Britaniya mətbuatı ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən bağlı qapılar arxası görüşün təfərrüatlarını yayıb.
Milli.Az xəbər verir ki, məlumata görə, Tramp görüş zamanı Zelenskidən Donbasın Rusiyaya verilməsini tələb edib. Zelenski bu təklifi rədd edəndə xəritələr yerə atılıb və gərgin anlar yaşanıb.
"The Financial Times"ın məlumatına görə, Tramp cümə günü keçirilən görüşdə Ukrayna liderinə Moskvanın müharibəni dayandırmaq üçün verdiyi şərtləri qəbul etməsini tələb edib, əks halda Rusiya tərəfindən təhlükə altında olacağını bildirib.
Görüş zamanı Trampın söyüş istifadə etdiyi, Zelenskidən Ukraynanın şərqindəki Donbas bölgəsini təhvil verməsini istədiyi, lakin sonradan mövcud nəzarət xətti üzrə münaqişənin sona çatdırılmasını dəstəkləməyə razı salındığı qeyd olunub.
Məlumatlı mənbələr bildirir ki, Tramp Putinlə telefon danışığından təsirlənərək Zelenskiyə "İstəsə, səni məhv edəcək" xəbərdarlığını edib.
Ağ Ev və ya Ukrayna prezidentliyindən mövzu ilə bağlı rəsmi şərh verilməyib.
Fidan
Milli.Az