Münaqişənin səbəbləri və onun mümkün gedişatı ilə öz fikirlərini "R+" ilə REA-nın Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmalar Mərkəzinin baş elmi əməkdaşı Sergey Serebrov bölüşüb.
- Suriya və İraqdan sonra Yəmən, artıq üçüncü ölkədir ki, orada İslam cərəyanlarının daxili konfessiya tərəfdarları arasında müharibə gedir. Şiələrə qarşı əməliyyatlarda digər ərəb ölkələrinin hərbçilərinin iştirak etdiyini nəzərə alaraq, Yəməndəki münaqişə nə ilə nəticələnə bilər?
- Yəməndəki vəziyyətin özəlliyi ondadır ki, "Ənsərullah" Zeyd hərəkatı "Müsəlman qardaşları" sələfi üsyançıları və "İslah" partiyası tərkibindəki Şeyx əl-Əhmər qəbiləsi güclü qruplaşma üzərində qələbə çalaraq, Yəməndəki aparıcı siyasi qüvvələrin sırasına autsayder vəziyyətindən daxil olub. Bu, tamamilə gözlənilməz, 2011-ci ildə Yəməndə başlayan və BMT Baş Assambleyası tərəfindən nəzarət olunan sülh prosesinin ortasındaca baş verib. Bu ssenari ABŞ və Səudiyyə Ərəbistanının planlarına açıq şəkildə daxil deyildi. Bir o qədər də gözlənilməz "Ənsərullah" və ölkədə aparıcı olan ÜMK (Ümummilli Konqres) partiyasının lideri qalan və üstəlik, Yəmən ordusunun elit hissələri üzərində böyük təsiri qoruyan keçmiş prezident Əli Abdallah Salehin bloku arasında qəribə alyansın (məqsədlər bir-birinə tam fərqli olduğuna görə) yaranması olub. Keçmiş düşmənləri daha güclü rəqibi - "İslah" partiyası ilə rəqabətliliyi birləşdirib. ƏYƏQ (Ərəbistan yarımadasında olan "əl-Qaidə") bu partiya ilə həmrəy olduğunu bildirib. Qeyd etmək lazımdır ki, 1990-cı illərdə daxilində hüsi cərəyanı formalaşan Zeydi icması IX əsrdən 1962-ci ilə qədər Yəmən dövlətçiliyinin mərkəzini təşkil edirdi. Öz dini doktrinasına görə, zeydlik İslamın şiə qolunun sünniliyə ən yaxın olan məktəbidir. Yəməndə ikili hakimiyyət vəziyyətini yaradan siyasi gərginliyin artmasını vacib hadisələr önləyirdi. Birincisi, 2015-ci ilin yanvarın 22-də yeni prezident Hadinin könüllü olaraq hakimiyyətdən getməsi barədə bəyanat verməsi - Nazirlər Kabineti rəhbərinin analoji bəyanatı verməsi ilə sinxron olaraq - ikincisi, yaranan boşluğu doldurmaq üçün yeni BMT himayəsi ilə müvəqqəti hakimiyyət orqanlarının yaradılması ilə bağlı danışıqların başlanılması. Paralel olaraq, hüsilər hakimiyyətsizlik və dialoqun keçirilməsi zamanı öz icra orqanlarını - Ali İnqilab Şurası və Ali Təhlükəsizlik Şurasını (son hökumətin müdafiə naziri başda olmaqla) yaradıblar. Üçüncüsü, fevralın 21-də prezident Hadinin gözlənilmədən hakimiyyətə qayıtması və onun Ədənə köçməsi. Bütün bu vaxt ərzində danışıqlar Sənada BMT-nin Yəməndəki xüsusi elçisi Camal Benomarın iştirakı ilə davam edirdi.
Lakin paralel olaraq, Səudiyyə Ərəbistanı Yəməndə zərbələr endirilməsi ilə bağlı hazırlığını tam gücü ilə davam etdirirdi və prezident Hadinin Ədəndən etdiyi çağırışa cavab verdi.
Bu addım, de-fakto olaraq, BMT BA-nın missiyası və müəllifliyi ər-Riyada məxsus olduğu uzunmüddətli sülh razılaşma planı üzərindən xətt çəkib. Lakin bu hərbi müdaxiləyə kim icazə verib? Prezident Obama tərəfindən hərbi əməliyyatlara bəyan olunan dəstək göstərir ki, ABŞ hökuməti xəbərdən agah idi və çox güman ki, buna yaşıl işıq yandırmışdılar, amma BMT yox.
- Livanda, Bəhreyndə, Küveytdə və hətta Səudiyyə Ərəbistanının özündə də böyük şiə icmaları mövcuddur. Orta Asiya ölkələrinin iştirakı ilə bütün Yaxın Şərq regionunu bürüyəcək sünnilərlə şiələr arasında böyük müharibə təhlükəsi varmı?
- Şiə-sünni xəttinin şişirdilməsi Yaxın Şərqin bir çox ölkələrini çoxdan humanitar və siyasi fəlakətə gətirib çıxarıb. Yəməndə uzun əsrlərboyu əhalinin 97%-ni təşkil edən ölkənin iki aparıcı ənənəvi icması - zeydilərlə şafiitlər arasında sülh müşahidə olunurdu. Düşünürəm, yəmənlilər ölkələrin konfessiyalararası münaqişələrinin dövriyyəsinə düşən hadisələrdən dərs alıblar. Həmin münaqişənin Yəməndə başlanmasının katalizatoru kimi "Əl-Qaidə"yə üstünlük verilməsi özünü doğrultmadı və bu ssenari boğula bilər.
Bununla belə, risk mövcuddur, amma münaqişə səbəbkarları ikitərəfli silahla oynayırlar.Yəmənə zərbələr endirilməsinə görə, İranın Səudiyyə Ərəbistanı ilə birbaşa münaqişəyə girməsi riski artır, bu isə təkcə müvafiq region və bütün İslam dünyası üçün deyil, həmçinin ümumiyyətlə, qitə üçün əsl fəlakət olardı.
- Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya yəmənli üsyançılara qarşı hava, hərbi-dəniz əməliyyatları aparır. Yəməndə hərbi kampaniyanın uğurla nəticələnəciyi halda, koalisiya sonradan Suriyada döyüşməyə davam edəcəkmi?
- Yəməndə tez bir zamanda uğur əldə ediləcəyi təqdirdə, ər-Riyad başda olmaqla bu koalisiya, təbii ki, İrana qarşı olaraq yeni reallıq kimi möhkəmlənməyə çalışacaq və onun Suriya prezidenti Əsədin devrilməsində iştirakı olduqca mümkündür. Lakin başlanan əməliyyatın "Ənsərullah" rəhbərliyinin fiziki məhv edilməsi cəhdi və Ərəb dünyasının bu ən yoxsul ölkəsinin hərbi infrastrukturunun məhv edilməsindən başqa, onun digər məqsədlərini görmək hələlik çətindir. Hazırda düşərgələrinə zərbələr endirildiyi xüsusi təyinatlı qüvvələrin əsas məqsədi ABŞ-ın 2002-ci ildə külli miqdarda vəsait yatırdığı ƏYƏQ ilə mübarizədir.
Əməliyyatın başlanması hüsilərə böyük bir zərbə endirildiyi üçün Yəməndə bir çoxlarını məmnun edə bilər. Lakin bununla bərabər, bir çox yəmənlilər, çox güman ki, fikir verərlər ki, zərbə ölkənin müdafiə qabiliyyətinə istiqamətlənib. O zaman yəmənlilər etiraza qalxa bilər və bu zaman beynəlxalq koalisiyanın asan qələbəsini istisna edən gözlənilməz ssenari mümkündür. Ər-Riyadın da vəziyyəti pisləşə bilər və o zaman proqnozu əks-tərəfə çəkmək lazım olacaq. Mühakimə etmək hələlik tezdir. Əsas odur ki, əməliyyat Yəməndə böhranın sülh yolu ilə həll olunmasının perspektivləri tam tükənmədiyi və onun həll olunmasının tamamlayıcı mərhələyə praktiki daxil olma yollarının göründüyü müddətdə başlayıb. Hərbi əməliyyat, həmçinin bütün neft regionu və dünya əhəmiyyətli nəqliyyat arteriyaları üçün həddindən artıq yüksək risk yaradıb.
- Səudiyyə Ərəbistanının "ərəb NATO-su"nun formallaşdırılması ilə bağlı kifayət qədər cəld reaksiyası və hərbi koalisiyanın dərhal hərbi əməliyyatların başlanmasını necə izah etmək olar? Elə təəssürat yaranır ki, səudiyyəlilər Yəmən hadisələrini əsas rəqibləri olan İrandan çağırış kimi qəbul ediblər?
- Ər-Riyad hüsilərin 2014-cü ilin sentyabrın 21-də paytaxt Sənaya daxil olandan və ÜMK-nin qərarlarının reallaşdırılmasının sürətləndirilməsini təklif edəndən dərhal sonra reaksiya verməyə başlayıb. O zaman bağlanan sülh və milli tərəfdaşlıq sazişi "Ənsərullah" və "Cənub sülh hərəkatı"nın ("Xirak") nizamlama prosesində rolunu kəskin şəkildə artırdı. Əvvəlki sazişlərdə onlar siyasi prosesin autsayderləri qismində çıxış edirdilər. Bu da Yəməndə özünün çoxdankı maraqlarına qarşı təhdid görən ər-Riyadın narahat olmasının əsas səbəbi idi. Öz maraqlarına qarşı təhdidi Vaşınqton da görüb.
Lakin ABŞ kifayət qədər çətin vəziyyətə düşüb, çünki "Ənsərullah"a qarşı açıq qarşıdurma onları "Ənsərullah"a qarşı cihad elan edən ƏYƏQ ilə cəbhənin bir xətti üzrə qoyardı. ABŞ-da ictimai rəy və Konqresdə Amerika siyasətinin bu cür dönüşünü izah etmək kifayət qədər çətin olardı. Zərbə endirmək təşəbbüsü Səudiyyə Ərəbistanına məxsus idi. Lakin onların məqsədini ər-Riyadda yaradılan Amerika-Səudiyyə birgə qərargahı müəyyən edir. Çox güman ki, prezident Obamanın bəyan etdiyi Vaşinqtonun logistik və kəşfiyyat dəstəyi bundan ibarətdir. Bu mənada, bir amil çox qəribədir ki, koalisiya zərbələri məhz antiterror infrastrukturuna endirilir, yəni amerikalıların özlərinin "Əl Qaidə"yə qarşı döyüşmək üçün hazırlıq keçirdikləri Yəmən xüsusi təyinatlıların bazalarına. Onlar "Ənsərullah" hərəkatı ilə deyil, daha çox ABŞ-ın, təqribən, 10 il ərzində antiterror kampaniyasında dayaq hesab etdiyi keçmiş prezident Saleh tərəfindən nəzarət olunur! ABŞ-ın Yəməndəki uzunmüddətli antiterror kampaniyasının bütün nəticələri üzərindən xətt çəkməklə, "Əl Qaidə"yə qarşı tələb olunan hərbi infrastruktur obyektlərini məhv etmək nə üçün lazımdır ki? Bu, artıq xoşagəlməz sualdır. Kampaniya sona çatandan sonra bu, Yəməndə ekstremistlərin əl-qolunu açmayacaqmı?
Avropa və Rusiyaya gəlincə, onlar da artıq koalisiya tərəfindən Yəməndə zərbələrin endirilməsinin dərhal dayandırılmasını tələb ediblər.
- Türkiyə prezidenti Ərdoğan Yəməndə vətəndaş müharibəsinin başlanmasında birbaşa İranı ittiham edib...
- Koalisiya üzvləri tez-tez baş tutan görüşlər və ticarət-iqtisadi sazişlərin imzalanması əsasında "Ənsərullah"ı İranın maraqlarının təşviqatçısı kimi təqdim edirlər. Lakin ər-Riyad artıq fevralda, hətta dövlət qulluqçularına maaşlarını ödəmək üçün vəsaitləri tükənən Yəmənə maliyyə yardımını göstərməkdən imtina edən deyildimi? İran hüsilərin yardımına deyil, daha çox Yəməndə dövlətçiliyin qorunması üçün imdadlarına çatmağa hazır idi. Bunu da çətin ki, Yəmənin İran marionetinə çevrilməsi kimi qələmə vermək olar.
Hüsi və İran liderlərinin baxışlarında müəyyən kəsişmə nöqtələri mövcuddur. Hüsilərin ideoloqları ABŞ-ın "Əl Qaidə"yə qarşı qlobal antiterror kampaniyasını ərəb və İslam maraqlarına geniş miqyaslı müdaxilə etmək üçün bəhanə kimi hesab edirlər. Onlar ər-Riyadın Vaşinqtonla strateji tərəfdaşlığının yaradılmasından sonra onun ərəb dünyasında rolunu mənfi dəyərləndirirlər. Ərəb dünyasının bir çox liderləri kimi, onlar da Vaşinqtonu İsrailə yardım etməkdə günahlandırırlar. Həqiqətən də, hüsilər İrana ABŞ-a qarşı baş əyməyən və İslam özünəməxsusluğunu qoruyaraq, öz mədəni-siyasi məkanında qalmağı bacaran ölkə kimi baxırlar. İranlıların da şiə olması faktı hüsilərin fəxr mənbəsi idi, bundan artıq yox.
İranla əlaqələrin olması o demək deyil ki, hüsiləri Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq maraqlandırmırdı. Mən hesab edirəm ki, "Ənsərullah" gələcək Yəmənin xarici siyasətinə təsir göstərməyə başlasaydı, bu təsir, ölkənin İİR ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrinin və onlar arasında fikir ayrılığının azalmasında moderator rolunun gücləndirilməsindən ibarət olardı. Effekt konfrontasiyalı deyil, sağlamlaşdırıcı olardı.
Türkiyə lideri Ərdoğan çox gözəl bilir ki, hüsilər İranın tərəfdarları deyillər. Lakin tarixi keçmişdə Yəmənə təsirə malik olan sünni ölkənin lideri kimi kənarda qala bilməzdi. Yəməndə hazırda SƏK-ə onun yarımadasının bu hissəsində "xüsusi status"a malik olmasına yeganə namizəd olmadığını göstərmək istəyən bir çox ölkələrin maraqları kəsişib.
- Yəməndə müharibə neft qiymətlərinə necə təsir göstərə bilər?
- Ədən körfəzindən dünya ticarətinin üçdəbir hissəsi və Avropaya nəql olunan neftin əksər hissəsi keçir. Yəməndə hərbi kampaniyanın başlanması - bu zonada təhlükəsizlik sisteminə və bununla da, Avropanın enerji təhlükəsizliyi maraqlarına zərbə deməkdir. Neftin dünya qiymətləri artıq artmağa başlayıb.
- Bəzi Qərb siyasətçiləri Suriya və Yəməndə baş verən hadisələri katoliklərlə protestantlar arasında 30 illik müharibə arasında paralellər aparırlar. Gələcəkdə hadisələr necə davam edəcək?
- Yəməndə daha bir ağrılı münaqişə var - keçmiş YXDR əhalinin 1990-cı ildə birləşdiyi Şimalla (keçmiş YƏR) tamamilə "boşanmasını" ilə bağlı qəti və çoxdankı arzusu. Cənublular bir çox tutarlı səbəblərə görə öz müstəqil dövlətlərini qaytarmaq istəyirlər. Bu tələb "Xirakın" 2009-cu ildən əsas şüar idi.
Qanunauyğun bir sual: başlanan xarici kampaniya Yəmənin ərazi bütövlüyünün qorunması perspektivinə necə təsir edəcək? Düşünürəm, birmənalı olaraq mənfi təsir göstərəcək. Lakin iş ölkənin şimal və cənub hissələrinə parçalanması ilə bitə bilməz. Yəməndə uzunmüddətli ümumi qeyri-sabitllik, xüsusilə Cənubun dövlət institutlarının zəifləməsinə gətirib çıxarıb. Ölkənin təkcə şimal və cənub hissələrə parçalanma təhlükəsi yaranıb.
Yarımadanın xəritəsinə bu, necə təsir edə bilər? Məsələn, SƏK çoxdandır, Cənubi Yəmənin ərazisinə görə ən böyük vilayəti olan Xadramauta maraq göstərirdi. Bundan əvvəl bu maraq SƏK-dən düz, Ərəb dənizinə qədər Hörmüz körfəzindən keçmədən, dəhlizin yaradılmasından ibarət idi. İndi isə Xadramautda Yəməndə çox vəd edən neft yataqlarının aşkar olunub işlədilməsindən sonra, bu, regional separatizmi artıra bilər.
Bununla da Yəmənin hissələrə və müxtəlif təsir zonalarına parçalanması təhlükəsini, təəssüf ki, nəzərdən keçirmək lazımdır. Lakin bu, əsas elementi koalisiyanın zərbələrə məruz qalan hərbi amili olan Yəmənin bütün dövlət sisteminin tamamilə deqradasiya olunduğu halda baş verə bilər.
Başqa ssenari də mövcuddur. Orada Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hərbi müdaxiləsi yəmənlilərin təcavüzünün qarşısını almaq üçün konsolidasiyasını yaradacaq. Nəzərə almaq lazımdır ki, Yəməndə Səudiyyə Ərəbistanı təkcə varlı qonşu və yüz minlərlə yəmənli miqrantları üçün qazanc ölkəsi kimi təsvir olunmur. Müasir yəmənlilərin yaddaşında bu qədim ərazinin sivilizasiyasına külli miqdarda zərbə yetirən basqınlara görə Səudiyyənin mənfi obrazını yaradan çoxlu sayda epizodlar var. Tarixi idrak amili yəmənlilərin hazırkı vəziyyətdə davranışına nəzərəçarpacaq təsir göstərə bilər.
Narazılıq ocaqları Səudiyyə Ərəbistanının daxilində şiələrin və etnik yəmənlilərin yaşadığı ərazilərdə də yarana bilər. Yada salım ki, hazırda Səudiyyə Ərəbistanının üç vilayəti əvvəllər Osmanlı İmperiyasının Yəmən vilayətinin tərkibində idi - Asir, Nacran və Cizan. Onlar Taif sazişinə əsasən, Səudi basqınından sonra Səudiyyə Ərəbistanına keçib.
Əgər münaqişə ocağı səudililərə keçsə, o zaman bütün ssenarini yenidən yazmaq lazım olacaq. Ona görə də Yəməndə hərbi müdaxilənin dayandırılması və Yəmənin bütün tərəflərinin sülh prosesinə qayıtması yaranan vəziyyətdən ən yaxşı çıxış yoldur.
Milli.Az