Dünya

ABŞ-də qızılca epidemiyası: Minlərlə insan yoluxdu, ölən var

4 Noyabr 2026 09:45
Baxış: 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-də qızılca yenidən geniş yayılaraq epidemiyaya çevrilib. 2000-ci ildə effektiv peyvəndləmə kampaniyaları nəticəsində xəstəliyin ölkədə aradan qaldırıldığı elan olunsa da, son illər yoluxma hallarının artması ciddi narahatlıq yaradıb.

Milli.Az AFP-yə istinadən xəbər verir ki, Nyu-York ştatının şimalında yerləşən Lyuis dairəsində qızılcaya yoluxmuş uşağın vəfat etməsi ştatda son 30 ildə bu xəstəlikdən ilk ölüm hadisəsi kimi qeydə alınıb.

Nyu-Yorkun qubernatoru Keti Hoxul faciəyə münasibət bildirərək baş verənləri Vaşinqtonun səhiyyə siyasəti ilə əlaqələndirib. O qeyd edib ki, bu hadisə amerikalıların qarşısı alına bilən xəstəliklərdən qorunması istiqamətində onilliklər ərzində əldə edilən nailiyyətlərin itirilməsinin ağır nəticəsidir.

Qubernator ötən ay ştatda və qonşu ərazilərdə yoluxma hallarının kəskin artması ilə əlaqədar fövqəladə vəziyyət elan etmişdi.

Hazırda ABŞ son 35 ilin ən ciddi qızılca epidemiyası ilə üz-üzədir. Məlumatlara əsasən, ölkənin 47 ştatında ümumilikdə 4 834 yoluxma faktı təsdiqlənib.

Mütəxəssislər xəstəliyin yenidən geniş yayılmasını peyvənd əleyhinə təbliğatın güclənməsi və səhiyyə qurumlarına etimadın azalması ilə əlaqələndirirlər.

Qızılca yüksək hərarət, tənəffüs problemləri və dəri səpgiləri ilə müşayiət olunur. Xəstəlik pnevmoniya kimi ağır fəsadlara səbəb ola və hər il dünyada minlərlə insanın ölümünə gətirib çıxara bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.