Dünya

Gürcüstan - gəzməli, görməli və dincəlməli məkan

13 Sentyabr 2013 18:41
2 Şərh     Baxış: 23 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın yaxın qonşusu və müttəfiqi olan və çoxumuzun yaxından tanımadığı Gürcüstan gözəl təbiətə, yamyaşıl meşələrə, masmavi dəniz sahillərinə malikdir.

Bu saydıqlarımız da Gürcüstanı turistlər üçün cəlbedici bir məkana çevirib. Xüsusilə, Gürcüstanın Qara dəniz sahillərində istirahət etmək insana qeyri-adi rahatlıq gətirir. Gürcüstanın dəniz sahilləri hələ SSRİ dövründə istirahət məkanı kimi ad çıxarmışdı. Bu baxımdan Batumi şəhəri ənənəvi kurort və istirahət mərkəzi hesab edilir.

Acarıstan Muxtar Respublikasının paytaxtı olan Batumini gürcülər və bura dincəlməyə gələn turistlər Qara dəniz sahillərində yerləşən "mirvari şəhər" adlandırırlar. Bu da əsassız deyil. Belə ki, Batumidə əsasən subtropik iqlim hökm sürür. Şəhərdə və ətrafında subtropik bitkilər yetişir. Parklar, çay plantasiyaları göz oxşayır. Sitrus bitkiləri şəhər həyatında önəmli yer tutur. Batumidə orta illik temperatur 14 °C-dir. Ən soyuq ay olan yanvarda orta temperatur göstəricisi 6 °C, ən isti aylar olan iyul və avqustda isə 22 °C-dir. Batumidə qeydə alınmış ən aşağı temperatur -7 °C, ən yüksək temperatur isə 40 °C-dir. Ona görə də subtropik iqlim qurşağında yerləşən Batumi ilin bütün fəsillərində əsrarəngiz gözəlliyi ilə diqqəti cəlb edir. Batumidə çox sayda istirahət məkanları var və şəhər ilin bütün fəsillərində turistlərin diqqətini cəlb edir. Onu da deyək ki, Batumidə təxminən 150-160 min adam yaşayır. Bu isə Acarıstan əhalisinin yarısı deməkdir. Batumiyə yay aylarında 500-600 min nəfər turist gəlir. Bu isə ölkə xəzinəsinə böyk həcmdə maliyyə axını deməkdir. Şəhər müasir və köhnə Batumi adı ilə ikiyə ayrılır. Köhnə Batumi xüsusilə gözəldir. Buradakı binaların əksəriyyəti XIX əsrə aiddir. Şəhərdə "Tamara" qalası və katolik kilsəsi var. Sovet dövrünə aid binalardan isə Dram Teatrını və "Tbilisi" kinoteatrını qeyd etmək olar.

Acarıstanın paytaxtı Batumini bizə doğmalaşdıran bir mühüm amil də var. Bu da Batumidə yaşayan acarların müsəlman olmalarıdır. Vaxtilə Batumidə 20-yə yaxın məscid olub. Lakin sovet dövründə onların çoxu dağıdılıb. Bununla belə, bu gün də Batumidə bir neçə məscid var və şəhərin müsəlman əhalisi bu məscidlərdə ibadət edirlər.

Hələ eramızdan əvvəlki minilliklərdə Batumi və indiki Acarıstan ərazisində türk skif tayfaları yaşamışlar. Dəniz sahillərində və bataqlıq ərazidə yerləşməsinə baxmayaraq, skif türkləri buranı özlərinə məskən edərək onu Batış ( Batıs, Batis) adlandırmışlar. Bu söz skif türklərindən yunanlara da keçmiş və buradakı yaşayış məntəqəsi Batis və ya Batum adı ilə tarixə düşmüşdür.

1564-cü ildə, Sultan Süleyman Qanuninin dövründə Osmanlı dövləti Batumini öz sərhədləri daxilinə almışdır. Qanuni Sultan Süleyman dövründə qanunlar o qədər yüksək səviyyədə işləyib ki, bunu görən yerli əhali (skiflərin və sonradan bu yerlərə köç edən gürcü tayfalarının qarışığı olan acarlar) elliklə müsəlmanlığı qəbul ediblər.

1877-1878-ci illərdə baş vermiş türk-rus müharibəsi sonunda imzalanmış San-Stefano və Berlin müqavilələri ilə şəhər Rusiyanın əlinə keçir.

Batumi 1918-ci ildə qurulan Gürcüstan Demokratik Respublikasının tərkibinə daxil oldu. 1921-ci ilin mart ayında türklər yenidən bu şəhəri ələ keçirdilər, lakin 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin şərtlərinə əsasən, əhalisi müsəlman acarlardan ibarət olan bölgəyə muxtariyyət verilməsi qarşılığında şəhər Gürcüstana qaytarıldı. Qars müqaviləsinə əsasən, Acarıstan Muxtar Respublikasının muxtariyyəti Türkiyə dövlətinin zəmanəti altındadır.

Gürcüstan müstəqilliyini əldə etdikdən sonra Batumi sürətlə inkişaf etməyə başladı. Burada qısa müddətdə ilk göydələnlər inşa olunub. və şəhərdə bir-birinin ardınca "Sheraton", "Radisson" kimi məşhur otellər istifadəyə verilib. Hazırda Batumidə "Hilton", "Hyatt", "Kempinski", "Mandarin oriental" və digər otellər də tikilməkdədir.

Çoxsaylı fontanlar və botanika parkları şəhərə xüsusi gözəllik verir. Bakıda olduğu kimi, burada da musiqili fontan var.

Şəhərin görməli yerləri arasında Orta məscid, Acarıstan dövlət muzeyi, Batumi botanika bağı, İsa Məsihin 12 həvarilərindən (apostollarından) biri olan Müqəddəs Matveyin abidə məzarının yerləşdiyi və Roma dövründən qalma Apsaros qalası, XX əsrdə tikilmiş, gürcü memarlığını əks etdirən köhnə poçt binası, Qara dəniz sahilindəki Batumi dövlət parkı, akvarium diqqəti cəlb edir.

Şəhərdə kifayət qədər ürək və delfin heykəllərinə rast gəlmək mümkündür. Yerli sakinlər və turistlər havaya atılaraq rəqs edən delfinlərə baxmaq üçün dan yeri söküləndə dəniz kənarına gəlirlər.

Çimərlik boyunca 8 kilometr məsafədə uzanan Dənizkənarı park şəhərin bəzəyidir. Burada çimərlik mövsümü may ayında başlayır və oktyabr ayınadək davam edir. Bakı bulvarından fərqli olaraq, burada çimmək də olur. Yeri gəlmişkən, onu da deyək ki, Batumidə dəniz sahili ilə uzanan yol ölkəmizin paytaxtının adı ilə "Baku street" adlanır. Yol boyunca SOCAR-ın yanacaqdoldurma məntəqələri bir-birini əvəz edir.

Dəniz sahili boyunca uzanan, ümumiyyətlə, bütün şəhərdə diqqəti cəlb edən velosiped yolları adamı heyran edir. Yəni istər Kobuleti olsun, istərsə də Batumi, hər iki şəhərdə velosiped sürən yaşlı və gənc insanlara rast gəlmək mümkündür. Dəniz sahili boyunca bir-birindən gözəl kafe və restoranlar gün ərzində şəhər sakinlərinin və qonaqların xidmətindədir.

Burada türklərin hətta öz məhəllələri, restoranları və məscidləri də var. Ümumiyyətlə Türkiyədən Gürcüstanın kurort rayonlarına axın güclüdür. Nəzərə alanda ki, bu gün Gürcüstan büdcəsinin əsas gəliri turizm və tranzitdən əldə olunur, o zaman turistlərə münasibətin nə dərəcədə yaxşı olduğunu deməyə ehtiyac qalmır.

Şəhərin gecələri daha cəlbedicidir. Burada həyat, demək olar ki, gecələr canlanır. Batumi gənclər şəhəridir. İnsanlar daha müasirdirlər. Bunu onların geyimlərindən və bir-birilərinə münasibətlərindən sezmək daha asandır. Şəhərdə çoxlu sayda kazino fəaliyyət göstərir.

Batumi həm də əhəmiyyətli liman şəhəridir. Batumi limanı neft məhsulları daşıyan 80 000 tonluq tankerləri qəbul etmək imkanına malikdir. Bu neft əsasən Azərbaycan, Qazaxıstan və Türkmənistandan gəlir. Əlavə olaraq, şəhər regional kənd təsərrüfatı məhsulları da ixrac edir. 1995-ci ildən yük dövriyyəsi artmış və 2001-ci ildə təxminən 8 milyon ton qeydə alınmışdır. Limanın illik gəliri 200-300 milyon dollar arasında qiymətləndirilir.

Gürcüstanın Qara dəniz sahilində yerləşən digər kurort şəhəri Kobuletidir. Şəhər Batumidən 21 km şimalda, Qara dənizin sahilində yerləşir. Sözügedən şəhər subtropik iqlim zonasına aiddir. Haradasa, 20 min əhalisi var. Dəniz sahili boyunca iki və üçmərtəbəli, səliqə ilə inşa olunmuş, sadə və gözəl evlər bir-birini əvəz edir. Burada qiymətlər orta statistik azərbaycanlı üçün çox münasibdir. Deməli, iki nəfər üçün nəzərdə tutulan otaqda qalmaq adambaşına 10 lariyə başa gəlir (1 lari - 0,40-45 AZN). Buraya da turistlər həvəslə dincəlməyə gəlirlər.

Onu da deyək ki, hər il Azərbaycandan Gürcüstana dincəlmək üçün on minlərlə insan gedir. Ötən il 500 min nəfər azərbaycanlı öz istirahətini Gürcüstanda keçirib. Azərbaycanlıları burada ən çox cəlb edən qiymətlərin ucuzluğu, yüksək mədəni xidmət və arzuedilən səviyyədə dincəlmək imkanıdır. Bir sözlə, Gürcüstan dincəlmək və yaxşı iştirahət etmək üçün çox gözəl ölkədir.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.