Avropa İttifaqının (Aİ) əsas hədəflərindən biri ortaq məqsədlər ətrafında birləşmiş Avropa cəmiyyəti qurmaqdır. Buna nə dərəcədə nail olunduğu və ya nail olunacağı isə özü-özlüyündə mübahisə predmetinə çevrilmişdir.
''Avropa xalqı'' və ''avropalı kimliyi'' anlayışları rəsmi olaraq ilk dəfə 1973-cü ildə Kopenhagen zirvə toplantısında müzakirə edildiyi zaman, çox güman ki, heç kim bunun necə reallaşacağı haqqında aydın təsəvvürə malik deyildi. Sonradan 1980-ci illərdə davam edən Xalqların Avropası (A People`s Europe) Müvəqqəti Komitəsi, bundan sonra isə Aİ-ni siyasi birlik səviyyəsinə çatdırmağı nəzərdə tutan Maastrixt müqaviləsi, Avropa vətəndaşlığını tənzimləyən Amsterdam müqaviləsi, böyük ümidləri "məyusluqla söndürən'' Avropa üçün Konstitusiya müqaviləsi və özünü tam təsdiq edə bilməyən Lissabon müqaviləsi də əslində "Avropa xalqı" anlayışının müxtəlif şəkildə başa düşülməsinə və birmənalı olmamasına sözün tam mənasında aydınlıq gətirə bilmədi. Bu gün hətta Aİ-nin müxtəlif mənalarda izah etdiyi kontinental Avropanın, bir "Avropa xalqı"ndan gözləntilərinin ölkədən-ölkəyə də nə qədər dəyişə biləcəyi aşkar görünür.
Ən azından, yenə də "ortaq mənsubluq" formalaşdırma səylərinin səbəblərini təxmin edə bilirik. Aİ-nin yarandığı ilk illərdəki sürətli inkişaf tempini həm yeni üzvlərin qəbulu, həm də üzv dövlətlərin xalqlarının prosesdən kənarda qalmasına görə itirməsi, xüsusilə də 1970-ci illərdən etibarən Aİ-nin tez-tez mübahisə predmeti olan şəffaflıq, hesabat vermə imkanları, demokratiya qıtlığı anlayışlarına görə Aİ üzv ölkələrin vətəndaşlarını prosesə cəlb etmə məcburiyyətini ciddi şəkildə hiss etmişdir.
Aİ-nin elitar doktrinalara əsaslanan sistem olduğu barəsində tənqidi fikirlər artdıqca, Aİ "puzzle'' oyununun çatışmayan elementinin məhz "biz" düşüncəsini formalaşdırmaq olduğunu da daha dərindən dərk etməyə başlamışdır. Buna görə də Aİ-nin funksionallığını insanların gündəlik həyatlarına nüfuz etdirməyin, Aİ-nin cansıxıcı texniki detallar kompleksi olmaqdan xilas etməyin əhəmiyyəti başa düşülmüşdür.
Bu kontekstdə hər şeydən əvvəl müraciət edilən üslubdakı əsas fikir Aİ qurumlarının funksionallığını artırdıqca və bunun xalqın prosesdə iştirakının sürətləndiriləcəyi olsa da, sonradan Aİ-nin təşkilati strukturunun səmərəliliyinin yalnız xalqın Aİ-nin funksionallığında fəal iştirakı ilə mümkün olacağı fikri daha çox tərəfdar toplamışdır.
Avropa elitasının mövqeyi bu istiqamətdə möhkəmləndikcə, üzv dövlətlərin vətəndaşlarının da Avropanın və avropalı olmağın mahiyyətinə dair fikirlərini nəzərdən keçirmək əhəmiyyətli ola bilər. Vətəndaşların əksəriyyəti Aİ-ni vətənpərvərlik, sədaqət kimi xalq-dövlətə xas bəzi anlayışlarla xarakterizə etmək əvəzinə, Avropaya xas olan cəhət kimi gördükləri insanların və azlıqların hüquqları, tolerantlıq, hüququn aliliyi, əsas hüquq və azadlıqların qorunması prinsiplərinə əsaslanan etibarlı əməkdaşlıq sahəsi kimi təsəvvür edir. Başqa sözlə, avropalı olma milli anlayışlara və mənsubluğa alternativ yox, əlavə, möhkəmləndirici təsir, rifah sahəsi kimi ayrılıqda götürülür və milli köklərə sadiqlik hələ də aktuallığını qoruyub saxlayır.
Əslində, həm Maastrixt, həm də Amsterdam müqavilələri Aİ vətəndaşlığının milli vətəndaşlığı aradan qaldırmayacağını, hətta onu tamamlayacağını və onunla ziddiyyət təşkil etməyəcəyini ifadə etmişdir. Beləliklə, Aİ kimliyinin milli kimlikləri asanlıqla üstələyə bilməyəcəyi, ona əlavə olacağı bu müqavilələrlə də rəsmi səviyyədə açıq şəkildə olmasa da, qəbul edilmişdir.
Üzv dövlətlərin vətəndaşlarının baxışlarına diqqət yetirdikdə görmək olur ki, Avropa cəmiyyətinin yaranması yolundakı ən böyük maneələrdən biri çox və müxtəlif dillilikdən irəli gələn ünsiyyət problemidir. Marko Antonişin (Marco Antonisch) dörd Avropa ölkəsində (İtaliya, Fransa, İngiltərə, Finlandiya) apardığı anket sorğuları zamanı müxtəlif dilləri təmsil edən insanlara yaxınlıq hiss edilə bilməyəcəyi tezisi demək olar ki, bütün respondentlər tərəfindən müdafiə olunmuşdur... ortaq adət-ənənələr və mədəni xüsusiyyətlərin olmaması da oxşar effekti doğurur.
Eyni şəkildə ölkələrin müxtəlif siyasi ənənələri və qavramları (məsələn, sosial rifah dövləti), ərazinin böyüklüyü və əhali sayı faktoru, iqtisadi güclər arasındakı fərqlər də bütövlük yolundakı maneələr kimi qiymətləndirilə bilər. Güclü xalq-dövlət ənənəsinə malik olan kontinental Avropada transmilli cəmiyyət strukturu, üstəlik bir də multisürətli Avropa inteqrasiyası haqqında müzakirələr aparılması faktları, bu müxtəliflikləri daha ucadan vurğulayaraq vahid Avropa xalqının formalaşmasını çətinləşdirir.
Marko Antonişin fikrincə, "digər" anlayışının aydın şəkildə nəzərə çarpmadığı Avropa daha çox Amerika ilə rəqabət və onunla eyniləşdirdikləri rəhmsiz kapitalist sistem və qeyri-bərabər səviyyədə gücdən istifadə kimi anlayışlardan fərqlənmək istəyi ilə öz əsas prinsiplərini və ortaq dəyərlərini müəyyənləşdirir. Bu şəkildə təhlükənin dərk edilməsi ilə bağlı qüsur da konkret kimlik və həmrəylik təcrübəsinin qazanılmasına mane olur.
Avropa qurumlarına olan laqeydsizlik və bu məsələdə əhali arasında məlumat azlığı da rəhbər struktur ilə aşağı təbəqələr arasındakı məsafəni aradan qaldırmağa və Aİ-nin səmərəli işləməsinə mane olur. Bu sonsuz dairə daxilində onsuz da axsamaqda olan sistemə olan dəstək və inam hissi də azalmağa başlamışdır.
1999-cu ildə keçirilən Avrobarometr (Eurobarometer) anket sorğusunun nəticələrinə görə, orta hesabla hər 10 avropalıdan 6-sı özünü tam mənada Aİ-nin üzvü hesab etdiyi halda, bu nisbət İngiltərədə 30%-ə qədər azalmışdır. Həmçinin özünü hər şeydən əvvəl öz ölkəsinin vətəndaşı, məhz bundan sonra avropalı hesab edənlər arasında Aİ-nin əsas üzvlərindən İngiltərədə bu göstərici 67%, Almaniyada isə 51% təşkil etmişdir. Bu nəticələr Aİ baxımından müsbət mənada dəyişməməkdə və mütamadi olaraq keçirilən hər sorğu ilə özünü avropalı sayanlar azalmaqdadır.
Maraqlıdır, "Unity in Diversity", yəni "Fərqlilikdə birləşmə" iddiası arzu edildiyi qədər uğurlu olmamışdırmı? Bu kontekstdə "We the people of Europe", yəni "Biz Avropa xalqıyıq" sözləri ilə başlayan Konstitusiya 2005-ci ildə rədd edilmişdir. Xalq sərbəst hərəkət etmək, eyni pul vahidindən istifadə, Avropanın istənilən ölkəsində təhsil almaq kimi fərdi; fondlardan istifadə etmək, beynəlxalq bazarlarda aparıcı qüvvələrlə rəqabət edə bilmək kimi milli gözləntilərini doğrultmağa çalışdığı bu sahədə də birləşə bilməmişdir. Üstəlik Klaus Offenin (Claus Offe) də qeyd etdiyi kimi, avropalılaşma və bütövləşmə prosesində iştirak etməmək, xüsusilə iqtisadi baxımdan hər kəsdən geri qalmaq qorxusunu da artıracaqdır.
Bunun əsas diqqət cəlb edən səbəblərindən biri hal-hazırda Avropa Birliyinə münasibətdə hər bir üzvün müxtəlif gözləntilərinin olması və bu gözləntilərin bu gün milli mənafelər istiqamətində formalaşmasıdır. Başqa sözlə, Antonişin də qeyd etdiyi kimi, Aİ üzv ölkədə işlər ürəkaçan olmadıqda istifadə ediləcək ehtiyat təkər kimi qiymətləndirilir. Buna görə də, iqtisadi inteqrasiyaya böyük həvəslə yanaşan ölkələr milli kimliklərini daha üstün kimliklə əvəz etmə məsələsində olduqca həvəssiz davranmışlar.
Bu gün milli kimlik və mənsubluqdan azad və ondan üstün olan, hətta milli kimliyi əvəz edən Avropa xalqının mövcudluğundan bəhs etmək o qədər də real səslənməyəcək. Ancaq sözün həqiqi mənasında Avropaya mənsubluq məsələsi həll edilmədən demokratiyanın işləməsi də çox çətin olacaq. Aİ yalnız qurumlardan və mürəkkəb hüquqi strukturdan ibarət deyil. Avropa eyni zamanda onun legitimliyinin əsaslanacağı xalqdan, yəni ictimaiyyətdən də ibarətdir. Başqa sözlə, problemin yalnız qanun müəllifləri və rəhbər elitanın tənzimləmələri ilə aradan qaldırıla bilməyəcəyi bir həqiqətdir.
Offenin qənaətinə görə, burada Aİ-nin malik olması lazım gələn və hələlik bunu təmin edə bilmədiyi iki mühüm cəhət nəzərdən qaçırılmamalıdır. Bunlardan birincisi cəmiyyətlərin prosesdə demokratik şəkildə iştirakının və razılıqlarının olması və bu kontekstdə işlənib-hazırlanan qaydalara riayət etmə çərçivəsində qiymətləndirilə biləcək legitimliyin və effektivliyin əhəmiyyətidir. Bu cür qaydalar işlənib-hazırlandığı zaman xalq amilinin nəzərə alınması və onların bu qaydaların tətbiqi prosesində özlərini söz sahibi hesab etməsi qeyd edilən mənsubluq əlaqəsinin yaranması baxımından son dərəcə əhəmiyyətlidir.
Bu fikrimizi Habermasdan iqtibas gətirməklə yekunlaşdıra bilərik. O qeyd edir ki, Avropa konstitusiyaçılığı və konstitusiyada ifadə olunan vətənpərvərlik düşüncəsinə görə, müəyyən bir ölkədə özünü mövcud qanunları hazırlama prosesinin bir hissəsi, məsul şəxsi, tənqidçisi, özünü qanunlara tabe və qanunların bir tərəfi kimi görən hər bir şəxs o ölkənin xalqının bir hissəsidir. Aİ-nın belə xalq şüuru formalaşdıra bilməməsi demokratiyanın inkişafı yolundakı ən ciddi maneələrdən biridir.
Newtimes.az
Dünya
Demokratiyanın inkişafı yolunda ən ciddi addım: "Avropa xalqı" mövcuddurmu?
16 Dekabr 2014 12:40
0 Şərh
Baxış: 1 752
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Diplomat olduğunu deyən azərbaycanlı saxlanıldı - maşınından 70 kq qızıl çıxdı
- Netanyahu Britaniyaya daxil olarsa həbs olunacaq
- COP-un dəqiq bitəcəyi vaxt açıqlandı
- Müğənni 3+3-ün cavabını bilməsə olar - Əməkdar artist
- “Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” - VİDEO
- Şəkidə itlər üç nəfəri dişlədi - ikisi azyaşlıdır
- İnsanların ən böyük peşmanlıqları - Altı ay ömrünüz qalsaydı...
- Xatirə anası ilə Moskvada - FOTO
- Sosial şəbəkədə yeni dələduzluq - Dostunun nömrəsi ilə yazıb pulunu mənimsədilər - VİDEO
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü - FOTO
- Naxçıvana maneəsiz keçid belə olacaq: Məqbul variant tapıldı
- "Qara cümədə mal alanda sevinməsinlər..." - xəbərdarlıq
- Azərbaycanda alimentin məbləği ARTIRILIR - ARAŞDIRMA - VİDEO
- Mahir Emrelidən peşəkar assist - VİDEO
- "Yalı çapkını" final edəcək?
- Türkiyədə terrora cəhd edən şəxs həbs olundu
- Evdə qarışqalardan necə qurtulmaq olar?
- Qalstyana hökm oxundu
- Samuxda yük və minik maşınları toqquşdu - ölən var
- "Barselona"nın keçmiş ulduzu Messinin baş məşqçisi oldu
- Günəş sisteminin ən böyük planetindən FOTOlar
- "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
- “Qarabağ” taxtını əldən verdi
- Əsir götürdükləri 46 nəfəri Rusiyaya qaytardılar