O, dünyanın adi insanı kimi doğuldu, amma ən məşhur insanlarından biri kimi öldü.
Daha doğrusu, ölümü rəsmiləşdi - amma cəsədi tapılmadı və ölüm faktı "qeydiyyata" alınandan sonra açıqlandı. Fəqət, indinin özünədək bu adamla bağlı ən müxtəlif versiyalar, təxminlər, nəzəriyyələr, iddialar var və onların da tam əksəriyyətində "Onun ölümü sirr oldu!" ideyası əsas məğzi təşkil edir.
Bu gün o tarixdən 50 il ötür!
Milli.Az xəbər portalı bildirir ki, 1961-ci ilin aprelin 12-də o, bəşəriyyətin tarixini və tarixin də gedişatını dəyişdi. Tarix indi onun uçuşuna qədərki dövrlə həmin uçuşdan sonrakı dövrə bölünür.
Yuri Qaqarin - bu adı eşitməyən, duymayan və onun fotolarını görməyən adam azdır.
Qaqarin kosmosa uçmuş ilk insan, Yeri tam dövr vurmuş ilk bəşər övladı idi.
Və eyni zamanda o, 3-4 min il əvvəl deyilən, yazılan və kitabələr halına düşən təxminlərdə gerçəkləşən bir şəxsdi.
"Qardaşımı şərfdən asıb çıxdı ki..."
Rəsmi sənədlərə görə, Yuri Alekseyeviç Qaqarin 1934-cü ilin martın 9-da Rusiyanın Qərbində, Qjat rayonunun Kluşino kəndində anadan olub. Dünyasını isə 1968-ci ilin martın 27-də, Rusiyanın Vladimir vilayətinin Kirjaç şəhərinin yaxınlığında idarə etdiyi təyyarənin yerə çarpılması nəticəsində dəyişib.
SSRİ-nin təyyarəçi-kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı, kosmik fəzaya çıxmış ilk insandır.
Atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyeva Matveyeva süd zavodunun fəhləsi idi. Babası Timofey Matveyeviç Matyev isə köhnə bolşevikdi, O vaxtkı Leninqrad, indiki Sankt-Peterburqda yaşayırdı.
Uşaqlığı kənddə keçən Yuri elə həmin illərdə faciələrlə üzləşmişdi. 1941-ci ilin oktyabrın 12-də onların kəndini faşistlər işğal etdilər və Kluşino tam ilyarım işğal altında qaldı.
Yuri sonralar deyərdi ki, dünyanın ən "güclü adamı" olmaq istəyi də həmin işğal illərində yaranıbmış onda.
"Bax, onda dünyanın ən güclü adamı olmaq istədim"
"Günlərin birində həyətimizə iki faşist əsgəri girdi. Kiçik qardaşım Boris ağacın altında oynayırdı. Əsgərlərdən biri Borisi təpiklə vurdu. Qardaşım yıxıldı və bu zaman əsgərə söydü. Alman əsgər də onu saçından tutub qaldırdı və ətrafına baxmağa başladı. Matdımcasına, sakit durub ona baxırdım. Əsgər nə fikirləşdisə, boynundakı şərfi çıxarıb qardaşımın boynuna doladı, şərfin bir ucunu da ağacın budağına bağladı. Boris budaqdan asılı qalmışdı. Qardaşım boğulurdu - alman əsgər onu asmışdı. Sonra həmin əsgər deyəsən, boğulan qardaşımın şəklini çəkmək üçün qonşu həyətə girmiş almanlardan fotoaparat almağa getdi. Əsgər həyətdən çıxan kimi qardaşımın boynunu ilgəkdən çıxarıb evə apardım. Bax, onda istədim ki, dünyanın ən güclü adamı olum, səmaya qalxım, uça bilim - düşmən məni tutmaq istəyəndə tuta bilməsin. Bəlkə səmada uçmaq istəyim də onda yarandı", - Qaqarin deyirdi.
Qaqarinin tərcümeyi-halı, sonrakı yaşamı bəlli və bu barədə çox bəhs etmək istəməzdik.
Yalnız onu qeyd edək ki, Yuri Qaqarinin anası onu dünyaya gətirmək istəmirdi. Daha doğrusu, Anna Matveyeva Yuriyə hamilə olanda iki dəfə abort etmiş, bətnindəki körpədən qurtulmaq istəmişdi. Fəqət, kənd arvadlarının bacarıqsızlığı Yurini ölümdən qurtarmış və o, çətinliklə də olsa, dünyaya gəlmişdi.
"Qorxurdum ki, dəli olam"
50 il əvvəl, 1961-ci ilin aprelin 12-də Qazaxıstandakı "Baykonur" kosmodromundan səmaya qalxan "Soyuz" raketi "Vostok-1" kosmik gəmisini daşıyırdı.
Moskva vaxtı ilə səhər saat 09.07-də raket göyə qalxdı və özü ilə radioçağırış adı "Sidr" olan Yuri Qaqarini kosmosa apardı.
Gəmi orbitə çıxandan sonra isə o, kapsulanın içində rahat oturdu. Yedi, içdi, qeyd dəftərçəsində yazdı, diktofona hisslərini diqtə etdi.
Qaqarin sonralar deyəcəkdi: "Yanıma qoyduğum karandaşın qəflətən uçmağa başladığını gördüm. Anladım ki, çəkisizlik şəraitində bütün əşyalar rahatca uçurlar. Bunu tez qeyd dəftərçəsinə yazdım, üstəlik də gəmidəki maqnitofona diqtə etdim. Amma məni narahat edən karandaş deyildi. Uçuşa qədər demişdilər ki, insan psixikasının kosmosda necə olacağı, yeni və indiyədək görülməmiş, duyulmamış şəraitə necə reaksiya verəcəyi bəlli deyil. Ona görə də mənim ağlımı itirib kosmik gəmini idarə etməyimə yol verməmək üçün xüsusi mexanizm və sistem də hazırlanmışdı. Belə ki, gəminin əllə idarə edilməsi üçün ağzı yapışdırılmış, möhürlənmiş zərfi açmalı, orada kod yazılmış vərəqi götürməli və sonra da həmin kodu idarəetmə panelinə daxil etməliydim. Yalnız bundan sonra gəmini idarə edə bilərdim. Uçuşdan əvvəl özümü təlqin edib hazırlayırdım ki, orada ağlımı itirməyim. Yalnız bunu istəyir, buna çalışırdım və özümə inanırdım".
Müəmmalı ölümün saysız təxminləri
1968-ci ilin martın 27-i. Qaqarin alay komandiri, Sovet İttifaqı Qəhrəmanı Vladimir Seryoqinlə birliklə "MiQ-15UTİ" təlim-məşq qırıcı təyyarəsində Moskva yaxınlığındakı Şyolkovo şəhərciyindəki Çkalovskaya aerodromunda səmaya qalxır. Uçuş başlayanda hava aydındı. Pilotaj zonasında uçuş 20 dəqiqə davam etdi. Lakin 4 dəqiqə sonra, 10.30-da Qaqarin aerodorma uçuşun başa çatdığını bildirdi, geri dönərək bazaya qayıtmaq üçün icazə istədi. Bundan sonra təyyarə ilə əlaqə itdi.
Təyyarənin yanacağının başa çatdığı aydın olandan sonra uçuş zonasında axtarışlar başlandı. 4 saatdan sonra təyyarə aerodromdan 65 km aralıda, Vladimir vilayətinin Kirjaç şəhərindən 18 km aralıdakı Novosyolovo kəndinin yaxınlığında tapıldı.
Ertəsi gün Qaqarinin pilot gödəkçəsinin bir parçası, sürücü vəsiqəsi olan pul qabı və Korolyovun şəkli tapıldı.
Qəzanın səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılsa da, faciənin səbəbləri hələ də məlum deyil.
Üstəlik, həmin komissiyanın hazırladığı hesabat hələ də dövlət sirri olaraq qalır və ictimaiyyət üçün açıqlanmayıb.
Qaqarinlə Seryoqinin yandırılmış külünün olduğu qablar Moskvada, Kreml divarındadır.
Amma Qaqarinin həmin qəzada öldüyünə inananlar çox deyil.
O, necə öldü?
Kosmosa çıxmış ilk insanın ölümü ilə bağlı çoxlu versiyavlar var. Qəza ilə bağlı konkret və açıq rəsmi versiyaların yoxluğu Qaqarinlə Seryoqinin uğradıqları fəlakətin müxtəlif yozumlarına rəvac verib. Məsələn, həmin versiyalara görə, Qaqarinin SSRİ-nin ali rəhbərliyi ilə münaqişəsi yarandığı üçün Kreml onun ölümünə fərman vermişdi.
Digər versiyaya görə, Qaqarini SSRİ Dövlət Təhlükəsizlik Komitəsi həbs etmiş, üzündə kiçik plastik cərrahiyyə əməliyyatından sonra əyalətlərdən birindəki ruhi xəstəxanya gömmüşdü.
Və ən nəhayət, belə versiya da var ki, Qaqarin özü qəsdən qəzanı hazırlayıb, sonra isə uzun illər boyu Orenburq vilayətində yaşayıb, orada da yetərincə ahıl yaşında ovda bədbəxt hadisə nəticəsində ölüb.
"Səmaya qalxan sidr ensə də, ölməyəcək"
Yuri Qaqarin uçuşdan əvvəl narahat olduğunu gizlətmirdi və bu uçuşun dünya tarixini dəyişəcəyini düşünürdü.
Qaqarin belə deyiirdi və təbii ki, ondan əvvəl, hətta minillərlə öncə bu sözlərin təxminən yazıldığı bir kitabı vardı.
O kitabənin adı "Avesta", sözlər isə Kavi Viştaspanın söylədikləri idi.
12 min öküz dərisinə yazılmış bu kitabədə ilk insanın kosmosa uçuşunun vaxtı heyrətamiz, hətta fantastik dəqiqliklə göstərilmiş və uçuşdan bəhs olunmuşdu.
Belə ki, Gənci Şapikan və Dizi Nipişt qalalarında saxlanmış kitabələrdə insanın kosmosa uçacağından yazıldığı rəvayət edilir.
Makedoniyalı isgəndər Əhəmənidlərin xanimanını darmadağın edib Daranı dərbədər salanda "Avesta"nın yarısını dənizə atmış, yarısını da yandırmışdı.
İsgəndər belə düşünürdü.
Çünki "Avesta"nın xeyli yazıları qalmışdı.
Sonradan Ərşəkid çarı Vəlxşin dönəmində dəsturların vasitəsilə yığılan, şifahi deyilənlərin kitabələr halına salındığı "Avesta"da yazılmışdı: "Yasnanın haitilərinə qulaq asanlar bilsin ki, günlərin birində Yurayi adlı insan sidr ağacına çevriləcək və səhranın ortasından göyə qalxaraq Ahuraməzdanın köməyi ilə ətrafa ildırımlar saçan arabanın içində ulduzların yannına gedəcək. O, ulduzların yanından aşağıya baxacaq, sonra da Qata Vaştakın içində aşağı enəcək. Onun yuvası yumru, alovlu, dəmirdən olacaq. Bu insan bir qədər sonra, 6 qış və 6 yaydan sonra yenə səmaya qalxacaq, amma onun dəmir arabası yerə düşəcək. Həmin insan isə ulduzların yanında zərrələrə dönəcək"
İnanılmaz görünsə də, belədir.
Kosmosa ilk qalxan insanın adı Yuri, onun olduğu kosmik gəminin adı "Vostok", radioçağırış kodu "Sidr", Yerə endiyi modul "Vostok" idi. Xüsusi poladdan hazırlanmış bu modul yumru idi və atmosferə daxil olanda səthi hədsiz qızmış, alovlanmağa başlamışdı.
"Avesta"nanı "Yasna"sından sonrakı hissəsi olan "Vispered"də isə deyilir: "Səmaya qalxmış sidr yerə enəndən 6 il sonra məhv olacaq, amma ölməyəcək. Onun harada olduğunu kimsə bilməyəcək".
Atəşpərəstlərin müqəddəs kitabı, Zərdüştün birbaşa Ahurəməzda adlı Xeyir Tanrısından aldığı deyilən "Avesta"nın son hissəsi olan "Xorda Avesta" və ya "Kiçik Avesta"da isə deyilir: "O sidri qurumuş, yanmış, məhv olmuş bilməyin. O, səmaya qalxıb səmadan düşəcək və yerə çarpılacaq. Amma ölməyəcək - sadəcə, insanlara görünməyəcək".
"Səmaya qalxan sidr"ifadəsinə qədim atəşpərəst-pəhləvi kitabələri "Nirangistan", "Pursişniha", "Əfrini Zərdüşt" və "Aogemadaeça"da da rast gəlmək mümkündüür.
Dəmir oxdaki yumru araba, zərrələnən insan və yoxa çıxacaq qəhrəman
Qədim Mayya mədəniyyətinin nüfuzlu araşdırmaçı və bilicilərindən olan Maykl Danskonun dediyinə görə, eramızdan əvvəl 3114-cü ilin avqustun 12-də mayyaların kahinlərinin dedikləri sözlər Teoukan şəhərindəki kitabələrdən birin həkk olunur: "Bir insan tanrılar tanrısı Kesatkoatlın köməyi ilə səmaya qalxacaq, buludları dələn dəmir oxun içində ulduzların yanına gedəcək, sonra da insanların başına dövr vuraraq yuxarıda duracaq. Bundan sonra Kesatkoatl onu yumru arabasında aşağı salacaq və buludlardan aşağı düşəndə bu arabadan yarpaqlar çıxaraq insanı aşağı endirəcək. O insan hşavanın, suyun, buludların olmadığı yerə gedərək hava, su və buludlar olan yerə qayıdacaq. Qayıdışdan 6 il keçəcək və bu insan yoxa çıxacaq".
Asteklərin paytaxtı Tenoçtitlandan 25 kilometr şimal-qərbdəki şəhər-dövlətinin paytaxtı Toltekidəki qaniçən tayfalar da "səmaya qalxıb enəcək adam"ın olacağına inanırdılar və o insanın "ulduzların yanında azacıq durub geri dönəcəyinə" şübhə etmirdilər.
Üstəlik, Toltekidəki rəsm və yazılarda bu insan "uzaq ölkədə, bənizi ağ, gülümsər adam" kimi təsvir olunurdu.
Və ən nəhayət, Yuri Qaqarinin uçuşunun minillər əvvəl təxminlənmiəsinə sübutların yer aldığı "Kiçe Mayya" kitabəsi də var. Bu kitabə 1691-ci ildə yepiskop Nunyes de la Veqanın əmri ilə tonqala atılsa da, keşiş Ordonyes "Kiçe Mayya"nın surətini çıxara bilmişdi.
Həmin kitabədə deyilirdi: "Vaxt gələcək, yumru arabanın bərkidildiyi nəhəng ox ildırım kimi alov saçaraq göyə qalxacaq, orada ulduz kimi kiçiləcək, ulduzların yanında olacaq və sonra yerə enəcək. O arabadakı insan sonra bir daha qanadlı dəmir quşla göyə qalxacaq və o quş yerə çarpılıb öləndən sonra yoxa çıxacaq. O, kəhkəşanda zərrələrə parçalanacaq".
Mayyaların "Tsolkin" adlı təqvimini indiki təqvimimizə uyğunlaşdıranda, "ulduzların yanına çıxaraq bir qədər orada qalacaq insan"ın məhz 1961-ci ilin aprelin 12-də uçuş edəcəyi bəlli olur.
"Kəhkəşanda zərrələrə parçalanmaq istərdim"
Yuri Qaqarinin dostlarının dediklərinə görə, dünyanın ilk kosmonavtının arzuları çoxdu. Həmin arzulardan biri də ölümsüzlük idi.
"Başa düşürdü ki, insan ölümsüz deyil. Yuri bunu bilirdi. Amma hərdən, ikimiz tək qalanda deyirdi ki, ulduza dönmək, kəhkəşanda zərrələrə parçalanmaq istəyir", - kosmonavt German Titov yazırdı.
Orxan Hun
Milli.Az

















