Dünya

Dünyanın ən yaxşı və ən bahalı metrosu... - FOTO

17 Mart 2014 10:40
Baxış: 9 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlardan bəziləri təmiz hava mənbəyidir, bəziləri əzab qaynağı

Son günlərin ən qaynar hadisələri "yerin altında" baş verir. Bakı Metropoliteninin yeni rəhbərliyi metroda alveri qadağan etdi, sonra onlara köçmələri üçün müvəqqəti olaraq vaxt verildi. Və başladı ənənəvi mübahisələr: metroda alver olmalıdırmı? Avtomatik olaraq da müqayisələr dövrəyə girdi. Xarici ölkələrin metrosunda heç belə alver yoxdur, çünki buna ehtiyacları yoxdur.

Ən qədim metro, ən təmiz havalı metro, ən bahalı metro...

Dünyanın ən gözəl, ən fərqli metroları ilə bağlı axtarış aparanda ortaya maraqlı nəticələr çıxdı. Başlayaq yer üzünün ən qədim metrosundan.

Bildiyiniz kimi, dünyada ən qədim metro sistemi Londonda açılıb. İlk stansiyası 1863-cü ildə açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. Metro bu yaxınlarda 20 illik yenidənqurma prosesi keçib və yeniliklərdən biri də kondisionerləri olan vaqonların xətlərə buraxılmasıdır.

Paris metrosu da öz əzəməti ilə öyünə bilər. Çünki burada 14 xətt, 245 stansiya var. Paris metrosunda diqqəti çəkən cəhət isə vaqonların avtomatik olaraq yox, qatar dayanandan sonra əllə açılmasıdır.

Honqkonq metrosu dünyanın ən rahat və gözəl metro sistemlərindəndir. 150 stansiyası var, qatarlar günə 3,4 milyon sərnişin daşıyır. Şəhərin mərkəzindən tutmuş şəhər kənarındakı kəndlərə qədər meqapolisin, demək olar ki, bütün hissələrini birləşdirir. Metro stansiyalarında bank bölmələri, ayaqüstü yemək üçün kafelər, dükanlar var. On dəqiqədən bir aeroporta ekspres qatar çıxır. Avtomatlardan bilet almaq çox asandır.
Sinqapur metrosu təmiz havasına görə fərqlənir. Maraqlıdır ki, sinqapurlular çox vaxt metro stansiyalarına sırf təmiz hava almaq, şəhərdəki dözülməz istilərdən qurtulmaq üçün girirlər.

Madrid metrosunu da dünyanın inkişaf etmiş metrolarından saymaq olar. Metro stansiyalarının sayı 400-ə yaxındır. Stansiyalar çox böyükdür. Orada ictimai tədbirlər də keçirmək olur. Bir stansiyada isə 200 kv metrlik arxeoloji muzey var. Metro stansiyalarındakı eskalatorların ümumi sayı 1600-dən çoxdur. Bu baxımdan Madrid metrosu dünyada birincidir.

Dünyanın ən yaxşı metrosu

"Virgin Vacations" turist şirkətinin tərtib etdiyi ən yaxşı metro sistemlərinin reytinqində 11 metropoliten var. Siyahı dünyanın müxtəlif ölkələrində yeraltı nəqliyyatın özəllikləri barədə təsəvvür yaradan şəkil və videomateriallarla təchiz edilib.

Seçim aşağıdakı meyarlar üzrə aparılıb: xətlərin uzunluğu, sərnişin axınının ölçüsü, sərnişinlərə lazımi (o cümlədən növbəti qatarın çatma vaxtı haqqında) informasiyanın əlverişliliyi, qatarların hərəkət sürəti, stansiyaların bədii tərtibatı, rahatlıq, təmizlik və təhlükəsizlik.

Siyahıda birinci yeri London metrosu - "London Tube" tutub. Avropada ən böyük olan London metrosu 1863-cü ildən işləyir. Onun yollarının uzunluğu 405 kilometrdir və hər il 976 milyon sərnişin daşıyır. Metro şəhərətrafı dəmiryolu şəbəkəsinə birləşdirilib. London metrosunun xidmətləri arasında "Docklands Light Railway"ın də adı çəkilir - maşinistsiz, avtomatik idarə olunan qatar bu populyar yerüstü yolla hərəkət edərək turistlərə Temza çayının ətrafını nümayiş etdirir.

Metropolitenin üstünlükləri kimi rahat oturacaqlar, parlaq elektron tablolar və hətta səyahət vaxtı yolpulunu ödəmək imkanı verən maqnit kartlar sistemi sadalanır.
İkinci yerdə 1900-cü ildə açılan Paris metrosu gəlir. Paris yeraltı dəmiryolu ildə 1,365 milyard sərnişin daşıyır. Yolların uzunluğu 215 kilometrdir, 380 stansiyanı birləşdirir. Fransız metropoliteninin üstünlüyü stansiyaların rahat və əhatəli yerləşməsidir: faktiki olaraq şəhərdə istənilən yerdən metroya məsafə 500 metrdən çox deyil. Stansiyaların interyerinin müasir unikal dizaynı və yolpulunun orta qiyməti də diqqət çəkir.
Siyahıda üçüncü yerdə Moskva metrosudur. O, dünyanın ən böyük və ən sürətli metrosudur - qatarların sürəti saatda 120 kilometrə çatır. Hər il Moskva metrosu 3,2 milyard sərnişin daşıyır. O, 12 xətt, 172 stansiyadan ibarətdir, rels yollarının ümumi uzunluğu isə 285 kilometrdir.

Metro xətlərinin əksəriyyəti yerin altından keçir, bir neçəsi isə yerin üstünə çıxır. Metronun 44 stansiyası diqqətəlayiq memarlıq nümunəsidir. Pik saatlarında qatarların hərəkət intervalı 90 saniyəyə qədər azaldılır.

Metrolar arasında dördüncü yeri İspaniya paytaxtının nəqliyyat sistemi tutub. Madrid metropoliteni ölçüsünə görə, Avropada ikinci, dünyada isə altıncıdır: uzunluğu 228 kilometrdir.

Ən sıx yeraltı dəmiryolu olan Madrid metropoliteni təmizliyi ilə seçilir, vaqon və stansiyalarda ən yeni təmizləmə sistemindən istifadə olunur. Qatarların sürətli hərəkətini stansiyaların müasir interyeri və nəqliyyat xətlərinin modern inkişafı tamamlayır (1999-2003-cü illərdə 100 kilometr yeni yol istismara verilib).

Beşinci yeri Tokio metrosu tutub. Onun qatarları 282 stansiya arasında hərəkət edərək ildə 2,8 milyard adam daşıyır. Bu, çox təmiz metrodur, qatarlar dəqiq cədvəl üzrə hərəkət edir və onlarda qızdırılan oturacaqlar quraşdırılıb. Dayanacaqlar yapon və ingilis dillərində elan olunur, qatar isə dəqiq təyin olunmuş xətt üzərində dayanır.
Tokio metrosu dünyada ən müasir yeraltı nəqliyyat sistemlərindən biridir. Onun infrastrukturuna hətta ticarət mərkəzləri və müxtəlif servislər də daxildir.
Altıncı yer Cənubi Koreyanın nəqliyyat sisteminə məxsusdur. Seul metrosu ən "yüklənmişidir" - bura gündəlik sərnişin axını bəzən 8 milyon nəfəri keçir. Uzunluq 300 kilometrdir. Seul metrosunun 30 faizini yerüstü marşrutlar təşkil edir və onu stansiyalarının gözəl arxitekturası fərqləndirir. Cənubi Koreya metropoliteni xüsusilə son illərdə sürətlə inkişaf edib.

Nyu-York "sabvey"i reytinqin 7-ci pilləsindədir. Ekspertlərin fikrincə, o, nə təmizliyi, nə də qatarların hərəkət tezliyi ilə fərqlənir. Bununla belə, yalnız Nyu-Yorkda metro bütün sutkanı işləyir.

1904-cü ilin oktyabrında metropolitenin cəmi 28 stansiyası olub, indi isə onların sayı 462-dir. Nyu-Yorkun yeraltı dəmiryolunun maşinistləri hər gün 4,9 milyon adam daşıyırlar. Stansiyalar nadir mozaik kompozisiyalarla təchiz olunublar.

Səkkizinci yerdə Kanadanın Monreal şəhərinin metropolitenidir. O, nisbətən yaxınlarda - 1966-cı ildə açılıb. Onun cəmi 65 stansiyası, 4 xətti var, ümumi uzunluq isə 100 kilometrə çatmır. Bununla belə, metropoliten kifayət qədər müasir və unikaldır, Paris analoqunu xatırladır. Hər stansiya ayrıca memarlıq layihəsidir və öz üslubu var. Relslər qatarların səsini azaldan xüsusi rezin halqalarla təchiz olunub. Qatarlar az intervalla hərəkət edirlər və tamamilə rahatdırlar.

Doqquzuncu yerdə Çin paytaxtının metropoliteni qərarlaşıb. Pekin metrosu 1969-cu ildə açılıb və paytaxtı şəhərətrafı qəsəbələrlə birləşdirir. 2008-ci il Olimpiya oyunları ərəfəsində yeraltı dəmiryolunun inkişafına 7,69 milyard dollar ayrılıb. Layihəyə əsasən, metronun uzunluğu 4 dəfə artırılıb (130 kilometrdən 540 kilometrə). Əcnəbiləri Çin metropoliteni öz ucuzluğu ilə təəccübləndirir - yolpulu təxminən 30 sentdir.

Onuncu yerdə Honkonq metrosudur. O, 1979-cu ildə yaranıb. Cəmi 100 kilometr olmasına baxmayaraq, hər gün 2,64 milyon adam daşıyır. Metropoliteni ingilislər layihələşdiriblər. Metronu daşımaların effektivliyi, havanın yaxşı kondisiyalaşdırılması sistemi və sərnişinlərin keçidini sadələşdirən xüsusi maqnit kartlarından istifadə fərqləndirir.

Sonuncu, 11 yeri isə Braziliyanın San-Paulo metropoliteni tutur. O, Braziliyada tikilən ilk yeraltı dəmiryoludur. Bütün xətlərin uzunluğu 350 kilometr, sərnişin axını isə sutkada 3,7 milyon nəfərdir. Braziliya nəqliyyat sistemi dünyada ən təmiz və təhlükəsizlərindən hesab olunur. Gediş haqqı da orta həddədir.

Metroda ən baha qiymət - 5.12 dollar

Metrodan danışıb, gediş haqqı mövzusunun üzərindən keçmək olmaz. Siyahını aşağıdan yuxarıya, ən ucuz metrodan ən bahalısına qədər sadalayaraq keçək.

Münhen, Almaniya - gediş haqqı 3.24 dollar

Münhen əhalinin sayına Almaniyanın üçüncü böyük şəhəridir. Burada nəqliyyat sisteminin yüksək inkişaf etməsi heç də təəccüblü hal deyil. Burada nəqliyyat sistemi şəhər ətrafı qatarlardan, şəhər ətrafı-şəhər qatarlardan (S-Bahn), yeraltı metrodan, metro və tramvaydan ibarətdir. 1972-ci ildə inşa edilmiş S-Bahn gündəlik 800 min sərnişinə xidmət edir. Bütün şəhər üzrə 10 stansiya var.

Frankfurt, Almaniya - gediş haqqı 3.24 dollar

Almaniyanın beşinci ən böyük şəhərində əhalinin sayı 700 min insan təşkil edir. Onun nəqliyyat sistemi S-Bahn, U-Bahn və 9 tramvay xətlərindən ibarətdir. Şəhərdə ən populyar nəqliyyat vasitəsi isə 140 km/saat sürətlə hərəkət edən tramvaylardır.

Helsinki, Finlandiya - gediş haqqı 3,28 dollar

Helsinkidə əhalinin sayı 610 min insandır. Buna görə də şəhər ən çox inkişaf etmiş nəqliyyat sisteminə sahibdir. Bu nəqliyyat sistemi isə tramvay, elektrik qatarı, metro, avtobus və bərələrdən ibarətdir. Helsinki Finlandiyanın yeganə şəhəridir ki, burada metro və tramvay 1982-ci ildən inşa edilib.

Sidney, Avstraliya - gediş haqqı 3.43 dollar

Sidney - bu siyahıya daxil olan yeganə qeyri Avropa ölkəsidir. Bu ölkənin ən böyük şəhəridir. Burada sərnişin axını 522 milyona bərabərdir. İnkişaf etmiş nəqliyyat sistemi avtobus, qatar və su nəqliyyatından ibarətdir. Lakin çox təəccüblüdür ki, bu şəhərin nəqliyyat sistemi dünyanın ən pis sistemlərindən biri hesab edilir.

Cenevrə, İsveçrə - gediş haqqı 3.67 dollar

Cenevrədə əhalinin sayı təqribən 200 mindir. Lakin bununla yanaşı, o, Qərbi Avropada özünün ən qəliz və inkişaf etmiş nəqliyyat sistemi ilə öyünə bilər. Nəqliyyat sistemi özündə tramvayları, trolleybusları və avtobusları birləşdirir.

London, İngiltərə - gediş haqqı 3.70 dollar

Londonun nəqliyyat sistemi Avropada ən çətin və çox yüklənmiş sistemlərindən biridir. London metrosu tək paytaxt sakinlərinə deyil, Bakinhempşir, Hartfordşir və Esseks qraflığına da xidmət edir. 2012-2013-cü illərdə burada 270 stansiya var idi.

Stokholm, İsveç - gediş haqqı 4.52 dollar

Stokholmda əhalinin sayı 800 min insandır və bu ölkənin bütün sakinlərinin 22%-ni təşkil edir. İnkişaf etmiş nəqliyyat sisteminə metro, şəhərətrafı relsli nəqliyyat, tramvay, avtobus və s.lər daxildir. Stokholm metrosu mütəmadi olaraq dünyanın ən möhtəşəm metroları siyahısına daxil edilir.

Zürih, İsveçrə - gediş haqqı 4.66 dollar

İsveçrənin ən böyük şəhərində əhalinin sayı təqribən iki milyona yaxındır. Şəhərin nəqliyyat sistemi S-Bahn, tramvay, avtobus və elektrik qatarlarından ibarətdir. Bundan əlavə burada çay nəqliyyatı və funiklyor da var. Əhalinin təqribən 70%-i dəmir yolu və avtobusdan istifadə edir.

Kopenhagen, Danimarka - gediş haqqı 4.88 dollar

Kopenhagenin nəqliyyat sistemi öz təşkilatçılığı baxımından bütün Avropanın diqqətini çəkir. Sistem dəmiryolu xətti, şəhərətrafı qatar, metro, avtobus və çay nəqliyyatından ibarətdir.

Oslo, Norveç - gediş haqqı 5.12 dollar

Oslo ən yüksək gediş haqqına sahibdir. 6 metro xətti, 6 tramvay xətti, 8 elektrik qatarı xətti şəhər əhalisinin həyatını bütünlüklə təmin etməyə kifayət edir.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.