Dünya

Kürdlər İŞİD-i ağlatdı - YENİLƏNİB - FOTO

18 Avqust 2014 10:08
2 Şərh     Baxış: 2 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:08

İraqın şimalındakı Mosul şəhərinin yaxınlığında yerləşən su bəndi "İraq və Şam İslam Dövləti" terrorçularından azad olunub.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, bu xəbəri az öncə ərəb mediası "Kürdlər İŞİD-i ağlatdı" başlığı ilə yayıb.

İraqın Şimalındakı Kürdüstan Muxtariyyətinin "peşmərgə" silahlı dəstələri İraqın ən böyük su-elektrik stansiyası və su bəndini İŞİD terrorçularından azad edərkən əməliyyatda ABŞ Hərbi-Hava Qüvvələrinin təyyarələrinin raket-bomba zərbələrinin onlara "çox böyük dəstək" olduğunu etiraf ediblər.

Kürdüstan Muxtariyyətinin lideri Məsut Bərzaninin sədrlik etdiyi Kürdüstan Demokrat Partiyasının mətbuat katibi Səid Məmuzini keçirdiyi mətbuat konfransında bəndin artıq bütünlüklə "peşmərgə"lərin nəzarətində olduğunu vurğulayıb.

İŞİD-in Mosul bəndində 400 terrorçusu vardı.

ABŞ-ın Mərkəz Qüvvələr Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, amerikalı pilotlar İŞİD-ə qarşı 14 hava bombardmanı gerçəkləşdiriblər.

Kürdlər İŞİD-in ələ keçirdiyi Mahmur şəhərini də azad ediblər.

Bu gün "peşmərgə"lərin Sincar şəhərinin azad edilməsiylə bağlı əməliyyata başlayacaqları bildirilir.

----------
09:23

İraqın ən böyük su bəndi və su-elektrik stansiyasının "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad olunması ilə bağlı genişmiqyaslı əməliyyat başlanıb. Mosuldakı HES-i İŞİD təkfirçiləri bu ayın əvvəlində ələ keçirmişdilər.
 

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İraq ordusu və kurdlərin "peşmərgə" dəstələrinin həyata keçirdikləri əməliyyata ABŞ Hərbi-Hava Qüvvələrinin təyyarələri dəstək verirlər.
 

Amerikalılar Mosul HES-in obyektlərində daldalanmış terrorçulara raket-bomba zərbələri endirirlər. Dünən 14 aviahücum olub. Şənbə günü isə amerikalı pilotlar 16 terrorçunu məhv ediblər.
 

Əvvəllər Səddam Hüseynin adını daşımış su bəndi 1983-cü ildə tikilib, 1986-cı ildə istifadəyə verilib. Bənd əhalisi 2 milyon nəfər olan Mosul şəhərindən 50 kilometr şimaldadır. Terrorçular bu bəndi partlatsaydılar, 12,5 milyard kubmetr su İraqın şimalını basacaqdı. Ekspertlərin hesablamalarına görə, yalnız Mosulda 500 min nəfər həlak olacaqdı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.