Qonşuya, hətta erməni də olsa, həsəd aparanlar da var məmləkətimizdə. Az deyilmişlər. "Baxın, Ermənistanda demokratiyadır, xalq küçələrə çıxıb, sözünü deyir", "Ermənistanda ümumdaxili məhsulun artım sürəti bizdən çoxdur", "Bəs nə oldu, hə?! Azərbaycan hakimiyyəti, AzTV gecə-gündüz deyirlər ki, ay Ermənistanda adam qalmayıb, hamı qaçır - İrəvan küçələri doludur mitinqə çıxanlarla", "Ermənistan parlament respublikasına keçir, bizdə isə seçkilər saxtadır"
Və sair və üstəlik də uzun bir ilaxır.
Qələmdən ələmə
"Mənim yolum jurnalistikadan siyasətə uzanıb. Bu yol qələmdən kədərə gedən yoldur". İrəvanda çıxan "Haykakan Jamanak" qəzetinin baş redaktoru, indi "Yelk" ("Çıxış") adllı birliyin lideri olan 42 yaşlı Nikol Paşinyan belə deyir.
Liberal siyasi alyans olduğunu bəyan edən "Yelk"də "Nurlu Ermənistan" (lideri Edmon Marukyan), "Vətəndaş Müqaviləsi" (Nikol Paşinyan) və "Respublika" (Aram Sarqsyan") partiyaları birləşiblər.
Onlar Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir postuna "seçilməsi"ni, daha doğrusu, bundan sonra da ölkəni idarə etməsinə qarşı çıxırlar.
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın baş nazir olmasını istəməyənlər küçələrə çıxaraq onun yeni postuna təyinatına mane olmağa çalışdılar.
Alınmadı.
Nikol Paşinyan sakitləşmədi və ölkədə "məxməri inqilab" başlandığını, S.Sarqsyanın hakimiyyətdən kənarlaşdırılması üçün komitənin yaradıldığını bəyan etdi. O, erməniləri küçələrdən çəkilməməyə, aksiyaları davam etdirməyə çağırdı.
İrəvanda kütləvi etiraz aksiyaları, iğtişaşlar məhz buna görə başlandı və davam edir.
Qonşu və düşmən ölkənin parlament idarəetmə sisteminə keçidindən sonra üzləşdiyi ilk genişmiqyaslı etiraz aksiyaları Ermənistanı postsovet məkanında yeni gərginlik və xaos məkanına çevirə bilər.
Nə baş verir?
Ermənistanın eks-prezidenti Serj Sarqsyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir "seçilib".
Sarqsyan Ermənistan Milli Məclisində keçirilən səsvermədə çoxluğun səsini qazanıb. Ona iclasda iştirak edən 94 deputatdan 77-si səs verib. 17 deputat isə Sarqsyanın əleyhinə olub.
Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq.
2015-ci ilin dekabrında qəbul olunmuş yeni konstitusiya ilə Ermənistan parlamentli respublika üsul-idarəsinə keçib. İcra hakimiyyətinin bütün səlahiyyətləri baş nazirə verilib.
Prezident isə sadəcə ölkənin nominal lideri olacaq və dövlətin əsas siyasətindən kənarda qalacaq.
Əvvəlkindən fərqli olaraq, hazırkı konstitusiyaya görə, baş nazir məhdudiyyətsiz olaraq bir neçə dəfə seçilə bilər.
Yeni hökumətin formalaşma müddəti 1-10 may tarixləridir. Ermənistanda parlament idarəetmə üsuluna keçid yeni prezidentin çıxışından sonra başlayacaq.
Xatırladaq ki, eks-prezidentin baş nazir postuna namizədliyi ötən gün parlamentdə hakim Respublika partiyası və onun koalisiya ortağı "Daşnaksütyun" tərəfindən rəsmən irəli sürülüb.
2015-ci ildəki "Konstitusiya islahatları"ndan və ölkənin parlament idarəetmə sisteminə keçidindən sonar hakimiyyəti faktik olaraq əlində cəmləyən, prezident Armen Sarqsyana dekorativ, marionetka "səlahiyyətləri"ni verən Serj Sarqsyanın belə davranışını erməni müxalifəti "həyasızlıq" adlandırıb.
"Yelk"in lideri Nikol Paşinyan da yeni baş nazirin təsdiqləndiyi iclasdan əvvəl tərəfdarlarını İrəvan küçələrinə çağırıb.
Əslində, gözlənilən bəyanatdı.
Martın sonlarından bəri Ermənistanın əyalət şəhərlərində uğursuz etiraz aksiyaları təşkil edən Paşinyan paytaxt İrəvanda Sarqsyanla döyüşmək qərarına gəlib.
Onu da xatırladaq ki, 10 il əvvəl, 2008-ci ilin martında N.Paşinyan Ermənistanın ilk və sabiq prezidenti Levon Ter-Petrosyanla birlikdə İrəvan küçələrinə on minlərlə erməninin çıxmasına nail olmuş, Serj Sarqsyanı prezident seçkilərini total saxtakarlığa və fırıldağa çevirməkdə suçlamışdı.
10 il əvvəl "məxməri inqilab" ssenarnisini reallaşdıra bilməyən erməni müxalifəti indi qisas almaq niyyətindədir.
Aprelin 13-də İrəvanda başlanmış etiraz aksiyaları bazar ertəsindən bəri davam edir.
Etirazçılar S.Sarqsyanın baş nazir postunda təsdiqlənməsi ilə bağlı səsverməyə mane olmağa çalışırdılar. Üstəlik, parlamentə bomba qoyulması barədə sonradan yalan olduğu aşkarlanan xəbərin yayılması vəziyyəti daha da gərginləşdirdi.
Mitinq edənlərin yeganə uğuru bir neçə hökumət binasının mühasirəyə alınması və İctimai Radionun binasına soxulmaq oldu.
Aksiya iştirakçıları parlament binasını əhatə edən tikanlı məftil sədlərini və polis səflərini aşa bilmədilər.
Polis 100 nəfəri saxladı. 46 nəfər yaralanıb.
Səbəblər çox deyil
İrəvandakı etiraz aksiyalarının tək səbəbi var: Serj Sarqsyanın hakimiyyət rıçaqlarını əlində cəmləməsinə müxalifət mane olmağa çalışır.
Etirazların əsl mahiyyəti isə Ermənistandakı mövcud hakimiyyətin qanuniliyi ilə bağlıdır. Bu problem hələ 10 il əvvəl, Robert Köçəryanın prezident kürsüsünü varisi Serj Sarqsyana ötürməsində başladı, 2016-cı ildə Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də Ermənistanın məğlub olmasından sonra daha da gərginləşdi.
Müxalifət hesab edir ki, hakimiyyəti qəsb etmiş Serj Sarqsyan və ona sadiq müttəfiqlik edən Daşnaksutyun milli maraqları təmin etmirlər.
Eyni zamanda, unutmayaq ki, Ermənistanda Serj Sarqsyanın "Konstitusiya islahatları" adı ilə gerçəkləşdirdiyi sistem dəyişikliyi ölkə siyasətində status-kvonun qorunmasına yönəlib.
Eyni adamlar, eyni siyasət, xüsusilə də xarici siyasətdə eyni kurs.
Di gəl, Serj Sarqsyan yumşaq desək, yüksək zəka sahibi olmadığından dərk edə bilmir ki, mühafizəkarlıq, onların olduğu kimi qorunması yalnız o halda yaxşıdır ki, qorumağa nə isə olsun. Ermənistanda isə hakimiyyətin qəsb olunması, ölkənin kriminal oliqarxlar dəstəsi tərəfindən idarə olunması, rüşvətxorluğun sistem xirtdəyinə çatdığını və ən pisi - problemlərin həlli üçün köklü islahatların aparılmadığını nəzərə alsaq, ölkə bərbad gündədir.
Azərbaycanda sosial şəbəkələrdə "Ermənistanda vəziyyət daha yaxşıdır" yazanların iddialarının tam əksinə olaraq.
Ermənistanın ən məşhur və nüfuzlu, bu səbəbdən də ağıllarına şübhə etmədiyimiz politoloqları, analitikləri, siyasətçiləri, habelə müxalifət liderləri ölkənin vəziyyətini fəlakət kimi dəyərləndirirlər.
Bu durum beynəlxalq təşkilatların hesabatlarında da əks olunub. Məsələn, BMT, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, ATƏT, AŞPA, "Sərhədsiz Reportyorlar", "Freedom House" və s.-lərin yaydıqları sənədlərdə refren kimi təkrarlanan cümlələr belədir: "Ermənistanda əhali sürətlə yoxsullaşır. İşsizlik və ölkəni tərk edərək mühacirətə yollananların sayı həndəsi silsilə ilə artır. Cəmiyyətin bütün təqəbələrində rüşvətxorluq, hakimiyyətin bütün tabanlarında korrupsiya dözülməz həddə çatıb. Ermənistanda siyasi məhbusların və vicdan məhbuslarının sayı 353 nəfərə çatıb. Ermənistan ordusunun müdafiə qabiliyyəti, ölkənin hərbi potensialı çox aşağı səviyyədədir".
ABŞ-ın Ermənistandakı səfiri isə söyləyib: "Cəmiyyətdə real dəyişikliklər gözləntisi ilə bağlı yorğunluq artır".
Rusiya təhqir olundu
"Yelk" partiyasının parlasentdəki fraksiyasının mənsubu, deputat Mane Tandilyanın fikrincə, xalqı aldadan, insanların hissləri ilə oynayan Serj Sarqsyan dərzal, təcili olaraq istefa verməlidir.
Erməni politoloq Vahan Badasyan isə Serj Sarqsyanı dəstəkləyən Rusiyanın Ermənistanla bağlı yürütdüyü siyasəti fahişəlik adlandırıb.
"Rusiya həmişə belə siyasət yürüdüb. Artıq 200 ildir ki, belədir. Rusiya bir daha sübut etdi ki, onun Ermənistanla bağlı yürütdüyü siyasət əsl fahiəlikdir. Ermənistan Cənubi Qafqazda Rusiyanın yeganə, tək müttəfiqidir. Cənubi Qafqazsa Rusiyaya çox gərəkdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması yollarını arayan Minsk Qrupunda Rusiya həmsədr ölkədir. Ermənistanın strateji müttəfiqi olduğunu deyən, həmsədr Rusiya Azərbaycana hərbi texnika satırsa, üstəlik burada Serj Sarqsyanı dəstəkləyirsə, bunun bir adı var - siyasi fahişəlik. Erməni xalqı daha qətiyyətli və iradəli olmalı, sərt mövqeyini ortaya qoymalıdır. Rusiyanı rədd etməli, ABŞ, Fransa və Britaniya ilə sıx əlaqələr qurmalıyıq", - V.Badasyan deyib.
Nə olacaq?
Faktiki olaraq, heç nə. Serj Sarqsyanın hakimiyyətdə qalmasında Qərb və Rusiya maraqlıdır.
Sarqsyan Qərb üçün asan idarə olunan, ləkəli karyeraya malik, hakimiyyəti qanunsuz qəbs etmiş, bu səbəbdən təzyiqə meyl səviyyəsi yüksək adamdır.
Rusiya üçünsə Sarqsyan sadiq kölə, buyruq qulu, hər göstərişi dərhal yerinə yetirəcək fiqurdur.
Rusiya bilir ki, Sarqsyanın devrilməsi Ermənistanda anti-Rusiya meyllərini gücləndirəcək, İrəvanın Moskvanın təsir dairəsindən çıxaracaq.
ABŞ və Avropa anlayırlar ki, Sarqsyan hakimiyyətdən kənarlaşdırılarsa, Rusiya Ermənistanı əldən buraxmamaq üçün əlindən gələni edəcək. Bu isə ən yaxşı halda Qərbin planlarının uzun müddət dondurulması deməkdir.
İrəvan küçələrindəki etiraz aksiyalarından vəcdə gəlmək, "Sarqsyan çökür" tipli şüarlar söyləmək də yersizdir. Çünki bu, bir balaqan, şoudur.
Ermənistanın müxalifəti Azərbaycanla bağlı tutduğu mövqeyə görə İrəvandakı iqtidardan əsla fərqlənmir.
Sarqsyan iqtidarı kimi, ona düşmən kəsilən müxalifət də əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində İrəvan "bir addım da geri çəkilməməlidir".
Sarqsyan iqtidarı təki, erməni müxalifəti də Azərbaycanı düşmən, azərbaycanlıları isə məhv ediləsi insanlar sayırlar.
Və ən nəhayət, məhz erməni müxalifəti Dağlıq Qarabağın "dövlət müstəqilliyi"nin Ermənistan tərəfindən rəsmən tanınmasını tələb edir.
Ermənistanda iqtidarda olanlar təki, müxalifətdə vurnuxanlar da özlərini siyasət sənətində yox, sənəti özlərində görürlər.
Demokratik parlamentarizm pərdəsi altında hakimiyyəti qəsb etmiş Serj Sarqasyan sadəcə, bir qədər qorxdu.
Radikal, nə istədiyini bilməyən, hara yönlənəcəyini anlamayan kor kütlə başqa nə edə bilərdi ki...
P.S. Sosial şəbəkələrdə "İrəvanda ictimai nəqliyyat çox inkişaf edib" yazan "yorğun demokrat"larımız yalana əl atırlar.
Faktlar tam tərsinədir. Belə ki, İrəvanda ictimai nəqliyyat əsasən QAZel, PAZ və "Boqdan" mikroavtobuslarından ibarətdir. Ermənistan paytaxtında 100 avtobus marşrutu var ki, onlar da 80 özəl şirkət arasında paylaşdırılıb.
Şirkətlərin istisnasız olaraq hamısı məmurlara məxsusdur.
Bu qədər.
Elçin Alıoğlu
Milli.Az