Dünya

Azərbaycanın 16 neft yatağının sahibinin 16 milyard dollar (1 trilyon rubl) borcu var? - FOTO

13 Oktyabr 2019 13:07
0 Şərh     Baxış: 2 463

Azərbaycanın 16 quru neft yatağının işlənməsi üzrə qurulan hasilat şirkətinin sahibi, inquş  əsilli rusiyalı milyarder və "Russneft" şirkətinin əsas səhmdarı Mixail Qutseriyevin banklara nəhəng borclarının yarandığı barədə yeni sensasion xəbərlər dərc olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, "Forbes" jurnalınının rus versiyası oktyabrın 11-də Mixail Qutseriyev və ailə üzvlərinin, habelə qhohumu Mixail Şişxanovun məcmu borcunun 1 trilyon rubla yaxın olduğunu (təqribən 15.4 milyard dollar) yazıb.

İki ayrı mənbəyə istinad edən nəşr bildirir ki, bu borcların əsas hissəsi "Trast" dövlət bankına (səhmləri Mərkəzi Banka məxsusdur) və "Sberbank"a ödənilməlidir. Bu, Rusiyanın bank sisteminin ümumi aktivlərinin 1 faizini təşkil edir.

Bundan əvvəl "Reuters" agentliyi tərəfindən Qutseriyevin sahibi olduğu "Binbank"ın sağlamlaşdırılması tədbirlərinə görə "Trast"a 350 milyard rubla qədər borcunun yarandığı iddia edilmişdi.

İndi "Forbes" bildirir ki, problemli aktivlər bankı kimi tanınan "Trast" Qutseriyevin borclarının daha böyük olduğunu hesablayıb. Məlum olub ki, Qutseriyev və ailəsi banklara indiki məzənnə ilə 15 milyard dollardan çox borcludur. "Sberbank"a yaxın olan mənbənin dediyinə görə, Qutseriyev ona və qohumlarına bağlı olan şirkətlərin borclarını hətta iri kreditorlara da açıqlamır. Habelə bildirilir ki. "Russneft" şirkətinin özü VTB Bank-a 77 milyard rubl borcludur. O cümlədən Qutseriyevin satın aldığı Afipsk neftayırma zavodunun "Sberbank"a 170 milyard rubl borcu var. Bundan əlavə "Sberbank" 2019-cu il oktyabrın 7-də Afipsk neftayırma zavodunun modernləşdirilməsi üçün Qutseriyevin "Safmar" şirkətlər qrupuna 1 milyard dollar kreditin ayrılmasına razılıq verib.

"Forbes" Qutseriyevlərin digər borclarını da sadalayır. Lakin məqalənin dərcindən sonra biznesmenin "Safmar" şirkətlər qrupu qəzəbli açıqlama ilə çıxış edərək "Forbes"i məhkəmə ilə hədələyib. Şirkətlər qrupu Qutseriyevlər ailəsinin məcmu borcunun 1 trilyon rubla çatdığı barədə deyilənləri təkzib edib. "Forbes"in məqaləsini "korrupsiyalaşmış və ən aşağı səviyyəli bulvar jurnalistikasının nümunəsi" adlandırıb.

"Biz dəfələrlə bəyan etmişik ki, nə "Safmar" qrupunun, nə onun əsas sahibi Qutseriyevin "Binbank"ın və "Rostbank"ın borclarına, o cümlədən eks-səhmdar və həmin bankların keçmiş top-meneceri Mixail Şişxanovun istənilən digər öhdəliklərinə aidiyyatı yoxdur",-şirkətlər qrupunun yaydığı açıqlamada deyilir.

"Safmar" həmin məqalə ilə bağlı məhkəməyə müraciət etmək hüququnu özündə saxladığını da qeyd edir.

Bunun ardınca "Binbank"ın keçmiş rəhbəri Mixail Şişxanov da "Forbes" jurnalını pisləyən bəyanatla çıxış edib. Şişxanov jurnalistləri qərəzli yanaşmada günahlandırıb və deyib ki, heç kim məqalədə göstərilən informasiyaları dəqiqləşdirmək üçün onunla əlaqə saxlamayıb.

"Forbes"in redaksiyasına göndərdiyi yazılı məktubda Şişxanov bildirib ki, onun və "Safmar" qrupunun bir-biri qarşısında heç bir öhdəliyi yoxdur , heç nə onları bağlamır.

"Mən bir daha bəyan edirəm ki, "Safmar" qrupuna və onun öhdəliklərinə  heç bir aidiyyatım yoxdur, eləcə də "Safmar" qrupunun mənim öhdəliklərimə və mənı məxsus olmuş bankların sanasiyası ilə bağlı yarana biləcək potensiaı pul tələblərinə aidiyyatı yoxdur",-məktubda deyilir.

Qeyd: 2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energy" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı SOCAR-ın olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Company Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Company" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Company" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Company" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.