1933-cü ildə keçirilən prezident seçkilərdə yüksək fəallıq göstərib, seçilmiş yeni prezident Franklin Ruzvelt şəxsən onun xidmətlərini yüksək qiymətləndirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 1940-cı ildə Ruzvelt Ceyms Forrestolu özünə köməkçi təyin edib. O, bu vəzifədə altı həftə işləyib. Bu qısa müddət ərzində prezidentin etimadını bir daha qazanan Forrestol hərbi dəniz qüvvələri nazirinin müavini təyin edilib. Nazir müavini vəzifəsində olduğu ərəfədə o, xidmətdə bir sıra yeniliklərə nail olub, şəxsi heyətin maddi təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb, dövlət büdcəsindən xidmətə ayrılan vəsaitin miqdarı 30 faiz artıb.

Forrestol xidmətə o qədər bağlı şəxs olub ki, şəxsi həyatına zaman ayıra bilməyib, ailəsinə, övladlarına qayğl göstərməyə vaxt tapmayıb. Ailənin bütün qayğıları həyat yoldaşının üzərinə düşüb. Zaman-zaman bu cür münasibət böyük problemə çevrilib, ailədə ciddi narazılıqlar yaranıb. Həyat yoldaşı onun bu cür münasibətini işinin gərginliyi ilə deyil, onun psixoloji durumundakı problemləri ilə əlaqələndirib. Onun bu qənaəti gələcəkdə öz təsdiqini tapıb.

1944-cü ildə Ceyms Forrestol hərbi karyerasında daha bir addım irəli gedərək ABŞ-ın hərbi dəniz qüvvələri naziri vəzifəsinə təyinat alıb.

Franklin Ruzveltlə Forrestolun münasibətləri həmişə qarşılıqlı anlaşma şəraitində olub. Prezident onun təkliflərini qəbul edib, hərbi sahədə irəli sürdüyü təşəbbüsləri rəsmi səviyyədə dəstəkləyib.

Yalnız bir məsələdə tərəflərin ciddi fikir ayrılığı olub. Belə ki, hakim dairədə və hakim partiyda Ceyms Forrestol sovet rejiminin, SSRİ-nin ən qatı əleyhdarı sayılıb. O, bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə SSRİ-nin apardığı siyasəti sərt tənqid edib. "Dünənə qədər Stalin qanlı diktator idi, Almaniya ilə müharibədən sonra isə o, mərhəmətli Co dayıya çevrildi" ifadəsi də məhz Forrestola məxsusdur. Bu məsələdə həssas siyasətçi olan Ruzvelt Forrestola xarici siyasətə qarışmamağı məsləhət görüb. Amma növbəti prezident, Ruzveltdən sonra hakimiyyətə gələn Harri Trumen antisovet siyasətdə Forrestolla razılaşıb.

Trumenin hakimiyyətə gəlişi ilə Amerika Silahlı Qüvvələrinin strukturunda dəyişiklik məsələsi bir neçə dəfə müzakirəyə çıxarılıb. Yeni prezidentin üç hərbi qurumun bir qurumda birləşdirilməsi ilə bağlı təklifinə Forrestol müsbət reaksiya verməyib, o, Müdafiə Nazirliyinin yaradılmasının əleyhinə çıxıb. Amma son müzakirələrdə Trumen yeni nazirliyin yaradılmasına qərar verib. Bu nazirliyə rəhbər isə, inanılmış şəxs və peşəkar hərbçi kimi, məhz Ceyms Forrestol təyin edilib.
Nazir kürsüsündə Ceyms Forrestol mütəmadi olaraq mətbuatda tənqid olunub. Tanınmış jurnalistlər öz yazılarında onu iki məsələdə ittiham edirlər. Əvvəlki vəzifəsində, hərbi dəniz qüvvələri naziri olanda vergidən yayınmada və qatı antisovet təbliğatı aparmaqla beynəlxalq müstəvidə gərginlik yaratmaqda. Mətbuatda bu səpkidə gedən mütəmadi yazılar Forrestolun nüfuzuna mənfi təsir göstərib. Digər tərəfdən, Trumenin hərbi xərclərə ciddi nəzarəti Forrestolun nazir fəaliyyətinə şübhələr yaradıb.

Qeyd edək ki, Trumen Ruzveltin vəfatından sonra vitse-prezident kimi prezident səlahiyyətlərini həyata keçirib. Növbəti seçki isə 1948-ci ilin noyabrın 2-də keçirilib.

Forrestol düşdüyü arzuolunmaz vəziyyətdən çıxmaq üçün siyasi mövqeyini dəyişib. O, 1948-ci ildə Respublikaçılar partiyasından prezidentliyə namizəd, Nyu-York ştatının qubernatoru Tomas Dyuyi ilə gizli sövdələşmələrə gedib. Forrestol seçkilərdə onu dəstəkləyəcəyini vəd edib, qarşılığında isə nazir vəzifəsində qalacağının təminatını alıb.

Ancaq hər şey düşünüldüyü kimi alınmayıb. Trumen seçkilərdə qalib gəlib və elə hakimiyyətinin ilk aylarında, 1949-cu ilin martında Ceyms Forrestola istefa verməsi ilə bağlı könüllü şəkildə ərizə yazmasını məsləhət görüb.

Vəzifədən uzaqlaşdırılması Forrestol üçün sözün əsl mənasında faciəyə çevrilib. Psixoloji durumunda kifayət qədər ciddi dəyişikliklər baş verəndə, həyat yoldaşı onu məcburi müalicəyə cəlb edib. Forrestol milli hərbi tibbi mərkəzin sinir və psixi xəstəliklər şöbəsinə yerləşdirilib. Onda paranoya, depressiya xəstəlikləri və şizofreniyanın ilkin əlamətləri aşkar olunub.

Forrestolun xəstəxanadakı hərəkətləri tibbi personalı təəcübləndirib. O, gecələr pəncərəyə çıxaraq, "ruslar gəlir, mən onları hər yerdə görürəm, onlar Amerikaya daxil olur" deyə qışqıraraq səs-küy salıb. Elə 22 may 1949-cu ildə o, son dəfə bu ifadələri təkrar edərək özünü mərkəzin 16-cı mərtəbəsindən atıb.

Forrestolun ölümünü rəsmi olaraq intihar kimi təqdim ediblər. Amma buna baxmayaraq, uzun illər bu hadisə haqqında müxtəlif versiyalar irəli sürülüb, hətta onun qəsdən öldürülməsi haqqında da fikirlər səsləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.