ABŞ-nin hərbi əməliyyatı nəticəsində həbs edilərək ABŞ-yə gətirilən Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorkda məhkəmə qarşısına çıxıb. Maduro məhkəmədə özünü müdafiə edərək: "Mən günahsızam, ölkəmin prezidentiyəm. Dürüst adamam" deyib.
Milli.Az xəbər verir ki, Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı ağır ittihamlar irəli sürülüb. Maduro bu ittihamların heç birini qəbul etməyib. O, aşağıdakı cinayətlərdə ittiham olunur:
- Narko-terrorizm planlaşdırmaq;
- Kokain idxalı sui-qəsdi;
- Pulemyot və dağıdıcı cihazlar (partlayıcılar) saxlamaq.
Məhkəmə zalında gərgin anlar yaşanıb. Federal hakim Alvin Hellersteinin rəhbərliyi ilə keçən iclasda Maduro Karakasdakı evindən ABŞ-yə "qaçırıldığını" bildirib. Məhkəmə zalından çıxarılarkən o: "Mən hərbi əsirəm!" deyə qışqırıb.
Maduronun həyat yoldaşı Siliya Flores də özünü "Venesuela Respublikasının birinci xanımı" kimi təqdim edərək, tamamilə masum olduğunu iddia edib.
ABŞ-nin Ədliyyə naziri Pamela Bondi bildirib ki, Maduro və həyat yoldaşı Amerika məhkəmələrində "Amerika ədalətinin bütün gücü ilə" mühakimə olunacaqlar. Hakim Hellerstein isə bu prosesin "ədalətli mühakimə" olacağını vəd edib.
Lalə Qüdrətova
Milli.Az





